Erməni PUA-sının vurulma görüntülərini rəsmi dəqiqləşdirmə olmadan yayan media orqanları, əslində, Azərbaycana pislik etdilər…

Erməni PUA-sının vurulma görüntülərini rəsmi dəqiqləşdirmə olmadan yayan media orqanları, əslində, Azərbaycana pislik etdilər…

Azər Həsrət: “Sosial şəbəkədə və xəbər saytlarında aidiyyəti qurumlarla razılaşdırılmamış məlumatların yayılması düzgün deyil”

Məlum olduğu kimi, sentyabrın 20-də axşam saatlarından etibarən cəbhə bölgəsində gərginlik başlayıb. Sentyabrın 19-da saat 23 radələrində ermənilərin hərbi pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib. Sentyabrın 21-i səhər saatlarında Tovuzun Əlibəyli kəndi istiqamətində Azərbaycan Ordusunun kiçik çavuşu Məmmədov Elşən Əli oğlu şəhid olub.

Artıq dünəndən etibarən ölkə üzrə səfərbərlik elan edilib və demək olar ki, Azərbaycan müharibə ərəfəsindədir. Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də hərbi vəzifəlilərin orduya çağırılması ilə bağlı məlumat yayıb.

Düşmənlə təmas xəttində döyüş başlayan kimi bəzi elektron xəbər portallarında həqiqətə uyğun olmayan və ya yayılması düzgün hesab edilməyən məlumatlar yayılır. Dəfələrlə media ekspertləri və aidiyyəti qurumların bu məsələyə sərt reaksiya verməsinə baxmayaraq, yenə də bəzi saytlar öz amplualarındadır.

Belə ki, bəzi saytlar ermənilərə məxsus PUA-nın vurulması ilə bağlı videogörüntü yayıb. Bu görüntü ilə bağlı Mətbuat Şurası bəyanat yayıb. Bəyanatda qeyd olunur: “Kütləvi informasiya vasitələrimiz Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki durumla bağlı məsələlərə böyük diqqət yetirirlər. Ümumən jurnalistlərimiz Dağlıq Qarabağ münaqişəsinə, onunla əlaqədar istənilən prosesə, yeniliyə, atəşkəsin pozulması hallarına və digər məqamlara maraq göstərirlər. Bu, onların təbiətindən irəli gələn xüsusiyyətdir. Media cəmiyyətin güzgüsüdür, cəmiyyət isə Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalına münasibətdə barışmazdır. Mövzunun həssaslığını şərtləndirən də budur.Ancaq təəssüflə bildirməliyik ki, bəzi media orqanlarının cəmiyyətin həssas yanaşdığı taleyüklü məsələyə münasibəti heç də həmişə adekvat olmur. Qeyri-peşəkarlıq hallarını müşahidə edirik. Sosial şəbəkələrdə yayılmış və Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatının Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən vurulduğunu əks etdirdiyi bildirilən videogörüntülərin ayrı-ayrı informasiya saytlarında yer alması da bu baxımdan xüsusi diqqət yetirilməli məsələdir”.

“…dövlət saxta informasiyaları yayanları məsuliyyətə cəlb edib, onları qanun çərçivəsində cəzalandırmalıdır”

Məsələ ilə bağlı fikir bildirən media ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sosial şəbəkədə və xəbər saytlarında aidiyyəti qurumlarla razılaşdırılmamış məlumatların yayılması düzgün deyil: “Orduda baş verənlərlə bağlı yalnız rəsmi qurumların yaydığı xəbərlər yayıla bilər. Jurnalist və ya sosial şəbəkə istifadəçisi qonşusu və ya qohumundan döyüşlə bağlı eşitdiyi hər hansı xəbəri ictimailəşdirə bilməz”.

Həmsöhbətimiz bildirdi ki, media bu problemdən uzun illərdir əziyyət çəkir. Problemdən çıxış yolu üçün dövlət saxta informasiyaları yayanları məsuliyyətə cəlb edib, onları qanun çərçivəsində cəzalandırmalıdır.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com