Savaş qapıda: Hansı qonşuya ümid edək? - “Bu ölkə saman altından su yeridir” - AÇIQLAMA

Savaş qapıda: Hansı qonşuya ümid edək? - “Bu ölkə saman altından su yeridir” - AÇIQLAMA

Ermənistanın təxribatları bu ölkənin yeni təcavüzə hazırlaşdığını göstərir və bu məsələ dövlət xadimləri, beynəlxalq ictimaiyyətin müzakirəsindədir.

Hərbi əməliyyatların başlanacağı ilə bağlı məlumatlar cəmiyyətdə özünə yer alır. Bu dəfə gərginləşən münasibətlər fonunda adı çəkilən ölkələr yalnız Azərbaycan və Ermənistan deyil, həm də Rusiya və Türkiyədir. Regionda gərginliyin artması həm də bu iki dövlət arasında siyasi qarşıdurmanın güclənməsi ilə izah olunur. Hər iki dövlətin mümkün münaqişədə hansı mövqe sərgiləyəcəyi artıq bəllidir.

Bəs, Azərbaycanla qonşu olan digər iki ölkənin - İran və Gürcüstanın hansı mövqe sərgiləyəcəyi gözlənilir?

Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında bildirib ki, Gürcüstan durumu Azərbaycanla oxşar olduğu üçün bu ölkənin mövqeyinin ən azı neytral olacağı gözlənilir:

“Gürcüstan bizim vəziyyətimizdə olan ölkədir. Azərbaycanla bu ölkəni çox möhkəm iqtisadi-siyasi əlaqələr birləşdirir. O baxımdan da hesab edirəm ki, Gürcüstan bu məsələdə ən azı neytral mövqe tutacaq. İran isə uzun illərdir ki, “saman altından su yeridərək” ermənilərə kömək edir, hətta Rusiyadan da çox kömək edir. Ona görə də İranın mövqeyi ilə bağlı ciddi düşünməliyik”. Politoloq deyir ki, Azərbaycan bu ölkəyə hansısa formada xəbərdarlıq etməlidir: ““Özünə gəlməsi”, “ağlını başına yığması” üçün İrana təsir edə biləcək azərbaycanlı faktorundan istifadə etməyə başlaya bilər. Oradakı azərbaycanlılara çağırış etməlidir, Cənubi Azərbaycan fəallarının ölkədə yerləşdirilməsinə, onların müxtəlif fəaliyyət növlərinə icazə verilməlidir. Bütövlükdə İran azərbaycanlılarına yönəlmiş televiziya kanalının açılması imkanları üzərində düşünülə bilər. İranı yalnız ordakı azərbaycanlılara yönəlmiş təbliğat vasitəsilə susdurmaq olar. Bunu etmək lazımdır, necə ki, İran televiziya kanalı vasitəsilə bizə təsir etməyə çalışır”.

Politoloq qeyd edir ki, əks təqdirdə İran həmişə olduğu kimi Ermənistana dəstək verəcək və bunu “boynuna almayacaq”:

“Şəkli çəkib, göstərəndə belə, boyunlarına almırlar. Fars şovinizmi o qədər riyakar və simasızdır ki, elədiklərinin heç birini boynuna qoymaq olmur. Ona görə də təsirli əks tədbirlər haqqında düşünmək lazımdır”.

Xatirə Nəsirova
Cebhe.info

 

Mənbə: cebhe.info