“Gürcüləri 2600 il əvvəl İspaniyadan Qafqaza bizim babamız Tiqran gətirib” - yeni erməni uydurması...

“Gürcüləri 2600 il əvvəl İspaniyadan Qafqaza bizim babamız Tiqran gətirib”  - yeni erməni uydurması...

Qabil Əliyev: “Gürcülərin Qafqaza Tiqran tərəfindən İspaniya ərazisindən gətirilməsi iddiası da tamamilə yalandır”

Erməni saxtakarlığı o həddə çatıb ki, onlar az qala dünyanın “ilk xalqı” olduqlarını iddia etsinlər. Bir az keçməz onu da deyərlər, çünki Azərbaycan və Türkiyə alimlərindən başqa, hələ ermənilərə yerini göstərən mütəxəssislər tapılmır ki, tapılmır. Gürcülərin başına min bir oyun açan, tarixi, mədəni, dini abidələrini mənimsəyib erməniləşdirən haylara gürcü alimləri də tutarlı cavab verməyiblər.

Məsələ burasındadır ki, erməni alimləri indi də yeni bir iddia irəli sürüblər. Onlar iddia edirlər ki, guya gürcüləri Qafqaza ermənilər gətiriblər.

“+GADTB”nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, erməni tarixçilərindən biri çıxışında deyib ki, gürcüləri Qafqaza ermənilər İspaniyadan gətiriblər. “E.ə. 524-cü ildə Tiqran gürcüləri İspaniyadan Qafqaz İberiyası ərazisinə gətirib. Bu, böyük gürcü xalqının tarixinin bir hissəsidir. Sonradan gürcülər bütün indiki Gürcüstan ərazisinə yayılmağa başladılar. Bu, tarixi andır. Amma onları Qafqaza ermənilər gətiriblər”, - tarixçi iddia edib.

Qeyd edək ki, son vaxtlar ermənilərin gürcülərə qarşı da ərazi iddiaları şiddətlənib. Onlar gürcülərə qarşı tarixi soyqırımlarını yada salmaqdan çəkinmir, həmçinin, gürcülərin Qafqaza “gəlmə xalq” olduğunu iddia edirlər.

“...indiki Tiflisə qədərki ərazilərdə qərbdən gürcülərin, Tiflis və ondan şərqə doğru ərazilərdə isə türklərin yaşadığı göstərilir, burada erməni adı yoxdur”

Erməni alimlərinin iddiasının əsassız olduğunu deyən tanınmış tarixçi-alim, professor Qabil Əliyevin sözlərinə görə, gürcülər və türklər Qafqazın ən qədim xalqlarıdır, ermənilər isə yaxın 200 ildə Qafqaza köçürülüblər. Gürcülərin Qafqaza Tiqran tərəfindən gətirilməsi ilə bağlı iddiaları təkzib edən Q.Əliyev qeyd etdi ki, bu, növbəti erməni yalanından, saxtakarlığından başqa bir şey deyil. “Erməni alimlərinin saxtakarlığı bitib-tükənmək bilmir. Gürcülərin Qafqaza Tiqran tərəfindən İspaniya ərazisindən gətirilməsi iddiası da tamamilə yalandır. Gürcülər Qafqazın qədim yerli sakinlərindən biridir. Ermənilər isə Qafqaz hüdudlarına yaxın bölgələrə daha sonralar köçüblər. Ermənilər eramızdan əvvəl birinci minilin ortalarında indiki Fərat çayının yuxarı axarında, Muradsu qolunda, Van gölündən xeyli qərbdə məskunlaşırdılar. Gürcülərin əcdadları isə daha öncədən Qafqazın qərb hissəsində məskun idi. Məsələn, Asur qaynaqlarında Asur hökmdarı Tiqlatpalasarın Koxlar ölkəsinə yürüşündən bəhs edilir. Bu, 1100-cü ildə olan hadisədir. Gürcü tədqiqatçıları həmin Koxlar ölkəsinin gürcülərin qədim dövləti olduğunu yazırlar və həmin mənbələr də bunu təsdiqləyir. Həmçinin, qədim yunan əfsanəsində bu var. Qədim yunan səyyahları Qara dənizin qərb sahillərinə gəlib və orada Kolxida hökmdarının ərazisinə çıxıblar. Qədim gürcü dövləti-Koxlar ölkəsi-Kolxida eradan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərində var idi. O ki, qaldı Gürcüstanın mərkəzi hissəsinə (indiki şərq hissəsinə), orada lap qədimdən türklər yaşayıblar. Gürcülərin “Moksevay kartli say” adlı qədim kitabəsi var, orada göstərilir ki, gürcülər özlərini kartvelilər adlandırırdılar, iberlər buntürklərlə qonşu idilər. Buntürk gürcü dilində əsl türk deməkdir. Gürcülərin qədim “Moksevay kartli say” kitabəsində indiki Tiflisə qədərki ərazilərdə qərbdən gürcülərin, Tiflis və ondan şərqə doğru ərazilərdə isə türklərin yaşadığı göstərilir, burada erməni adı yoxdur”.

Q.Əliyev qeyd etdi ki, göründüyü kimi, gürcüləri Qafqaza İspaniyadan Tiqran gətirməyib. Ümumiyyətlə, Tiqranın erməni mənşəli olmadığını deyən professorun sözlərinə görə, sonrakı çağlarda ermənilər Tiqranı erməniləşdiriblər.

Mənbə: www.baki-xeber.com