ABŞ Qarabağ danışıqlarını bərpa etməyə çağırır

ABŞ Qarabağ danışıqlarını bərpa etməyə çağırır

Vaşinqtonun fəallığı Rusiyanın özbaşınalığından doğan narahatlıqla bağlıdır

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqları bərpa etmək üçün tərəflərə çağırış edib. Amerikanın dövlət katibi Mayk Pompeo bildirib ki, Vaşinqton həmsədr kimi münaqişənin sülh yolu ilə tənzimlənməsinə kömək göstərməyə sadiqdir. Pompeo tərəfləri qətiyyətlə Minsk Qrupu həmsədrlərinin himayəsi altında predmet danışıqlarına səsləyib. Siyasi şərhçilərin düşüncəsinə görə, Amerikanın qəfil “fəallığı” regionda vəziyyətin kifayət qədər kritik olmasından və Moskvanın aktivliyindən irəli gəlir.

Ağ Evin bəyanatını “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Qafqazda vəziyyət həqiqətən çox gərgindir. Politoloqun fikrincə, Rusiyanın Cənubi Qafqazın hər üç ölkəsinə hərbi və siyasi təzyiqləri pik həddə çatıb:

 

“Azərbaycan və Gürcüstan ərazi itkisi ilə Ermənistan isə faktiki dövlət müstəqilliyi itkisi ilə üzləşib. Dağlıq Qarabağ və Ermənistanla sərhəd bölgələrimizdə yaranan gərginlik bu təzyiqlər səbəbindən günbəgün artmaqdadır. Beynəlxalq ictimaiyyətin, BMT və həmsədr ABŞ-ın problemin çözülməsinə dair çağırışları Ermənistan və Rusiya tərəfindən qulaqardına vurulmaqdadır.

Moskva və ermənipərəst Paris münaqişənin həll olunmaması və ya dondurulması istiqamətində əlindən gələni edir. ABŞ-ın fəallığı Rusiyanın özbaşınalığından doğan narahatlıqla bağlıdır.

Lakin ədalət naminə qeyd edim ki, indiyə qədər Amerika rəsmiləri həll variantlarından hər hansı birinin seçilməsi üçün tərəflərə müraciətlər ediblər. Ancaq hər zaman olduğu kimi erməni tərəfi çağırışlara məhəl qoymayıb. Bu dəfə də İrəvan hökumətindən ağıllı addım gözləməyə dəyməz”.

Mənbə: sherg.az