12 iyulda Ermənistanın Tovuz təxribatının bir səbəbi də dəqiqləşdi – Günnüt məğlubiyyətinin qisası, lakin uğursuz...

12 iyulda Ermənistanın Tovuz təxribatının bir səbəbi də dəqiqləşdi – Günnüt məğlubiyyətinin qisası, lakin uğursuz...

Ramil Məmmədli: “Günnüt əməliyyatı Paşinyan hakimiyyəti üçün ciddi hərbi-siyasi uğursuzluq idi”

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin bir nömrəli problemi - Dağlıq Qarabağ münaqişəsinə dair həm xalqa, həm də beynəlxalq ictimaiyyətə, eyni zamanda, təbii ki, düşmən ölkəyə ünvanlanmış dəqiq və aydın mesajlar verdi.

Bununla yanaşı, ölkə başçısı bildirib ki, Ermənistanın iyul ayında dövlət sərhədində hərbi təxribat törətməsinin səbəbi Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatından sonra Paşinyan hakimiyyətinin revanş götürmək cəhdi idi, amma onların cəhdi uğursuz oldu: “Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirildi. Günnüt əməliyyatı onların növbəti məğlubiyyəti idi. Biz o əməliyyatı keçirdik. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu çox böyük məharətlə, peşəkarlıqla, heç bir itki vermədən önəmli strateji yüksəklikləri aldı, mövqelərimizi möhkəmləndirdik. Ermənilər ayılıb gördülər ki, biz artıq oradayıq. Cürət etmədilər, qorxdular ki, bizi oradan çıxarmağa cəhd etsinlər. Bu da alınmadı”.

Prezident qeyd edib ki, indi də onlar iyul məğlubiyyətini qələbə kimi qələmə vermək istəyirlər: “Amma sual olunur, əgər bu, qələbədirsə, haradadır bu qələbə? Nədir onda bu qələbə?”.

Təsadüfi deyil ki, heç bir hərbi nailiyyət əldə edilmədiyi, əksinə, erməni ordusunun sarsıdıcı cavab zərbələri alıb geri oturdulduğu halda Paşinyan özü və adamları iyul döyüşlərini “qələbə” kimi təbliğ edirlər.

“İyul döyüşlərində qarşı tərəf ciddu uğursuzluğa düçar oldu və bir metr belə ərazimizi işğal edə bilmədi”

Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, uğurlu Günnüt əməliyyatı Paşinyan hakimiyyətinə güclü zərbə oldu: “Ümumiyyətlə, 2014-cü ildən başlayaraq Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində bizim xeyrimizə hərbi vəziyyət dəyişməyə başladı. Diplomatik gedişlər də Azərbaycanın xeyrinə kəskin formada dəyişməyə başladı. Bunun əsas mərhələsi 2015-ci ildə oldu. Həmin ilin mart və avqust aylarında ordumuz Ermənistanın hərbi birləşmələrini darmadağın etdi. 2016-cı ilin Aprel döyüşlərində isə Azərbaycan vacib strateji mövqeləri ələ keçirdi. Onun ardınca Ermənistanda siyasi vəziyyət pisləşməyə başladı. Nəticədə 2018-ci ilin aprelində Serj Sarkisyan hakimiyyətini itirdi. Nəinki Sarkisyan, ümumiyyətlə, 20 il ölkəyə rəhbərlik edən “Qarabağ klanı” hakimiyyətdən getdi. May ayında Nikol Paşinyan böyük vədlər verərək Baş nazir oldu. Elə may ayının üçüncü ongünlüyündə Azərbaycan Ordusu uğurlu Günnüt əməliyyatı keçirdi. Bu, Paşinyan hakimiyyəti üçün ciddi hərbi-siyasi uğursuzluq idi. Paşinyanın rəqibləri də məhz bu faktı əsas götürərək bunu daim onun əleyhinə istifadə edirlər. Ermənistan bu ilin iyul ayında Tovuz rayonu istiqamətində hücum edərək Günnüt zəfərinin qisasını almaq istədi. Ancaq qarşı tərəf ciddu uğursuzluğa düçar oldu və bir metr belə ərazimizi işğal edə bilmədi. Paşinyan davamlı olaraq Qarabağa qanunsuz səfərlər edərək bununla müharibə ritorikasını bəyan etməyə çalışır. Özünü Ermənistanın növbəti hərbi “uğurlarının” əsasını qoyan kimi göstərmək istəyir. Ancaq son proseslər də bir daha onu göstərir ki, artıq Ermənistan mövcud vəziyyəti dəyişə bilməyəcək. Azərbaycan, nəyin bahasına olursa-olsun, öz torpaqlarını geri qaytaracaq. Artıq bu proses həmin istiqamətə yönəlib”.

Hərbi ekspertin fikrincə, Paşinyan hakimiyyəti hansısa təxribatlara getməklə vəziyyəti öz xeyrinə dəyişə bilməyəcək.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com