Rusiya Azərbaycanın beş rayonunu qaytarır?! - ANALİZ

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun beş rayonu Azərbaycana qaytarmaq və münaqişə zonasına beynəlxalq sülh yaratmaq qüvvələri yerləşdirmək kimi fikirlər səsləndirməsi hansı nəticələrə gəlməyə əsas verir?

Bunu ATƏT-in mərhələli həll variantının Rus versiyası kimi də adlandırmaq olar. Hansı ki, belə bir həll variantı danışıqlar predmeti olmuşdur və Ermənistanın hazırki siyasi rəhbərliyi bu variantdan imtina etmişdir. Sonra isə bunu təxminən cənab Lavrovdan belə başa düşmək olar ki, Azərbaycan döyüşərək, müharibə edərək beş rayonu azad edib altıncı rayonun sərhəddində və yaxud da beş rayonun kənarına çatanda Rusiya hərbiçiləri ilə, ya da əsasını rus hərbiçiləri təşkil edən hansısa hələlik məlum olmayan hərbi format ilə üzləşməli olacaq. Onda Azərbaycan dayanacaq, yoxsa yox? Və yaxud hərbi əməliyyatları hansı istiqamətdən başlayıb harada davam etdirəcək? Bu çox da sadə sual deyil. Heç şübhə etmirik ki, bu suala cənab Lavrov özü də hazırda dəqiq cavab vermək imkanında deyil. Amma Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin rəsmi səsləndirdiyi bu fikirləri necə nəticələndirmək olar?

Əvvəla, bu fikirlər ilk növbədə Rusiyanın hazırki, rəsmi mövqeyini ifadə edərək bizə deməyi əsas verir ki, Rusiya Minsk qrupunun həmsədri və regionda maraqlı olan dövlət kimi rəsmi olaraq etiraf və təsdiq edir ki, Azərbaycanın ərazisi işğal altındadır və birinci mərhələdə beş rayon azad olunmalıdır. Yəni bizim torpaqlarımızın işğal faktını və azad etmək hüququmuzu rəsmi təsdiq edir.

İkinci, indiki şəraitdə özünün baş verən proseslərdən nəinki kənarda qalmasını istəmir, prosesin Moskvanın "B" planına uyğun davam etməsinə çalışır. Amma bütün dünya bilir ki, əslində diplomatiya cari reallıqların məntiqi uzlaşdırılmasının intellektual ifadəsidirsə, diplomatiyanın Lavrov varianti üzdə və ya açıqda rəsmi olaraq bir söz səsləndirib, arxada və ya gizlində onun əksini həyata keçirmək sənətidir.

Üçüncü, Azərbaycanın işğal altında olan torpaqlarının azada edəcəyinin artıq real gerçəklik olduğunu başa düşərək bu prosesi durdurmaq və yayındırmaq imkansız görünür. Xüsusən Tovuz təxribatının qarşısını alan Azərbaycan dövləti Tovuz hadisələri fonunda həyata keçiriləcək planın aysberqin dərinliyini real ölçüb ona uyğun ölçü götürdükdən sonra məhz indi beş rayonu təklif edib əvəzində Ermənistan iqtidarına və Sorosa bir sillə vurmaq istəyir.

Onda iki məsələni, məntiqlə həll etmək lazımdır:
Birinci - sən beş rayonu qaytarmaq istəyirsənsə, buyur qaytar! Mən niyə müharibə etməliyəm? Burada həm də belə çıxır ki, indiyədək torpaqlarımızı sən işğalda saxlamısan və indi bir qədərini qaytarıb, bir qədərini saxlamaq sualına sən aydınlıq gətirirsən. Ya da belə çıxır ki, mən müharibə edib, qan tökub torpağımı azad etməliyəm, sən hər iki tərərəflə bazarlıq edib arbitr rolunu oynamalısan. Əslində hazırki real situasiya elə beləcədir. Artıq halqa daraldıqca kartların hamısı açılır.

İkinci - yaxşı, sən deyirsən ki, işğal olunmuş Azərbaycan torpaqlarının beş rayonu azad olunmalıdır. Əgər beynəlxalq hüquq, BMT, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və ətraf rayonlarla birlikdə işğal olduğunu və dərhal boşaldılmasını bildirən hüquqi sənədlər olduğu halda, Rusiya da bu faktı təsdiq etdiyi halda niyə məhz beş rayon azad olunmalıdır? Və yaxud beynəlxalq ayırıcı hərbi qüvvələr harada yerləşdirilməlidir? Azərbaycan ərazisindəmi? Bunu kim müəyyən etməlidir? Və beynəlxalq sülhməramlıların tərkibi necə olmalıdır? Bəlkə Avrasiya İttifaqının hərbi kontingentini nəzərdə tutur, cənab Lavrov?

Amma bütün hallarda regionda ciddi proseslər davam edir və Rusiyanın "B" planından başqa "C" planı da olmamış deyil. Nəticədə isə Azərbaycan Türk İttifaqının açarı kimi on ildən sonra Rusiya ilə vacib tərəfdaş kimi qalacaq.

Sonuncu sual isə belədir, bu gün Qarabağı və digər torpaqlarımızı azad etmək üçün ən uyğun, ən əlverişli vaxtdırmı? Biz düşünürük ki, bundan da yaxşı ən əlverişli və ən uyğun vaxt qışın sonuna təsədüf edə bilər kimi görünür.

Atalar deyib ki, xəstə tələsir, armud isə vaxtında yetişir.

Bütün bunlar, bu sualların cavabları hazırki situasiyada cənab Lavrovun səsləndirdiyi variantın məntiqi yanaşmalarıdır. Ancaq istənilən halda Azərbaycanın öz işğal olunmuş torpaqlarını azad etmək hüququ var, bu beynəlxalq hüquq və beynəlxalq prinsiplərlə tənzimlənir və işğal olunmuş ərazilər azad olunandan sonra ehtiyac yaranacağı təqdirdə hansısa müəyyən birgə yaşayış yerində beynəlxalq mandat daşıyan hərbi patrulların yerləşdirilməsi məsələsi müzakirə olunub detallaşdırılmalıdır. Yəni bu bir nəfərin fikirləşdiyi kimi deyil, bu məsələdə bu problemin həlli kontekstində torpaqlar azad olunandan sonra hansı birgə yaşayış məntəqələrində beynəlxalq statuslu hərbi patrulların yerləşdirilməsi məsələsinə baxılıb konkretləşdirilməlidir. Sözsüz ki, burada aidiyyəti dövlətlərin öz münasibəti və rəyi bilinməlidir.

"Resurs" Analitik İnformasiya Mərkəzinin mətbuat xidməti

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Əfqanıstanda bir gecədə 65 terrorçu öldürüldü

SONRAKI XƏBƏR

Zurabişvili sərhədlərin delimitasiyasından DANIŞDI: "Vaxtında başa çatdırılmalıdır"