Böyük Türkiyədən cılız Ermənistan və havadarlarına savaş xəbərdarlığı : "Azərbaycana hücum, bizə hücumdur!" - Azər Hüseynovun şərhi

Böyük Türkiyədən cılız Ermənistan və havadarlarına savaş xəbərdarlığı : "Azərbaycana hücum, bizə hücumdur!" - Azər Hüseynovun şərhi

Qlobal və regional proseslərin gedişatı yeni xüsusiyyət qazanmaqdadır. Bu xüsusiyyətlər dünya düzənində ədalət çatışmazlığı sindromunun qırılmasına və yeni paradiqmaların formalaşmasına yönəlmişdir. Qafqaz bölgəsində yeni təhlükəsizlik reallıqlarının formalaşdırılması, eləcə də tarixi qaynağa malik olan problemlərin ortadan qaldırılması istiqamətində əməkdaşlığın ən bariz nümunəsi Türkiyə-Azərbaycan strateji birgə fəaliyyət formatıdır.

Bu formatın mahiyyətinin düzgün anlaşılması üçün hər iki dövlətin xarici siyasi kursunun siyasi-fəlsəfəsini anlamaq lazımdır. Türkiyə bu strateji birgə fəaliyyətin, eləcə də iki dövlətin qardaşlıq modeli nümunəsinin bir tərəfidir. Türkiyə xarici siyasəti bu gün qurumlarüstü, milli mənafelərin mütləqliyi üzərində qurulur. Türkiyə xarici siyasətinin müasir xüsusiyyəti odur ki, yürütdüyü xarici siyasətdə üzv olduğu təşkilatlara uyğunlaşmaq əvəzinə, onları öz xarici siyasətinin ana xəttləri ilə hesablaşmağa vadar edir. Bu zaman diplomatik üsul və vasitələrdən istifadə edərək, NATO və digər beynəlxalq təşkilatlar daxilindəki fikir ayrılıqları və müəyyənsizliklərdən məharətlə istifadə edir. Bu gün Türkiyə 1970-80-lərin Türkiyəsi deyildir. Uyğunlaşma deyil, uyğunlaşdırma siyasətini yürütməkdədir.

Türkiyənin Yaxın Şərqdə, xüsusi ilə son dövrlərdə Qafqazdakı siyasi kursu bunu sübut etməkdədir. Buna Türkiyə necə nail oldu? İlk öncə, ölkə daxilində beynəlxalq şəbəkələrə bağlı olan qeyri-milli ünsürləri mərhələli zərərsizləşdirməklə. Daha sonra ordunu tam olaraq öz funksiyasına qaytarmaqla. Türkiyədə bu gün siyasi iradə, yəni siyasi müəssisə dövlətin mexanizmlərinin fəaliyyətinə nəzarət edir. Qarabağ məsələsində Türkiyə dövlətinin mövqeyi isə onun sübutudur ki, o, Azərbaycanla birgə strateji təhlil, milli maraqların birgəliyi, tarixi miras, ədalətin qeyd şərtsiz təmin edilməsi prinsipləri üzərində ortaq fəaliyyət prinsipindən çıxış edir.

 

