Xalqın səsini alan qorxaqcasına gizli andiçmə keçirərmi?

Xalqın səsini alan qorxaqcasına gizli andiçmə keçirərmi?

Bu gün Lukaşenko sinsicə bir inauqurasiya keçirdi və seçkilərdən sonra prezident kimi fəaliyyətə başladığını elan etdi. Bu andiçmə mərasimi niyə gizli, qorxaqcasına keçirildi? 80 faiz xalq dəstəyini alan da oğru kimi andiçmə mərasimi keçirərmi? Səs oğrusu keçirər. Xalqından qorxan prezident heç kəsə xəbər vermədən, hörmətli qonaq dəvət etmədən keçirər. Mərasim gedə-gedə onu prezident iqamətgahından qovacaqları qorxusundan gizli andiçmə keçirdi. Xalq xəbər tutanda etirazlar başladı, yenə tuthatut, yenə çevik polis alayı. Dəyənəklərlə, həbslərlə müşayət olunan andiçmə mərasimi canlı olaraq televiziyalarda yayımlanmadı. Hətta, televiziyadan andiçənin yox, and mətnini oxuyan diktorun səsi gəldi. Rəsmi prezident vəsiqəsi aldı, amma xalqdan mandat ala bilmədiyi üçün oğru kimi mərasim təşkil etdi.

Bir məşhur jurnalistin dediyi kimi “oğru qanuni oldu, amma “qanuni oğru” yox, sadəcə oğru oldu”. Bircə şey təəccüblü idi: Aleksandr Qriqoryeviç andiçəndə əlində avtomat tutmamışdı. “Batya” deyilən bu prezident xalqdan yalnız onun səsini oğurladığına görə qorxmadı . 26 ilik fəaliyyətində o qədər cinayət törədib ki, onun açılmasından qorxdu. Bütün diktatorlar törətdikləri cinayətlərə görə hakimiyyətdən getmək istəmirlər, Lukaşenko da. Yoxsa Putinlə görüşünün son notlarında deməzdi ki, alınmasa “həyatıma zəmanəti Rusiyadan istəyirəm”. Bu günkü mərasim də elə Putinlə Soçi görüşünün davamı idi. Putinin ağsaqqallığı ilə andiçən sabah Belarusun müstəqilliyini sual altında qoyacaq, zatən Putinin də istədiyi bu idi.

Kimin prezidenti oldu Lukaşenko? Çevik polis alayının, dəyənəkli daxili qoşunların, əlində Kalaşnikv avtomatı tutub- “ Vı krasavtsı” dediyi təhlükəsizlik qüvvələrinin. Belarus xalqının yox. Belarus xalqı bu adama həm də, bütün baş verənlərdən sonra şəxsiyyətini itirən biri kimi baxır və baxacq. Çox çəkməyəcək. Qarşıda konkret sanksiyalarla üzləşəndə yenə əlində bloknot, eybəcər oturuş pozası ilə Putinin qarşısında diz çöküb yalvaracaq, kömək istəyəcək,hətta onu yenə şantaj edəcək - “Belarusdan sonra Rusiyadır”deyəcək.

Belarus etirazları səs oğrularını qorxuya saldı. Diktatorların hakimiyyətinin davam etdiyi ölkələrdən nə desəniz gözləmək olar. Andiçməni gizli, qəflətən keçirdikləri kimi seçkini də xalqdan gizlədəcəklər.

Fironlar ehramlar tikdilər, amma zülmkar olduqlarına görə bəşəriyyət indi də onları lənətləyir. Stalin kotanla yer şumlayan ölkəni nüvə silahı olan ölkəyə çevirdi, amma 37-ci ilə görə, repressiyalara görə tarixin qanlı diktatoru kimi yad edilir, Belarusda hansısa zavod və fabriklər işləyə bilər( başqa bir şey yoxdur), Lukaşenko daha beş il prezident olub guruldaya bilər, amma belaruslar əbədi olaraq onu nifrətlə yad edəcəklər. Ədaləti omayan padşahın ömrü taxtdan düşənə kimi, söyülməsi, lənətlə yad edilməsi dünya durana kimidir.

İlham İsmayıl

Mənbə: moderator.az