Tofiq Yaqubluya təcili qan köçürüləcək

Tofiq Yaqubluya təcili qan köçürüləcək

Aclıq aksiyasının 15-ci günündə olan Tofiq Yaqubluya təcili qan köçürüləcək.

Hazırda qan bankından qanın alınması prosesi gedir.

Cebhe.info xəbər verir ki, bu barədə məlumatı onun qızı Nigar Həzi verib.

O bildirib ki, bu gün Tofiq Yaqublu ilə danışıb:

"İndi ata ilə danışdım. Bu gün bizim qanuni zəng günümüz idi. Səsi çox zəif gəlirdi. Vəziyyəti çox pisdir. Dəhşətli dərəcədə halsızdır. Dedi ki, köməksiz ayağa dura bilmirəm, nə qədər çalışıram yumruğumu sıxa bilmirəm, gözüm cox pis görür, artıq eynək belə kömək etmir.

Bu gün qan analizi götürülüb, nəticəsi çox pis çıxıb. Təcili qan köçürülməsinin zəruriliyi yaranıb. İndi qan bankından qanın alınması prosesi gedir. Həkim qeyd etdi ki, həyatı üçün ciddi təhlükə var. Hər an komaya düşə bilər və biz Tofiq Yaqublunu itirə bilərik.

Hakimiyyət Tofiq Yaqublunu indi azadlığa buraxmasa, biz onu itirəcəyik. Zaman isə sürətlə Tofiq Yaqublunu ölümə aparır".

Tofiq Yaqublu qızı ilə danışığında bildirib ki, artıq heç taqəti qalmayıb:

"Sümüklərim çox sızıldayır. Hakimiyyət tez bir zamanda qərar verməlidir. Ya məni azadlığıma qovuşdurmalıdır, ya da mən sudan imtina edib ölümün tez gəlməsini gözləyəcəm".

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info