Almaniya mətbuatında Əhmədiyyə Cəbrayılov haqqında məqalə dərc edilib

Almaniya mətbuatında Əhmədiyyə Cəbrayılov haqqında məqalə dərc edilib

Berlin, 24 sentyabr, AZƏRTAC

Almaniyanın “freitag.de” və “blogs.taz.de” portallarında gənc azərbaycanlı alim Asif Məsimovun müəllifi olduğu “İkinci Dünya Müharibəsi zamanı müqavimət hərəkatında iştirak edən azərbaycanlı” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə mayın 9-nun hər il Azərbaycanda faşizm üzərində Qələbə Günü kimi qeyd edildiyi, Azərbaycan xalqının da faşizmə qarşı mübarizədə fəal iştirak etdiyi, habelə Qələbəyə böyük töhfə verdiyi bildirilir. Vurğulanır ki, İkinci Dünya müharibəsində 700 minə yaxın azərbaycanlı iştirak edib və onların təqribən yarısı cəbhədən geri qayıtmayıb. Diqqətə çatdırılır ki, 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170-dən artıq azərbaycanlı əsgər və zabit müharibə zamanı göstərdikləri rəşadətə görə müxtəlif orden və medallarla mükafatlandırılıb.

Müəllif Azərbaycanın müharibə illərində 75 milyon ton neft istehsal edərək cəbhəyə göndərdiyini, bunun o zaman SSRİ üzrə olan ümumi neft istehsalının dörddəüçündən artığını təşkil etdiyini bildirir. Həmçinin müharibə illərində Azərbaycanda 130-dan çox növdə müxtəlif silah-sursatın istehsal olunaraq cəbhəyə göndərildiyi vurğulanır.

Həmçinin qeyd olunur ki, müharibədə əsir düşən bir çox azərbaycanlı sonradan Avropadakı müqavimət hərəkatlarına qoşularaq partizan mübarizəsində fəal iştirak edib. Onlardan ən çox tanınanları Əhmədiyyə Cəbrayılov və Mehdi Hüseynzadədir.

Məqalədə Əhmədiyyə Cəbrayılovun Fransa Müqavimət Hərəkatında iştirakı və həyatı barədə geniş məlumat verilir. Bildirilir ki, 1920-ci ildə Şəkinin Oxud kəndində anadan olan və 1941-ci ildə könüllü olaraq orduya yazılan Əhmədiyyə Cəbrayılov Kursk ətrafında gedən döyüşlərdə yaralanaraq əsir düşür və Daxau, daha sonra isə Elzas və Lotaringiyada yerləşən əsir düşərgələrinə gətirilir. Düşərgədən qaçmağı bacaran azərbaycanlı “Düma” ləqəbli kapitan Delplankın rəhbərliyi altında Fransa Müqavimət Hərəkatında fəal iştirak edir, çoxsaylı igidliklər göstərir. O, faşistlərin sərəncamında olan çoxsaylı körpülərin, binaların, dəmir yolu xətlərinin partladılmasında, habelə əsirlərin azad olunmasında, o cümlədən 500-dən artıq uşağın əsirlikdən xilas edilməsində xüsusi rəşadət göstərir.

Yazıda bildirilir ki, Əhmədiyyə Cəbrayılov göstərdiyi igidliklərə görə Fransanın Milli Qəhrəmanı adına layiq görülür, bu ölkənin çoxsaylı medal və mükafatları ilə təltif olunur. O, müharibədən sonra partizan mübarizəsi illərindən yaxşı tanıdığı Şarl de Qolun bürosunda çalışır və 1946-ci ildə vətənə dönməyə qərar verir. Qeyd olunur ki, 1966-cı ildə SSRİ-yə səfər edən Şarl de Qol ölkə rəhbərindən müharibə yoldaşı Əhmədiyyə Cəbrayılovla görüşmək istədiyini bildirir. Şarl de Qol səfəri zamanı Əhmədiyyə Cəbrayılovla görüşərək onunla ətraflı söhbət edir və onlar müharibə xatirələrini yada salırlar. Məqalədə diqqətə çatdırılır ki, bu görüş Əhmədiyyə Cəbrayılovun həyatında xüsusi rol oynayır və onun taleyini müsbət istiqamətdə dəyişir.

Həmçinin vurğulanır ki, Əhmədiyyə Cəbrayılovun xatirəsi Azərbaycanda daim böyük ehtiramla yad edilir. Doğulub boya-başa çatdığı Oxud kəndində onun xatirəsinə heykəl qoyulub və yaşadığı ev xatirə muzeyinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ildə Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə müxtəlif dövlət orqanlarına onun xatirəsinin anılmasına dair tapşırıq verib. Bu tapşırıq əsasında Mədəniyyət Nazirliyi tərəfindən Əhmədiyyə Cəbrayılovun həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib.

Mənbə: azertag.az