Azərbaycan da öz növbəsində xarici siyasətində praqmatik geosiyasi vəziyyətdən, eyni zamanda tarixi birgəlik və qardaşlıq münasibətlərindən çıxış edir. Bunun sübutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında söylədiyi bu fikirlərdir: ““Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir”. Azərbaycan dövlətinin məsələlərə yanaşması konyuktur bağlılığını deyil, ideoloji amilləri, dövlətin mahiyyəti ilə bağlı siyasi fəlsəfəni əsas götürür. Azərbaycan Türkiyənin ətraf dənzilərdəki fəaliyyətini dəstəkləməklə onu göstərir ki, bu emosional yanaşma deyildir. Çünki soyuq müharibədən qalma beynəlxalq formatlar artıq problemləri nizamlaya bilmir. Problemlərin nizamlanması ideoloji və milli maraqlar kontekstində qüvvələrin birləşdirilməsinə əsaslanır. Buna da heç kim etiraz edə bilməz. Əgər Suriya bu gün milli maraqlarını önə çəkərək Rusiya ilə açıq ikitərəfli formatda iş görürsə, Azərbaycanın öz problemlərinin həllində Türkiyənin qardaşlıq münasibətinə müsbət yanaşmasını heç kəs qınaya bilməz. Azərbaycan dövlətinin bu yanaşması Türkiyə Cümhuriyyəti Prezidenti Ərdoğanın bəyanatları ilə dəstəklənir. Prezident Ərdoğanın siyasətində ən üstün element qəfil, amma düşünülmüş, öncədən strateji təhlil süzgəcindən keçmiş və beynəlxalq imperialist xassəli aktorları pat vəziyyətinə salan hücum diplomatiyasıdır. Əlbəttə ki, Türkiyə bu zaman ciddi təhlillər aparır. Köhnə dünyanın aktorlarının əvvəlki gücdə olmadığı faktı ortadadır. Məhz buna görə işğalçı Ermənistan Paşinyanın hakimiyyətinin ilk illərində özünə yeni dayaqlar axtarmaqda idi. Fəqət, Rusiyanın Ermənistanda hərtərəfli mövcudluğu onun özünü əsir halına gətirmişdir. Tovuz əməliyyatları zamanı Prezident Ərdoğanın "Biz qardaş Azərbaycanı qəti şəkildə tək qoymarıq. Bütün dəstəyimizi verəcəyik" deməsi də əslində eyni zamanda Rusiyaya da bir işarə idi ki, onun regiondakı imkanları artıq o halda deyildir ki, Ermənistan ona güvənərək nə istəyir etsin.

Rusiya bir sıra hallarda gücünün üstündə diplomatik imitasiya etsə də, nə bölgə həmin bölgədir, həm Azərbaycan həmin ölkədir, nə Türkiyə həmin gücdür. Azərbaycan Qafqazda beynəlxalq aktorların fəaliyyətlərini korrektə edə biləcək kartlara malik olan regional gücdür. Türkiyə isə opponentlərindən fərqli olaraq daxili idarə sistemi sağlamlaşdırılmış bir dövlətdir. Türkiyənin dövlət strukturları funksional işləklik halındadır. Prezident Ərdoğanın “Suriyada, Liviyada, Yəməndə və digər bir çox ölkələrdə hələ davam edən bir çox humanitar böhranlarda riyakarlığını, mənfəətlərini davam etdirən dövlətlərin dünyaya haqq və ədalət yaymayacaqlarını buradan bir daha təkrar edirəm. Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısını almaq üçün müvafiq addımların atılmaması buna misaldır” bəyanatı artıq formatın dəyişəcəyini sübut edir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir” bəyanatı isə gücə qarşı güc tətbiqində Azərbaycan dövlətinin qətiyyətini ortaya qoyur.

Diqqəti cəlb edən digər bir məsələ isə Türkiyənin Ermənistan təcavüzünün istənilən aktına anında ən sərt reaksiya verməsidir. Azərbaycan ordusunun son verdiyi şəhidlə bağlı Türkiyə Müdafiə Nazirliyinin bəyanatı onu göstərir ki, bizim heç bir problemimiz Türkiyə üçün önəmsiz deyildir. Türkiyə Prezidenti Administrasiyasının bəyanatında isə, “Türkiyə Azərbaycana qarşı hər hansı təcavüzü Türkiyəyə qarşı təcavüz kimi qəbul edir" deyilir. Bir sözlə, region yeni formata geçir, Türkiyə-Azərbaycan birgə təlimləri, davamlı dəstək bəyanatları və onların qarşılıqlı xarakteri bizi yeni reallıqlara aparır. Ümid edilən odur ki, tərkiblərin tam tamamlanması halında yeni bir hərbi ittifaq ərsəyə gələcəkdir.

Azər HÜSEYNOV, AVROPA.info yazarı

Mənbə: avropa.info