İnformasiya müharibəsi: Uduruq, yoxsa uduzuruq? - EKSPERT

İnformasiya müharibəsi: Uduruq, yoxsa uduzuruq? - EKSPERT

Ötən gün gecə saatlarından başlayaraq düşmən cəbhə bölgəsində yeni təxribatlara əl ataraq vəziyyəti gərginləşdirib.

Qeyd etdiyimiz kimi, müharibə yalnız düşmənlə təmas xəttində deyil, informasiya sahəsində də aparılır. Düşmənlərimiz müxtəlif forma və üsullardan istifadə edərək informasiya məkanımıza dezinformasiyalar daxil etməklə yanaşı, ölkəmizdə, vətəndaşlarımız arasındakı ab-havanı da öyrənməyə çalışır, müəyyən manipulyativ xarakterli xəbərlər ötürməklə ictimai rəyi yoxlamağa, bir növ test etməyə səy göstərir, bilgi almaq istəyirlər. Bu baxımdan edilən hər paylaşıma diqqət etməliyik.

Dəfələrlə qeyd etdiyimiz kimi, informasiya müharibəsi dedikdə yalnız saytların dağıdılması və kiber hücumları deyil, həm də təhlükəsizliyimizin xüsusi komponentini təşkil edən informasiya məkanımıza müxtəlif yollarla müdaxiləni də nəzərdə tutulur.

Maraqlıdır, saxta xəbərlərdən necə qorunmaq lazımdır? Dezinformasiyalara qarşı necə mübarizə aparsaq, effektiv olar?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan siyasi şərhçi, media eksperti Azər Həsrət bildirib ki, saxta xəbərlərin yayılması məsələsi indi ortaya çıxmayıb, həmişə olub:

"Təbii ki, Azərbaycan müstəqillik qazandıqdan, xüsusilə də ermənistan azərbaycan torpaqlarını işğal etdikdən sonra ermənilər durmadan bizə qarşı informasiya müharibəsi aparırlar. Təəssüflər olsun ki, ermənilərin əvvəlki illərdə, yəni 100 il bundan öncə Qərb ölkələrində kök salması, əllərində böyük resusların olması ona gətirib çıxarıb ki, biz informasiya savaşında zəif tərəf olmuşuq.

Amma son illər görülən işlər, atılan addımlar ona gətirib çıxarıb ki, Azərbaycanın da mövqeləri möhkəmlənib. Artıq beynəlxalq səviyyədə, qlobal səviyyədə öz sözümüzü deyə bilirik. Yəni bizim artıq informasiya savaşında uduzmağa haqqımız yoxdur. Çünki yetərincə resusumuz, pulumuz var. Kifayət qədər bu sahədə olan mütəxəssislərimiz də var".

Ekspert qeyd edib ki, sadəcə problem ondan ibarətdir ki, azərbaycanda bu potensialı normal səfərbər edib, lazımi istiqamətə yönəltmək məsələsində geridə qalırıq:

"Biz operativlikdə uduzuruq. Cəbhə xəttində nəsə hadisə baş verir, bizim Müdafiə Nazirliyinin informasiyası həddən artıq gec gəlib çatır. Bizim kimi insanlar da bu məsələlərdə daim öz sözümüzü deyirik sadəcə olaraq, məcbur olub açıqlama gözləməli oluruq. Həmin anda da ermənilər bütün dünyada informasiya müstəvisini özlərinin saxta informasiyaları ilə doldururlar.

Çox zaman da bunu azərbaycanlı adları altında edirlər. Yəni hazırlıqsız oxucu, izləyici azərbaycanlı adını görən kimi informasiyaya inanır. Onlar da bu yollarla öz təxribat xarakterli yazılarını tirajlamış olurlar. Ona görə də bizim əvvəlki illərdə də, indi də təkliflərimiz belə olub ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müvafiq dövlət qurumları ilə birlikdə təbiidir ki, jurnalistikanın önündə gedən, yəni söz sahibi olan təşkilatlarla birlikdə operativ informasiya məsələsinin həllini bir an öncə həyata keçirməlidir. Bu baş vermədiyi təqdirdə biz informasiya müharibəsində həmişə uduzan tərəf olacağıq. Ermənilər ortaya dezinformasiya atacaqlar, biz də onu təkzib etməklə məşğul olacağıq. Biz təkzibçi tərəf deyil, informasiyanı ilkin təqdim edən tərəf kimi çıxış etsək, ermənilər artıq informasiyanı təkzib etməklə məşğul olub bizim arxamızca sürünərlər. Bütün bunlar olarsa, biz informasiya müharibəsində önə çıxa biləcəyik".

Semra Ələkbərli
Cebhe.info

 

Mənbə: cebhe.info