"Ermənistan Orta Şərqi də bu münaqişəyə cəlb etmək istəyir" - Asim Mollazadə

"Ermənistan Orta Şərqi də bu münaqişəyə cəlb etmək istəyir" - Asim Mollazadə

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir. Bunu bir çox insanlar müharibəyə hazırlıq kimi qiymətləndirib.

Bununla bağlı KONKRET.az-a açıqlamasında deputat Asim Mollazadə deyib ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması məsələsinə görə təşvişə düşməyə dəyməz, çünki bu, növbəti ehtiyatda olan hərbçilərimiz üçün keçirilən təlimdir:

“Azərbaycan ordusu Ermənistanın hər cür təxribatının qarşısını almağa hazırdır. Ordumuz müasir texnika ilə təchiz edilib. Azərbaycan zabit və əsgərləri bütün təxribatlara layiqli cavab vermək üçün kifayət qədər hazırlıqlıdır”.

Milli Məclisin üzvü qeyd edib ki, Ermənistan müharibəni yenidən canlandırmağa çalışır:

“Hazırda onlarda daxili vəziyyət ağırdır. Dövlət xalqa cavab verməyə söz tapmır. Ona görə silahlı qarşıdurmaya və təxribatlara əl atır. Digər səbəb isə Ermənistanın arxasında duran qüvvələr Azərbaycanın güclənməyindən çox narahatdır. Ona görə də Ermənistandan maşa kimi istifadə edərək vəziyyəti gərginləşdirməyə çalışırlar. Həm də Ermənistan müstəqil dövlət deyil, kimlərinsə əlində stabilliyi pozmaq və gərginliyi artırmaq üçün istifadə edilir. Ermənistan Orta Şərqi də bu münaqişəyə cəlb etmək istəyir. Ona görə də həmin bölgədə döyüşlərdə iştirak edən terror qruplaşmalarını yerləşdirməklə öz zəif silahlı qüvvələrini gücləndirmək niyyətindədir. Bir məsələ daha önəmlidir. Bunu cənab Prezident də son müsahibəsində vurğuladı. Azərbaycan xalqının ən böyük dəyəri onun müstəqilliyidir. Bunu qorumaq üçün hər şeyə qadirdir, düşməni yerində oturtmağa da yetərincə gücü var”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Mənbə: konkret.az