Əliyev sözünü dedi, Nikol isə cavabında görün nə etdi…

Əliyev sözünü dedi, Nikol isə cavabında görün nə etdi…

Prezident İlham Əliyevin 19 sentyabrda Azərbaycan televiziyalarına verdiyi müsahibəsindəki fikirləri artıq dünyanın onlarla ölkəsində tirajlanıb. Amma Prezidentimizin bu fikirləri yalnız tirajlanmaqla kifayətlənmir, eyni zamanda, siyasətçilərin, politoloqların geniş reaksiyaları və təhlilləri ilə müşayiət olunur. Bunun isə səbəbi var: birincisi, Prezident İlham Əliyev sözügedən müsahibəsində bölgədəki prosesləri detallarına qədər izah etdi, ikincisi, bu məsələləri məhz İlham Əliyev dedi. Çünki İlham Əliyev ölkəsini Qafqazın ən qüdrətli dövlətinə çevirən, transmilli layihələrlə Avropanın təhlükəsizliyində söz sahibinə çevrilən lider, eyni zamanda dünyada etibarlı, güvənilir iqtisadi tərəfdaş, sözünə sadiq dövlət başçısı kimi tanınır.

Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib.

Politoloq qeyd edib ki, İlham Əliyevin hansı səviyyəli bir lider olduğunu artıq erməni politoloqları da yaxşı bilir və öz ictimaiyyətlərinə bununla bağlı çağırış edirlər:

“Ermənistanın tanınmış politoloqlarından olan Stepan Danielyan sosial şəbəkə üzərindən ictimaiyyətə bu çağırışı etdi: “İlham Əliyevin çıxışlarını diqqətlə dinləyin. Onun dediklərində həqiqət var və bir çox hallarda həqiqəti məhz ondan öyrənmək olur, bizim pəltək yalançıdan yox”.

Ermənistanın özündə belə İlham Əliyev xalqdan heç nəyi gizlətməyən, dürüst bir siyasətçi, Paşinyan isə “pəltək yalançı” sayılır. Erməni mediasını və sosial şəbəkələrin erməni seqmentini izləyənlər üçün bu, tanış mənzərədir. Artıq erməni ictimaiyyətinin aparıcı şəxsləri öz reaksiyalarını bu cür açıq şəkildə bildirməyə başlayıblar. Ona görə də bir qayda olaraq Prezident İlham Əliyevin çıxışları, müsahibələri Ermənistanda da böyük diqqətlə izlənilir və nəticə çıxarılır”.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin son müsahibəsinin Ermənistanda zəlzələ effekti verdiyi haqda rəylər təsadüfən yaranmayıb:

“Aradan keçən 3 gün müddətdində Prezident İlham Əliyevin fikirlərinə Ermənistan rəsmiləri də daxil olmaqla, politoloq və ictimai fəalların yüzlərlə müsahibə və açıqlamaları oldu və hələ də davam edir. Sosial şəbəkələrin erməni seqmentində isə daha sərt və açıq müzakirələr gedir – onlardan bir nümunəni Danielyanın simasında təqdim etdik.

Prezident açıq mətnlə Ermənistanın təxribatlarının nə ilə nəticələnəyini erməni ictimaiyyətinə də çatdırdı və bunun sorumlusunun məhz ermənilərin öz hakimiyyətləri olduğunu elan etdi. Təsadüfü deyil ki, Ermənistan rəsmiləri bu istiqamətdə ictimaiyyətdən gələn sualları “Narahat olmayın…” sözləri ilə başlayırlar. Aydın müşahidə olunur ki, erməni xalqı da Prezident İlham Əliyevin dediklərinin həqiqət olduğuna, “pəltək yalançı”nın onları aldatdığına əmindir və ona görə narahatdır”.

Politoloqun sözlərinə görə, İlham Əliyevin sərrast, dəmir məntiqi, beynəlxalq hüquqa əsaslanan sözləri və xalqla səmimi olması səbəbindən hər çıxışı Ermənistanda böyük rezonans doğurur:

“Əslində, Ermənistan danışıqlarda guya maraqlı olduğunu göstərməli və danışıqların davam etməsinə çalışmalıdır. Sadəcə, hər dəfə danışıqlar masasında olanda və yaxud beynəlxalq tribunalardakı debatlarda Paşinyan ağır diplomatik məğlubiyyətə uğrayır, İrəvanın aqressiv və işğalçı siyasəti ifşa edilir. Valday Klubu, Soçi, Aşqabad görüşünü, Münhen Sülh Konfransında debatı xatırlayın: İlham Əliyevin necə hazırlıqlı, hansı diplomatik məharətə sahib olduğunu bütün dünya, o cümlədən ermənilər müşahidə etdi. Təsadüfü deyil ki, hər dəfə bu qarşılaşmalardan sonra Paşinyan ölkə daxilində, ermənilər tərəfindən ən ağır səviyyədə tənqid edilir, onun İlham Əliyevə hər dəfə diplomatik məğlubiyyəti və beynəlxalq aləmdə sürətlə mövqe itirmələrindən dolayı ciddi narazılıq başlayır”.

