Azərbaycanın suriyalı döyüşçülərə ehtiyacı varmı? – Təhlil

Azərbaycanın suriyalı döyüşçülərə ehtiyacı varmı? – Təhlil

Son 2 ayda bir neçə dəfə yayılan bu “məlumat”ın arxasında hansı məqsədlər var?

“Google” elə bir “mühərrik”dir ki, ondan düzgün istifadə etməyi də bacarmalısan. Hər hansı bir informasiyanın araşdırılması zamanı, nəinki onun tarixinə, mənbəyinə, dərc olunduğu resursların ümumi “ruhu”na, habelə, məzmunda hallanan məlumat və açar sözlərə diqqət etmək lazım gəlir.

Çox zaman, bir məlumatı araşdırarkən, onun ilkin mənbəyinə çıxmaqla, məlumatın hansı məqsədlə və ya hansı maraqlardan yayılmasını da müəyyən etmək olur. Bəzən isə, ümumiyyətlə, ilkin mənbə tapmaq olmur. Bu sayt bir başqa sayta istinad edir, o sayt üçüncü sayta, üçüncü dördüncüyə, dördüncü saytda isə artıq mənbə yoxdur, sadəcə hardansa “məlumat” alıblar.

Bu günlərdə “Cavab ver” adlanan və əsasən işi-gücü türkləri və türkçülüyü lağa qoymaq, İranla bağlı hər şeyi müdafiə etmək olan bir səhifədə bir şəkil paylaşılmışdı: bir qrup əsmər gənc avtobusda oturub, fotokameraya əl edirlər. Başlıqda isə yazılıb ki, “Türkiyə suriyalı terrorçularını Azərbaycana göndərir”. Şərhlərdə isə admin Youtube-dan bir video paylaşır, o videoda ancaq bu şəkil, amma içində “Azad Suriya Ordusu”nun 500 döyüşçüsünün Türkiyə vasitəsilə Azərbaycana göndərildiyi, bu şəxslərdən Qarabağ müharibəsində ermənilərə qarşı istifadə ediləcəyi bildirilir.

Bu videodan sonra Youtube və Google-da ətraflı axtarış apardıq, nəticədə məlum oldu ki, iyul hadisələrindən bəri bir neçə dəfə oxşar məlumat yayılıb və təkcə sentyabr ayında iki dəfə (2 sentyabr və 22 sentyabr tarixlərində müxtəlif istinadlarla Rusiya, İran, Ermənistan mətbuatında “suriyalıların Azərbaycana göndərildiyi” bildirilir. Bəzi saytlarda Rusiya KİV-nə istinad olunur, birində Livan mətbuatına, digərində isə kürdlərin Firat Agentliyi istinad mənbəyi kimi göstərilir.

Livan mətbuatında belə tirajlanmayan, ingilisdilli Livan mediasının belə ciddi görüb işıqlandırmadığı bu “məlumatın” necə və kimlər tərəfindən verildiyi, nəyə əsasən bu qənaətə gəldiklərini müəyyən etmək mümkün olmadı. Bir məlumatda “Azərbaycanın köməyinə gələn” 300 suriyalıdan, digərində 500, bir başqasında isə minlərlə suriyalıdan söz açılır.

Dəfələrlə və hansısa məqsədlər naminə tirajlanan bu “məlumatı” Azərbaycan hökuməti təkzib etdi. Müdafiə Nazirliyi hələ 2 sentyabr 2020-ci ildə “Nezavisimaya Qazeta”nın yaydığı informasiyanı şərh etmişdi: “Sanki “yalan nə qədər çox və eybəcər olarsa, o qədər inandırıcıdır” prinsipi ilə məqaləyə yanaşan yazı müəllifi Vladimir Muxin heç bir etibarlı mənbəyə istinad etmədən, əsaslı faktlar gətirmədən oxucuları çaş-baş salır. Məqalədə guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçünün gətirilməsi barədə həqiqətə uyğun olmayan uydurmaları qəti surətdə rədd edirik”.

Ötən gün isə bu informasiya Gazeta.ru-da tirajlandı. Yenidən mövqe bildirməyə ehtiyac varmı?

Azərbaycan tərəfi və ya Rəsmi Ankara belə “dezinformasiya”ları hər həftə, hər ay şərh etməyə məcburdurmu?

Yaxud, Azərbaycanın öz silahlı qüvvələri, iyul hadisələrindən sonra könüllü orduya yazılan on minlərlə rezerv kontingenti ola-ola 300 və ya 500 suriyalıya ehtiyacı varmı?

Hərbi ekspert Ramil Məmmədli də o fikirdədir, xəbər məqsədli şəkildə ermənipərəst qüvvələr tərəfindən tirajlanır və Suriya mövzusunda Türkiyədən incik olan qüvvələrin diqqətini Qarabağ məsələsinə çəkməyə çalışır.

“Onlar istəyir ki, Rusiya, İran və habelə, Səudiyyə Ərəbistanı da bu istiqamətdə Azərbaycana və Türkiyəyə qarşı təzyiqlərə başlasınlar. Təbii ki, sözügedən dezinformasiya sırf kimlərdəsə qıcıq yaratmağa hesablanıb.

Həmçinin, o məqsəd güdülür ki, böyük dövlətlər Türkiyəyə təzyiq göstərərək, Azərbaycanın yanında olmaq fikrindən daşındırsın”, - deyə ekspert vurğulayıb.

Ramil Məmmədli onu da əlavə edir ki, Azərbaycan öz torpaqlarında anti-terror əməliyyatlarını öz resursları ilə aparmaq iqtidarındadır: “9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”yə görə, Azərbaycan Türkiyədən kömək istəyə bilər və Rəsmi Ankara da bunu istisna etmir”.

Rüfət Əhmədzadə

Mənbə: www.bizimyol.info