“Bu anlaşma ərəb dövlətlərinin məğlubiyyət rəmzi oldu” - Şərqşünas

“Bu anlaşma ərəb dövlətlərinin məğlubiyyət rəmzi oldu” - Şərqşünas

15 sentyabr da 15 may kimi fələstinlilər və ümumilikdə ərəblər üçün nəhs günü oldu. 1945-ci ilin 15 mayında 800 min fələstinlinin bölgələrindən qovulması onlara fiziki zərbə idisə, bugünkü zərbə xəyanət zərbəsi hesab edilir. Fələstinlilərin bir qismi 2020-ci il 15 sentyabr zərbəsini daha ağır görürlər. 15 sentyabr 21-ci əsrdə ərəb dövlətlərinin məğlubiyyət rəmzi hesab ediləcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri şərqşünas alim Samid Bağırov dünən ABŞ-da Prezident Donald Trampın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirliyi ilə Bəhreyn Krallığının İsraillə əlaqələri normallaşdırmaq üçün imzaladığı razılaşmanı şərh edərkən deyib.

Şərqşünas əlavə edib ki, İsrailə qonşu olan Misir və İordaniya “Kəmp Devid” və “Vadi-Ərəbə” sazişlərində İsraillə əlaqələri qursalar da nələrisə ala biliblər: “Amma İsraildən minlərlə km uzaqda yerləşən Birləşmiş Ərəb Əmirliyi və Bəhreynin sözügedən sazişdən əldə edəcəkləri və öz xalqlarına və fələstinlilərə göstərə biləcəkləri nə var? Bu iki dövlət əslində belə sazişə getməklə özlərini müsəlman dünyasında xar etdilər. Həm də ona görə ki, ABŞ-da seçkiqabağı Trampa imtiyaz verə bilsinlər və onu hətta Nobel sülh mükafatı ala biləcək şəxsə çevirsinlər. 15 sentyabr müsəlman tarixində ümumi şəkildə və xüsusi şəkildə ərəb dünyasında xəyanət günü kimi yadda qalacaq”.

Mənbə: teleqraf.com