“O icra başçıları Ramiz Mehdiyevin kadrlarıdır...” - Hafiz Hacıyev

“O icra başçıları Ramiz Mehdiyevin kadrlarıdır...” - Hafiz Hacıyev

“Mehdiyevin vəzifələrə yerləşdirdiyi kadrların işi əhalini dövlətdən və prezidentdən narazı salmaqdır”.
Redaksiyamıza yerli məmurların şəhid və qazi ailələrinə qarşı yolverilməz davranışı haqda daha bir məlumat daxil olub. Qeyd edilir ki, Ağcabədi rayonunda İcra Hakimiyyətindən torpaq sahəsi almaq istəyən şəhid ailəsi rayonun icra başçısı Rafil Hüseynovun qəzəbinə tuş gəlib.
Məlumata görə, Ağcabədinin icra başçısı şəhid ailəsinin torpaq sahəsi ilə bağlı xahişini rədd etməklə kifayətlənməyib. Rafil Hüseynov həmin ailəyə qarşı sözün tam mənasında repressiyaya başlayıb.
Bildirilir ki, Rafil Hüseynov müvafiq dövlət qurumlarına aşağıdakı məzmunda məktub yazaraq, onların şəhid ailəsi statusunun ləğv olunmasını istəyib və bu “arqument”ini şəhidin ailə üzvünün siyasi baxışları ilə “əsaslandırıb”:
“Məlumat üçün bildiririk ki, Əli Talıbov keçən əsrin 90-cı illərində Azərbaycan Xalq Cəbhəsinin Ağcabədi rayon şöbəsinin fəal üzvlərindən olmuş, əhali arasında təxribatçı çıxışları ilə fərqlənmiş və dövlətçilik prinsiplərinə zidd olaraq rayon sakinlərini daimi olaraq dövlətə qarşı itaətsizliyə səsləmişdir…”
Yenicag.az-a açıqlamasında Ağcabədinin icra başçısı Rafil Hüseynovun şəhid ailəsinə qarşı bu mənəvi terroruna münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev onun kimi məmurların Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kadrları olduqlarını və dövlətə qarşı təxribatçı fəaliyyətlə seçildiklərini deyib:
“Bu barədə dəfələrlə fikir bildirmişik. Bir daha deyirəm ki, Azərbaycanda rayon icra başçılarının əksəriyyəti Ramiz Mehdiyevin kadrlarıdır və indi də onun göstərişləri ilə hərəkət edirlər. Ağcabədinin icra başçısı da onların sırasındadır. Bu məmurların işi əhalini dövlətdən və prezidentdən narazı salmaqdır.
Görün, bunlar nə qədər harınlayıblar, ayaqlarının altını görməz olublar ki, şəhid ailəsinə qarşı mənəvi terrora əl atırlar. Şəhidin və onun ailə üzvlərinin siyasi mövqeyi müzakirə mövzusu ola bilməz. O, şəhid olub, bu dövlətin, millətin uğrunda canından keçib. Ona görə də, Ağcabədinin icra başçısı bu hərəkətinə görə mütləq cavab verməlidir.
Həm də tək Ağcabədi deyil, Suraxanıda da şəhid ailələrinə məxsus hasarları uçurmağa başlayıblar. Bunların hamısının cəzası verilməlidir.
Açıq deyirəm, Ramiz Mehdiyev həbs olunmasa, onun yerləşdirdiyi kadrların təxribatları ara verməyəcək, əhalinin də narazılığı artacaq. Buna son qoyulmalıdır”.

Mənbə: www.dia.az