Paşinyanın fərqli Qarabağ siyasətinə ümidləri qırılan beynəlxalq dairələrin səsi çıxmır – Prezident Əliyev sərrast müzakirə mövzusu açdı...

Paşinyanın fərqli Qarabağ siyasətinə ümidləri qırılan beynəlxalq dairələrin səsi çıxmır  – Prezident Əliyev sərrast müzakirə mövzusu açdı...

Seyid Camal Əzimbəyli: “Bu, sırf beynəlxalq təşkilatların Ermənistana himayədarlıq etmələri ilə bağlıdır”

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində qeyd etdi ki, Paşinyan hakimiyyətə gələndə beynəlxalq vasitəçilər danışıqlar prosesinə ümidlə yanaşırdılar.

Gözləyirdilər ki, Ermənistan Qarabağ siyasətində dəyişiklik edəcək, ancaq bu olmadı: “İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Yeni hakimiyyət hakimiyyətə gələndən sonra çox ümidverici bəyanatlar verməyə başlamışdır ki, bu məsələni həll etmək istəyirlər, əvvəlki hakimiyyəti tənqid edirdi, bizə qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi. Müəyyən müddət ərzində Minsk Qrupunun həmsədrləri də ümidlərlə yaşayırdılar və gəlib gedəndə, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr irəli sürürdülər. Ancaq keçən il Ermənistan Baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. “Qarabağ Ermənistandır” deməklə nəinki o yalanı bütün dünyaya yaydı və bu da davam edir, eyni zamanda, danışıqlar prosesini mənasız edir”.

Həqiqətən də beynəlxalq ictimaiyyətin o zaman Paşinyandan müəyyən gözləntiləri var idi. Paşinyan Baş nazir olandan sonra Almaniya Kansleri Cənubi Qafqaz ölkələrinə səfər etdi. O, İrəvanda səfərdə olarkən bununla bağlı nikbin fikirlər səsləndirdi. Dedi ki, ümid edirik yeni qüvvənin İrəvanda hakimiyyətə gəlişi Qarabağ məsələsində dönüş yaradar. Avroittifaq rəsmiləri də eynən bunu dedilər. Fransa Prezidenti Emmanuel Makron da bənzər ümidlərini dilə gətirdi. İndi hamı susur. Tək Azərbaycan Prezidenti onlara deyir ki, gördünüz, sizin ümidlərinizin üstündın qələm çəkən Paşinyandır.

Maraqlıdır, beynəlxalq təşkilatlar və vasitəçilər Paşinyana olan ümidlərində yanıldıqlarını niyə dilə gətirmirlər?

“Paşinyanla bağlı yanıldıqlarını desələr, mövcud hakimiyyət Qərbin etimadını itirmiş olacaq”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bu, sırf beynəlxalq təşkilatların Ermənistana himayədarlıq etmələri ilə bağlıdır: “Bunun bir neçə səbəbi var. Başlıca səbəbi onunla bağlıdır ki, beynəlxalq təşkilatlar, aparıcı Qərb ölkələri hər zaman Ermənistanın təcavüzkar siyasətinə göz yumublar. İkili standartlardan çıxış edərək bunu görməzdən gəliblər. Bu o zaman da belə idi, indi də belədir. Məsələ ondan ibarətdir ki, həmin dövlətlər Ermənistanın mənafeyinə toxunacaq addım atmaq istəmirlər. Tutaq ki, Merkellə Makron Ermənistanın yeni hakimiyyətindən gözləntilərinin özünü doğrultmadığını desələr, bu, Paşinyan hakimiyyətinə güclü zərbə olacaq. Necə deyərlər, Paşinyanla bağlı yanıldıqlarını desələr, mövcud hakimiyyət Qərbin etimadını itirmiş olacaq. Məsələnin digər başlıca tərəfi odur ki, belə bir yanaşma ortaya qoyulsa, o zaman Ermənistanda birbaşa Rusiyanın təsiri altında olan “Qarabağ klanı” yenidən hakimiyyətə gələr. Bu isə Qərbin maraqlarına cavab vermir. Bax, bu səbəblərdən Qərb ölkələri rəsmiləri Paşinyanla bağlı yanıldıqlarını etiraf etməkdən yayınırlar”.

Ekspertin fikrincə, nə qədər ki, aparıcı dövlətlər Ermənistanın təcavüzkar siyasətinə göz yumurlar, düşmən işğalçılıq əməllərindən əl çəkməyəcək.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com