Ehtiyatda olan zabit: Biz torpaqlarımızı düşmən tapdağından azad edəcəyik

Ehtiyatda olan zabit: Biz torpaqlarımızı düşmən tapdağından azad edəcəyik

Bərdə, 24 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək, işğalda olan bütün ərazilərimizi azad etmək qüdrətinə malikdir. Xalqımız milli ordumuzun gücünə inanır, ona güvənir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində ehtiyatda olan polkovnik-leytenant Samir Səfərov deyib. O bildirib ki, 2016-cı il Aprel döyüşləri, 2020-ci ilin iyulunda hərbi əməliyyatlar Azərbaycan Ordusunun gücünü və qüdrətini nümayiş etdirdi. Hər kəs şahidi oldu ki, zabitlərimiz, əsgərlərimiz daim Vətən torpaqlarının işğaldan azad olunması üçün səfərbərdirlər, qələbəyə nail olmaq üçün əllərindən gələni əsirgəmirlər. Azərbaycan hərbçiləri yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq salnaməsi yaradırlar.

“Mən də bir zabit kimi ehtiyatda olsam da, özümü daim ordumuzun sıralarında hiss edirəm. Mənim kimi bütün ehtiyatda olan zabitlər, qazilər hər an əldə silah müqəddəs vəzifəni yerinə yetirmək, torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə atılmağa hazırdırlar. İnanıram ki, biz işğalda olan bütün torpaqlarımızı düşmən tapdağından azad edəcəyik”, - deyə Samir Səfərov bildirib.

Mənbə: azertag.az