Dünya birliyi Ermənistana yerini göstərməlidir - ŞƏRH

Dünya birliyi Ermənistana yerini göstərməlidir - ŞƏRH

“BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilən Yüksək Səviyyəli İclasda Prezident İlham Əliyev beynəlxalq aləmdə baş verən problemlərin hər birinə toxunaraq Azərbaycandakı mövcud durum haqqında, ölkəmizin inkişafı və nailiyyətləri ilə bağlı məlumatların hamısını diqqətə çatdırdı”.

Bunu Publika.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

O bildirib ki, dövlət başçısı iclasda Azərbaycanın dünyəvi məsələlərdə həmişə həmrəylik nümayiş etdirdiyini, sülh və sabitlik tərəfdarı olduğunu və birgə fəaliyyət göstərməyin vacib olduğunu vurğulayıb: “Eyni zamanda, dünyanı cənginə alan koronavirus pandemiyası ilə bağlı ölkəmizin mövqeyi, apardığı işlər, bu sahədə Azərbaycanın başqa dövlətlərə yardımı ilə bağlı da məlumatlar verildi. Bu xəstəliklə mübarizədə bütün dünya birliyi birgə mübarizə aparmağa, həmrəy olmağa çağırıldı. Xüsusilə Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsi, ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə bağlı çox geniş və ətraflı məlumat verdi. Ermənilərin son 30 il ərzində Azərbaycana qarşı olan işğalçılıq siyasəti, topaqlarımızın 20 faizinin bu günə qədər də işğal altında qalması, 1 milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşaması diqqətə çatdırıldı”.

E.Məmmədov qeyd edib ki, iclasda BMT-nin məlum 4 qətnaməsinin icra olunması, Minsk Qrupunun yarıtmaz fəaliyyəti diqqətə çatdırılmaqla bərabər, eyni zamanda Ermənistanın bu gün də yenidən təcavüzə hazırlaşdığı dünyaya nümayiş etdirildi: “Ermənistanın yeni müharibəyə hazırlaşdığı, müharibə əhval-ruhiyyəsi, verdikləri çox təhlükəli bəyanatlar, qeyri-qanuni məskunlaşdırılma və digər təxribatlar Prezident tərəfindən çox geniş izah edildi. Ölkə başçısı vacib və nüfuzlu toplantıda bütün iştirakçıların nəzərinə çatdırdı ki, baş verənlərin hamısında məsuliyyət birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Çünki işğalçı Ermənistandır, biz isə işğala məruz qalmışıq. Bu gün də Ermənistan dinc əhaliyə, qonşu dövlətlərə qarşı özünün işğalçılıq siyasətindən əl çəkmir. Xüsusilə bu siyasəti Azərbaycana qarşı həyata keçirib və ərazilərimizi işğaldan azad etmək istəmir. Ermənistanda olan bugünkü əhval-ruhiyyə yenidən müharibənin alovlanmasına gətirib çıxara bilər. Təbii ki, dünya birliyi, beynəlxalq qurumlar bunun qarşısını almaq üçün Ermənistana yerini göstərməlidir”.

Akqabay Mıradov

Mənbə: publika.az