Bəyanatı silmək mümkündür, uduzulmuş savaşın itkilərini silmək olmur...

Bəyanatı silmək mümkündür, uduzulmuş savaşın itkilərini silmək olmur...

Bizə bütöv Qarabağ lazımdır, şikəst Qarabağ yox...

Lavrovun 5 rayon məsələsi Cəfər Cabbarlının “Almaz” pyesindəki Hacı Həsənin aranı qarışdırmaq üçün “Sən məscidi de, məsciddən söz aç” məşhur sözlərini xatırladır. Ölkədə torpaqların işğaldan azad olunması istiqamətində ciddi işlərin aparıldığı bir zamanda Lavrov yenə 5 rayondan danışdı. Və “axı müharibə nəyə lazımdı, bax, Lavrov 5 rayonu qaytarır” deyənlər, Lavrovun 10 ildən çoxdur bizə əzbərlətdiyi toplama cədvəlinin - 5+2-nin mahiyyətini dərk etmədən faktiki olaraq öz sadəlövhlüklərini, bəzən isə xüsusi maraqlarını cəmiyyətə sırımaq istəyirlər. Lavrova da, bu lazımdır...

“Madrid prinsipləri”nin mahiyyəti olan bu “5-lər”in sonunda Azərbaycanın Dağlıq Qarabağı itirəcəyini bu işdən bir balaca məlumatı olanlar yaxşı bilirlər. Ona görə Lavrov “beş” deyəndə, söhbətin nədən getdiyini onun qəbulunda olanlar bilib cavabını vermək əvəzinə, qayıdıb Lavrovun dilindən guya Paşinyana ünvanlanmış tənqid haqqında bəyanat yaydılar, sonra da sildilər. Savaş hazırlığımız da, bu naşılıqda olacaqsa.., hay bəri başdan. Bəyanatı silmək olur, uduzulmuş savaşın itkilərini silmək mümkün deyil. Bizim bir daha məğlub olmağa heç yerimiz qalmayıb.

Rusiya bütün şıltaqlıqlarına baxmayaraq Ermənistanın nazı ilə oynayır. Ermənistanın indiki hakimiyyəti mahiyyət etibarı ilə Qərbyönümlüdür və bunu gizlətmir, amma Rusiya yenə onu qoruyur. Oktyabrda Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyanın rəhbərlik etdiyi heyət Vaşinqtona səfər edəcək. Səfərin əsas məqsədi Ermənistan-ABŞ strateji dialoqunun yekun raunduna nail olmaqdır. Burda əsas məqsədlərdən biri ABŞ Konqresində qanunverici təşəbbüslərin qəbul edilməsidir. Eyni zamanda verilən məlumatlara görə bu strateji dialoqun əsasında hüquq, iqtisadiyat, müdafiə və siyasi məsələlər dayanır. Gördüyünüz kimi ermənilərin bu siyasətinin adı “strateji Ermənistan-ABŞ dialoqu” adlanır. Bu strategiyadan Lavrovun da xəbəri var və bu strategiya faktiki olaraq Rusiyanın maraqlarının əleyhinədir, amma rusiyalı nazir yenə bizimlə “5 tələ” söhbətini aparırlar. Bu tələnin ən təhlükəli tərəfi “sülhməramlı qüvvələrin yerləşdirilməsi”dir və bu sülhməramlılar mütləq Rusiya hərbçiləri olacaq, başqasına Putin-Lavrov cütlüyü imkan da verməyəcək. Sülhməramlı adı altında gələnlər heç vaxt imkan verməyəcək ki, biz qalan torpaqlarımızı da işğaldan azad edək. Bu, rəsmləşmiş təslimçiliyə bərabər olar. Bizə bütöv Qarabağ lazımdır, şikəst Qarabağ yox. Bunu ilk növbədə, elə o 5 rayonun əhalisi tələb edir. Elə bilməyin ki, sabah ağdamlı deyəcək ki, mənə Ağdam lazımdı, Şuşa, Kəlbəcər olmasa da olar. Yox! Qarabağ camaatı və bütün Azərbaycan deyir ki, bizim işğal olunmuş ərazilərin hamısı azad olunmalı, özümüz nəzarət etməliyik.

Sülhməramlının ardınca da yol – nəqliyyat kommunikasiyalarının açılmasını Lavrov xüsusi vurğulayıb. Bu da o deməkdir ki, Türkiyə də, Azərbaycan da blokadanı götürür və düşmən geniş nəfəs alıb bizim torpaqlarımızda rahat yaşamağa başlayır. Nəticə də odur ki, Azərbaycan Qarabağı sülh yolu ilə ermənilərə təslim edir.

Mövcud vəziyyət hal-hazırda budur ki, düşmənin apardığı siyasət nəticəsində danışıqlar formal xarakter daşıyır və bu 27 ildir ki, davam edir. Ən yüksək səviyyədə bildirildi ki, nəticəsiz danışıqları davam etdirməyəcəyik. Çox yaxşı. Düşmən də provakasiyanı davam etdirir. Deməli, müharibə qaçılmazdır. Əgər müharibə edib torpaqlar işğaldan azad edilməsə məntiqi nəticə belədir: biz status-kvo ilə, yəni işğalla barışırıq. Danışıqlardan imtina etmişik və müharibə qaçılmazdır. Savaş başlamasa biabırçılıq olacaq. Sabah düşmən deyəcək ki, güvəndiyiniz Türkiyə idi, o da gəldi, amma heç nə alınmadı. Və erməni güclüdür mifi baş alıb gedəcək.

“Qalib gəlmək elmi” kitabında məğlubedilməz sərkərdə Aleksandr Suvorov yazır ki, döyüşçünün mənəvi ruhunun qayğısına qalmaq lazımdır. Suvorov “əlini əsgərin ürəyinə qoyub onun döyüntüsünü öyrənirdi”, ona görə də əsgərlər onu “əsgər-feldmarşal” adlandırırdılar. Vətənini sevən hər bir Azərbaycan vətəndaşının ürəyinin döyüntüsü əsgər ürəyinin döyüntüsü kimidir. Bu döyüntünü səlahiyətlilər eşitsin. Elə bir vaxt çatıb ki, hər kəs qələbə ilə bitəcək savaşa hazırlaşır. Savaş olmasa millətin ruhu sınacaq. Savaş olub qələbə ilə bitməsə-fəlakət olacaq. Suvorov həmin kitabında qələbənin şərtlərindən biri kimi "Tanrıya dua etməyi" yazırdı. Allaha dua edirik, qoy O, həsrətlə gözlədiyimiz qələbəni bizdən əsirgəməsin!!!

İlham İsmayıl

Birinci Qarabağ müharibəsinin veteranı, rəsmən ehtiyatda olmasa da, özünü ehtiyatda sayan polkovnik-leytenant

Mənbə: moderator.az