Məlahət İbrahimqızı: "Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına reaksiya verməlidir"

Məlahət İbrahimqızı: "Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına reaksiya verməlidir"

“Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında Ermənistanın təxribatçılıq fəaliyyətini, müharibə və işğalçılıq planlarını ifşa etdi”.

Bunu APA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, Prezident İlham Əliyev BMT tribunasından istifadə etməklə bir daha təxribatların baş verməsi və gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıması ilə bağlı dünya birliyini məlumatlandırıb: “Bu gün Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Livandan və digər ərazilərdən gələn ermənilərin işğal altında olan Azərbaycan ərazilərində yerləşdirilməsi beynəlxalq hüququn pozulmasıdır və təəssüf ki, beynəlxalq təşkilat və qurumlar bu məsələ ilə bağlı da etirazını bildirmirlər. Bununla yanaşı, son vaxtlar Ermənistan tərəfinin Azərbaycana qarşı təxribatlarının sayı da artıb. Ermənistan qəsdən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini hədəf alır və təxribatlar törədir. Ermənistanın baş naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Sadəcə bir faktı qeyd edim. Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır!” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Baş verənlər bir daha göstərir ki, Ermənistanda “Azərbaycanofobiya” siyasəti hökm sürür, gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Təsadüfi deyil ki, Ermənistanın Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunmuşdu”.

Deputat vurğulayıb ki, son zamanlar erməni rəsmilərin təcavüzkar ritorikalı çıxışları, açıqlamaları, eləcə də sərhəd bölgələrində törətdiyi təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını göstərir: “Paşinyanın xanımı Anna Akopyanın hökumət başçısının xanımının davranışlarına zidd olaraq, tez-tez Qarabağa getməsi və orada qadınlarla hərbi təlimdə iştirak etməsi bölgədə gərginliyi daha da artırır. Yəni Anna Akopyan özü də hərbi təxribatların təşkilatçılarından biridir. Prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı BMT TŞ-nın qəbul etdiyi 4 qətnamənin bu günə qədər icra edilməmiş qalmasını bir daha xatırlatdı. Prezident bu gün bütün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı olduğunu buna görə qeyd etdi. Bu gün Ermənistanın təxribatlarına beynəlxalq ictimaiyyət lazımi reaksiyanı verməlidir. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.

 

 

Mənbə: moderator.az