Politoloq hazırda erməni mediası və sosial şəbəkə istifadəçilərinin müzakirəsinə də diqqət çəkib:

“Tonoyanın və Mnatsakanyanın “qorxmayın” açıqlamasından sonra ictimaiyyət Paşinyanın cavabını gözləyirdi. Erməni sosial şəbəkə istifadəçiləri yazır ki, İlham Əliyev sözünü dedi, Paşinyanın isə buna cavab verməyə siyasi iradəsi və diplomatik qabiliyyəti çatmadığından, “restoranları gəzməklə” məşğuldur. Bildiyiniz kimi, Paşinyan 20-21 sentyabrda “müstəqillik günü ilə bağlı” İrəvanda bir neçə restoran gəzdi. Erməni ictimaiyyəti də yaxşı bilir ki, Paşinyanın Prezident İlham Əliyevin tarixi faktlara, beynəlxalq hüquqa əsaslanan diplomatik məntiqi qarşısında deməyə sözü yoxdur. Diqqət edin, Prezident deyir ki, bir tərəfdən “Qarabağ Ermənistandır və nöqtə” deyən, digər tərəfdən “Qarabağ müstəqildir” deyən və onu tanımağa belə cəsarət etməyən Ermənistan baş naziri ilə hansı danışıqları aparmaq olar? İlham Əliyev Dağlıq Qarabağda ermənilərin bu əraziyə köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə ermənilərin özünün qoyduğu Marağa-150 abidəsini xatırladır. Bunun qarşısına Paşinyan hansı arqumentlə çıxa bilər? Prezident Xankəndinin adına da diqqət çəkir: ermənilər bu torpaqların qədim sakinidirsə, niyə şəhərin adı bolşevik Stepanın adını daşıyır? Bəs Xanın kəndi? Bu şəhərin adı var axı. Qarabağ xanı İbrahimxəlil xanın oğlu Mehdiqulu xan bu şəhəri öz zövcəsinin, həyat yoldaşının şərəfinə saldırıb və bu səbəbdən Xankəndi, yəni Xanın kəndi adlanıb. Paşinyanın, erməni tarixçilərin, diasporunun, siyasətçilərinin bu tarixi həqiqətin qarşısında deməyə sözləri var? Əlbəttə, yoxdur. O səbəbdən də sülh danışıqlarından da, Prezident İlham Əliyevlə görüşlərdən də qaçırlar. Azərbaycanın və onun liderinin qarşısına çıxmaq yerinə, İlham Əliyevin təbirincə desək, qarşımıza təkbətək çıxmaq əvəzinə, təxribatlara əl atırlar. Tovuz olaylarının davamı olaraq münaqişəni körükləmək üçün təxribatların coğrafiyasını daha da genişləndirməyə çalışırlar, ərazimizə diversiya qrupu göndərirlər. Bütün bunlar Paşinyanın öz komplekslərini ört-basdır etmək üçündür. O, hər dəfə İlham Əliyevin qarşısında biabırçı duruma düşdükdən sonra Rusiyanın sayəsində işğalda saxladığı Qarabağda bir tamaşa düzənləyərək vəziyyətdən, daha dəqiqi, pərtlikdən çıxmağa çalışır. Onun oğlunu Qarabağda hərbi xidmətə göndərməsi də, Şuşada “dqr rəhbəri”nə “andiçmə mərasimi” düzənləməsi də, arvadı Annanı əlində silah poz vermək üçün guya, təlimlərdə iştirak etməyə göndərməsi də komplekslərindən qurtulmaq çabalarıdır. Amma anlamır ki, bu, hətta Ermənistanın daxili ictimaiyyəti arasında belə ikrahla qarşılanır. Çünki Ermənistanda da anlayırlar ki, Azərbaycan haqlıdır və Azərbaycanın qüdrətli Ordusu mütləq öz sözünü deyəcək. Bütün narahatlıqlarının da səbəbi budur”.

Mənbə: axar.az