“Ermənistanın bu addımları danışıqları mənasız edir” - Yusif Bağırzadə

“Azərbaycanın dövlət olaraq Ermənistan ərazisində heç bir hərbi hədəfi yoxdur və əgər belə bir hədəf olsa idi Azərbaycanın hərbi potensialı həmin hədəfin gerçəkləşməsi üçün bütün imkanlara malik idi. Bizim hərbi siyasət konsepsiyamızda başqa ölkənin ərazisinin hədəf olaraq seçilməsi nəzərdə tutulmayıb. Amma bu demək deyil ki, Azərbaycan daimi olaraq bu mövqedə qalacaq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Yusif Bağırzadə prezidentin sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakındakı çıxışını şərh edərkən deyib.

“Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində cənab prezident bir neçə məsələyə toxundu ki, bunların da hər birinin üzərində xüsusi olaraq dayanmağa ehtiyac var. Prezidentin üzərində dayandığı əsas məsələ dağlıq Qarabağ münaqişəsi və danışıqların hazırki vəziyyəti ilə bağlı idi ki, burada da cənab prezident tərəfindən bütün prosses tam çılpaqlığı ilə ortaya qoyuldu. Cənab prezident danışıqların faktiki olaraq dayandığını və bundan sonra imitasiya xatirinə danışıqlarda iştirak etməyəcəyini qəti şəkildə ortaya qoydu. Bu o demək deyil ki, Azərbaycan danışıqlardan imtina edir, amma bu o anlama gəlir ki, prezidentin də qeyd etdiyi kimi, görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Başqa sözlə faktiki olaraq Ermənistan danışıqlar prosesini pozub və onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. “Qarabağ Ermənistandır” deməklə nəinki o yalanı bütün dünyaya yaydı eyni zamanda, danışıqlar prosesinin də mənasız olduğunu faktiki olaraq ortaya qoymuş oldu. Cənab prezidentin də vurğuladığı kimi bu gün faktiki olaraq danışıqlar getmir və danışıqların dayandırılmasının pandemiya ilə heç bir əlaqəsi yoxdur. Danşıqların dayandırılmasının tək səbəbi Ermənistan rəhbərliyinin problemin sülh yolu ilə həllində maraqlı olmaması və məlum bəyanatları ilə bağlıdır".

Y.Bağırzadənin sözlərinə görə, prezident çıxışında həmçinin Paşinyan tərəfindən irəli sürülən şərtlərə də toxunaraq “sən kimsən ki, bizimlə şərt dilində danışırsan” bəyanatı ilə çıxış etdi ki, bu da həmin şərtlərə ən tutarlı cavab idi: "Azərbaycanın dövlət olaraq Ermənistan ərazisində heç bir hərbi hədəfi yoxdur və əgər belə bir hədəf olsa idi Azərbaycanın hərbi potensialı həmin hədəfin gerçəkləşməsi üçün bütün imkanlara malik idi. Bizim hərbi siyasət konsepsiyamızda başqa ölkənin ərazisinin hədəf olaraq seçilməsi nəzərdə tutulmayıb. Amma bu demək deyil ki, Azərbaycan daimi olaraq bu mövqedə qalacaq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik, biz də yerə vuracağıq və bunun nəticəsində də uduzan və itirən Ermənistan olacaq. Prezident çıxışında həmçinin son bir neçə ayda Rusiya tərəfindən Ermənistanın silahlandırılması istiqamətindəki fəaliyyətə də toxundu və haqlı olaraq bildirdi ki, bu məsələ təkcə ölkə rəhbərliyində deyil Azərbaycan cəmiyyətində də haqlı narazılıq doğurur. Doğurdan da bu məsələ hər bir insanımızı olduqca narahat edən məsələdir. Çünki Ermənistan Azərbaycana qarşı hərbi təcavüz edib. Ermənistan terrorizmə sponsorluq edən ölkədir. Silahların göndərilməsinin intensiv xarakter alması əlbəttə ki, bizi ciddi narahat etməlidir çünki bu silahlar bizə qarşı istifadə olunur. Odur ki, bu məsələnin də daimi olaraq müvafiq qurumlar tərəfindən diqqətdə saxlanılması olduqca vacibdir. Digər xüsusi əhəmiyyətli məsələ isə “Abşeron” layihəsi üzərində iş zamanı “BOS Şelf” şirkətinin Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti, quraşdırma işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi üsulunu tətbiq etməsi ilə bağlı idi. Yataqdan qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə nadirdir. Belə ki, platformanı kənardan, yəni, “Neft Daşları”nda yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanıb. “Abşeron” layihəsində Xəzərdə ilk dəfə “boru içində boru” texnologiyası tətbiq olunacaq".

Y.Bağırzadə qeyd edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək: "Cənab prezidentin də dediyi kimi bu, doğrudan da çox əhəmiyyətli hadisədir. Çünki bu gün faktiki olaraq “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır və bununla da Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır. Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır".

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Bağdadın hava limanının yerləşdiyi rayon raket hücumuna məruz qaldı

SONRAKI XƏBƏR

Bölgə sakinlərinə şad xəbər: marşrutlar vahid kart sisteminə keçəcək - VİDEO