Kürşad Zorlu: Bakının azad edilməsindən 102 il sonra Azərbaycan və Türkiyə arasında eyni mənəvi dəstəyin şahidiyik

Ankara, 16 sentyabr, AZƏRTAC

1918-ci il sentyabrın 15-də Bakının daşnak-bolşevik işğalından azad olunması Azərbaycan ilə Türkiyənin sarsılmaz tarixi və mədəni əlaqələrinin real nəticəsidir. Bu hadisədən 102 il sonra da biz eyni mənəvi birliyin şahidi oluruq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bozok Universitetinin dekanı, professor Kürşad Zorlu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın yeni səfirini qəbul edərkən Türkiyəyə göstərdiyi açıq dəstəyin qardaş ölkədə böyük rəğbətlə qarşılandığını bildirən professor deyib: “Azərbaycan ilə Türkiyənin geosiyasi və birgə əməkdaşlıq imkanları birliyimizi, inkişafımızı istəməyən qüvvələri ciddi narahat edir. Mahiyyət etibarilə Türkiyə üçün Şərqi Aralıq dənizində yaradılan süni problemlərlə Dağlıq Qarabağ münaqişəsi eyni məqsədlərə xidmət edir. Türkiyənin Azərbaycanın Qarabağ uğrunda haqlı mübarizəsini, ölkəmizin isə Türkiyənin Şərqi Aralıq dənizində maraq və mənafelərini müdafiə etməsi bir-birinə sıx bağlıdır. Ermənistanın həyata keçirmək istədiyi təxribatlar Azərbaycana qarşı yeni bir münaqişə ocağı yaratmaqdır. Buna nail olmaqla Türkiyənin dəstəyini azaltmaq, Şərqi Aralıq dənizində qarşıdurma yaratmaqla ölkəmizə göstərilən həmrəyliyi zəiflətmək istəyirlər. Lakin Azərbaycan və Türkiyə çevik siyasi qərarlar, diplomatik gedişlərə bu mənfur ssenariləri pozur.

Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu və azərbaycanlı qardaşlarımızın birlikdə Bakının işğaldan azad etməklərindən 102 il ötəndən sonra Azərbaycan və Türkiyə Ermənistanın Tovuz təxribatına qarşı yenidən birlikdə oldular. Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizindəki haqlı mübarizəsinə dəstək verir. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan və Türkiyə birliyi əbədiyyətə qədər davam edəcək”.

Azərbaycan və Türkiyənin liderliyi ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin Avrasiya məkanı üçün böyük mahiyyət daşıdığını diqqətə çatdıran professor Kürşad Zorlu əminliklə ifadə edib ki, xalqlarımızın mənəvi sifarişi olan qardaşlıq, birlik, inkişaf strategiyası qarşısıalınmaz proses kimi davam edəcək.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Yunanıstanın ön şərt olmadan bütün dialoq kanallarını canlandırmasını gözləyirik - Mövlud Çavuşoğlu

SONRAKI XƏBƏR

Həmkarlar ittifaqı ölkə başçısı ilə görüşmək istəyir