Sabiq səfir: “İran münaqişənin Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində həllinə tərəfdardır”

Sabiq səfir: “İran münaqişənin Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində həllinə tərəfdardır”

“İran İslam Respublikası dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində və bölgədə sülhün bərqərar olması yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirib”.

Bunu APA-nın Tehran müxbirinə açıqlamasında İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.

O bildirib, bu, İranın bəyan edilmiş rəsmi mövqeyidir.

M. Pakayin hazırkı vəziyyətdə tərəflər arasında genişmiqyaslı müharibənin baş vermə ehtimalının az olduğunu vurğulayıb: "Çünki tərəflər indi iqtisadiyyatlarını inkişaf etdirməklə məşğuldur. Lakin hərbi qüvvələr bölgədə olduğu müddətdə Tovuzda olduğu kimi toqquşmaların ola biləcəyi istisna edilmir".

Sabiq səfir İran-Azərbaycan münasibətlərinin inkişaf etdiyini də qeyd edib: “İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin vəzifəsinin icrasına başlamasından sonra iki ölkə arasındakı münasibətlərin genişləndirilməsi üçün münbit zəmin yaranıb və Bakı-Tehran əlaqələri inkişaf etməyə davam edəcək”.

Mənbə: apa.az