Naxçıvan Bölməsinin əməkdaşları hərbi hissədə olublar

Naxçıvan Bölməsinin əməkdaşları hərbi hissədə olublar

Naxçıvan, 24 sentyabr, AZƏRTAC

AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşları tez-tez muxtar respublika ərazisində yerləşən hərbi hissələrdə olur, əsgər və zabitlərlə görüşlər keçirirlər. Bölmənin bir qrup əməkdaşı növbəti dəfə Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissədə olublar.

Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əməkdaşlar hərbçilərlə görüşlərində çıxış edərək ordu və cəmiyyət əlaqələrinin zəruriliyindən danışıblar. Qeyd olunub ki, dövlət-ordu-xalq birliyi ölkəmizdə həmişə olub və bu gün də davam etdirilir. Orduda xidmət edən hər bir əsgər və zabit bilməlidir ki, xalqımız həmişə onların yanındadır. Vətənin, millətin keşiyində dayanan mərd, cəsur əsgərlərimizin arxasında bütün Azərbaycan xalqı dayanır.

Ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərdən də söz açılaraq vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu öz gücünü Aprel döyüşləri, Günnüt əməliyyatı və Tovuz istiqamətində gedən döyüşlərdə sübut edib. Həmin günlərdə Azərbaycan xalqı bir yumruq kimi birləşərək ordumuzu yeni-yeni zəfərlərə səslədi. Bütün bunlar göstərir ki, igid əsgərlərimiz Vətəni qorumaqla, peşəsindən asılı olmayaraq hər bir kəs isə mənəvi dəstəyi ilə böyük Qələbə naminə çalışmalıdır.

Ziyarət çərçivəsində bölmənin Nəbatat bağında salınmış meyvə bağından toplanılan 800 kiloqram alma hərbi hissəyə təhvil verilib.

Qeyd edək ki, bölmə əməkdaşları bir neçə ay bundan əvvəl də hərbi hissəyə 700 kiloqram alma veriblər. Ziyarətlərin gələcəkdə də təşkil edilməsi planlaşdırılıb.

Mənbə: azertag.az