Mayis Səfərli: "İlham Əliyevin müsahibəsindən də göründüyü kimi, Qarabağ problemi Qorbaçovun diktəsi ilə Kremlin kabinetlərində hazırlanıb"

Mayis Səfərli: "İlham Əliyevin müsahibəsindən də göründüyü kimi, Qarabağ problemi Qorbaçovun diktəsi ilə Kremlin kabinetlərində hazırlanıb"

"Azərbaycan iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir. İstər ümumdaxili məhsulun payında,isərsə də dövlət büdcəsinin formalaşmasında bu sahənin xüsusi çəkisi böyükdür. Məhz neft-qaz gəlirlərinin sayəsində ölkəmizin dayanıqlı inkşafı təmin olunmuş, nəhəng sosial, infrastruktur layihələri həyata keçirilmiş, vətəndaşlarımızın rifahı, dolanışığı xeyli dərəcədə yaxşılaşdırılmışdır".
Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, İqtisadiyyatımızın aparıcı sahəsi olan neft-qaz sektorunun inkşafı hər zaman olduğu kimi, hazırki ağır şəraitdə, pandemiya dövründə də, ölkə rəhbərliyinin diqqətindən bir an belə kənarda qalmır. Yadınızdadırsa, bir neçə həftə bundan əvvəl Xəzərdəki "Qarabağ" yatağının dayaq bloku Prezident İ.Əliyevin iştrakı ilə təntənəli şəkildə dənizə yola salındı. Qurğu artıq dərin sularda öz funksiyasını yerinə yetirir.
Budur, dünən sentyabrın 19-da Prezident digər bir yatağımızın- "Abşeron"-un dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etmişdir. Beş yüz metr dərinlikdə yerləşən "Abşeron" yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensant həcmində qiymətləndirilir. Əlbəttə ki, yatağın istismarı ölkəmizin gəlirlərinin artmasına, insanlarımızın həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcəkdir.
Yeri gəlmişkən, təməlqoyma mərasiminin Azərbaycan neftçilərinin peşə bayramı ərəfəsində baş tutması ictimaiyyətin diqqətini bir daha bu fədakar insanların ölkəmizin inkşafındakı möhtəşəm roluna yönəltdi. İlham Əliyev təməlqoymanı işıqlandıran yerli televiziyalara müsahibəsində neftçilərimizi təbrik edərək doğru olaraq vurğuladı ki, onların əməyi əsl qəhrəmanlıqdır. Ölkəmizin uğurlu inkşafında neftçilərimizin rolu çox böyükdür.
Azərbaycan neftçiləri uzun illər Sovetlər Birliyini "qara qızılla" təmin etmişlər. Bizim neftçilərimizin min əzabla hasil etdikləri neft İkinci Dünya Müharibəsində SSRİ-nin qələbəsini təmin edən əsas faktorlardan biridir. Sovetləri diz çökdürmək üçün Bakı neftinə doğru sürətlə yürüyən Hitler ordusunun da qarşısını azərbaycanlılardan ibarət olan 416-cı diviziya almışdır.
Bəs, SSRİ-nin, onun varisi Rusiyanın bizə sərgilədiyi münasibət buna adekvatdırmı? Xeyr! Bu fikirlər Prezidentin müsahibəsində də xüsusi vurğulanır: "Rostov vilayətini faşistlərdən təmizləyən məhz azərbaycanlılar olub, 416-cı Taqanroq diviziyası...Rostovu faşistlərdən təmizlədilər. Mozdokda faşistləri qoymadılar ki, Bakı tərəfə keçsinlər. Bunu biz etmişik, qəhrəman Azərbaycan xalqı. Azərbaycan zabiti Məcidov Brandenburq qapısının üstünə qələbə bayrağını sancmışdır. Amma tarixi kitablarda bu ,var? Yoxdur. Kimdən soruşsan, mütləq əksəriyyət bunu bilmir. Nə üçün? Çünki silinirdi. Azərbaycanlıların qəhrəmanlığı tarixdən silinirdi. O vaxt Moskvada oturanlar-mikoyanlar və ona oxşar antiazərbaycan ünsürlər hər vəchlə çalışırdılar ki, azərbaycanlıların qəhrəmanlığını gizlətsinlər."
Müsahibəsində dövlət başçısı Sovet İttifaqının son illərində də Azərbaycana qarşı böyük ədalətsizliyi, Azərbaycan xalqının cəlladı Qorbaçovun və onun dəstəsinin Azərbaycana qarşı siyasətini də kəskin tənqid etmişdir. İlham Əliyevin müsahibəsindən də göründüyü kimi, Qarabağ problemi Qorbaçovun diktəsi ilə Kremlin kabinetlərində hazırlanmışdır.Bu tarixi həqiqətləri unutmamalıyıq!

Mənbə: olaylar.az