Tiflis heç vaxt ermənilərlə separat danışığa getməyib – Qrup rəhbəri

Tiflis heç vaxt ermənilərlə separat danışığa getməyib – Qrup rəhbəri

Azərbaycan və Gürcüstan hər zaman etibarlı dost və tərəfdaş olub. Bunu Prezident İlham Əliyev dəfələrlə qeyd edib. Dövlət başçısı sentyabrın 19-da yerli telekanallara müsahibəsi zamanı bunu bir daha dilə gətirdi.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev bildirib.

O qeyd edib ki, Gürcüstan Azərbaycanla bütün meqalayihələrdə tərəfdaş kimi çıxış edir:

“Gürcüstan strateji tərəfdaşımız olaraq heç vaxt ermənilərlə hər hansı separat danışığa getməyib. Daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Gürcüstanın da ərazi bütövlüyü ilə bağlı problemləri mövcuddur. Müxtəlif beynəlxalq tribunalarda biz də daim onların ərazi bütövlüyünü dəstəkləmişik”.

Gürcüstanda çoxlu sayda azərbaycanlının yaşadığını vurğulayan Arzu Nağıyev qeyd edib ki, münasibətlərdə kiçik problemlər olsa da, böyük, qlobal şəkildə hər hansı problemimiz yoxdur:

“Bunu cənab prezident də müsahibə zamanı qeyd etdi. Ümid edirəm ki, Gürcüstan-Azərbaycan münasibətləri daha da möhkəmlənəcək”.

İki ölkənin iqtisadi sahədə əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayan Arzu Nağıyev Gürcüstanın Xəzər neftinin dünyaya daşınmasında açar ölkə olduğunu qeyd edib:

“Gürcüstan ilk gündən bu layihədə birmənalı şəkildə iştirak edir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, TANAP layihəsinin Gürcüstanın ərazisindən keçməsi bunun bariz göstəricisidir.

Eyni zamanda tarixi Böyük İpək Yolu vasitəsilə Çindən daşınan yüklərin Azərbaycan ərazisindən keçməklə Poti limanı vasitəsilə Qara dəniz üzərindən Avropa daşınmasında iki ölkənin tərəfdaşlığı var. Yəni bizim əməkdaşlığımızın sferası olduqca genişdir. İqtisadi əməkdaşlıq siyasi əlaqələri tamamlayır və bu əlaqələr vəhdət təşkil edir”.

Mənbə: teleqraf.com