Özbəkistan–Türkiyə: əməkdaşlıqda yeni addımlar

Özbəkistan–Türkiyə: əməkdaşlıqda yeni addımlar

Türkdilli ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, müştərək dil, mədəniyyət və maddi dəyərlərin qorunması, in­kişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından son illər mühüm işlər görülür. Dünya xəritəsinə nəzər salsaq görərik ki, qabaqcıl ölkələr ona görə inkişaf ediblər ki, orada elmi-texniki tərəqqi sürətlə aparılır, bu sahəyə külli miqdarda sərmayə yatırılır. Bu baxımdan türkdilli dövlətlərdə də elmə, təhsilə qoyulan vəsait ildən-ilə artır. Azərbaycanın Türkiyə və digər türkdilli xalqlarla iqtisa­di, siyasi, mədəni, təhsil və digər sahələrdə əlaqələri möhkəmlənir. Redaksiyamıza daxil olan məktubda Özbəkistan və Türkiyənin təhsil sahəsində əməkdaşlığından bəhs olunur. Termiz Dövlət Universi­tetinin rektoru, professor Dr. Abdukadir Taskulov və həmin univer­sitetin Özbək filologiyası fakültəsinin dekanı dosent Dr. Obidjon Şofıyev rəhbərlik etdikləri universitetin əldə etdikləri uğurlardan, Özbəkistanda təhsilə göstərilən qayğıdan, eləcə də universitetin Türkiyə ali təhsil ocaqları ilə əlaqələrindən danışılır.

Son illərdə Özbəkistanda təhsilə dövlət qayğısının artması bu sahədə yeni layihələrin həyata keçirilməsinə münbit zəmin yaradır. Bu ölkənin ali təhsil sistemində tətbiq olunan yeni təhsil konsepsiyasına nəzər saldıqda görürük ki, ölkə Prezidenti Şavkat Mirziyoyev digər sahələrlə yanaşı, təhsil sahəsini də inkişaf etdirmək üçün müvafiq fərman və qərarlar imzalayıb. Həmin sənədlərdə yenilikçi sistemlərin tətbiqi, beynəlxalq təcrübələrin araş­dırılması, təlim proqramları arasında inteqrasiyanın gücləndirilməsi, ixtisaslı mütəxəssislərin işə cəlb edilməsi, elmi potensialın artırılması, yeni kadrların hazırlanması yolunda atılacaq addımlar müəyyənləşdirilir.

Bu yeniliklərlə bağlı ölkənin cənubunda, Sırxandərya vilayətində işlər uğurla həyata keçirilir. Sırxandərya, böyük mütəfəkkirlər yurdu, Hakim Tirmizi, İmam Tirmizi, Salamandər Tirmizi, Sabir Tirmizi kimi böyük alimləri yetişdirən torpaq­dır. Bu alimlərin qoyduqları irs, kitab və risalələr insanın daxili dünyasını zənginləşdirən qiymətli xəzinə kimi günümüzdə də dəyərlidir.

Elmin inkişafı, ölkəmizin nüfu­zunu dünyaya yayacaq yeni bir nəsil yetişdirmək bugünkü işlərimizin əsas məqsədidir. Çünki yaradılan şərait bu torpaqlarda yeni tirmizilərin yetişəcəyinə imkan verir.

Termiz Dövlət Universiteti vilayətin ən böyük ali təhsil müəssisəsi hesab olunur. Bu gün universitetdə 17 fakültə, 45 kafedra fəaliyyət göstərir. 19 min 981 tələbənin təhsil aldığı universi­tet şəhərciyində tələbələr üçün bütün imkanlar yaradılıb. Şəhərcikdə məktəb binaları, stadion, yataqxanalar, böyük kitabxana və avtomobil dayanacağı var. Universitetdə pulsuz internet xidməti mövcuddur. Lisenziya proqramında 5 + 1, magistr proqramında 4 + 2 olaraq həftəlik məktəb proqramı tətbiq olunur. Bu gün universitetdə 25 DSc, professor, 124 elmlər namizədi, doktor və dosent fəaliyyət göstərir. Universitetdə 6 təhsil sahəsi üzrə doktorantura (PhD) dərəcəsi verən Disseratasiya Şurası fəaliyyət göstərir. Universitet elmi jurnal və qəzetə sahibdir.

Hazırda Termiz Dövlət Univer­siteti bir çox universitet və tədqiqat mərkəzləri ilə əməkdaşlıq müqavilələri bağlamışdır. Universitet Rusiya, Bela­rus, Türkiyə, Almaniya, Azərbaycan, Qazaxıstan, Çin, Yaponiya, Polşa, Slo­veniya, İtaliya, Avstriya, Çex Respubli­kası, Tacikistan kimi dövlətlərin qabaq­cıl universitetləri ilə müxtəlif şöbələrdə əməkdaşlığını davam etdirməkdədir. Hər il professor, müəllim və tələbələr beynəlxalq konfrans və simpoziumlarda iştirak edirlər.

Termiz Dövlət Universiteti ilə Türkiyədəki ali təhsil qurumları arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq gündən-günə artır. Özbəkistan ilə Türkiyəni ortaq dil və tarix, mədəniyyət, ənənəvi dostluq və qardaşlıq birləşdirir. Qardaşlığın ifadəsi olaraq Türkiyə Cümhuriyyəti Özbəkistanın müstəqilliyini ilk olaraq qəbul etmiş və tanımışdır.

Hazırda Özbəkistan və Türkiyə ara­sındakı münasibətlərdə yeni bir səhifə açılır. Prezidentlər Şavkat Mirziyoyev və Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi iki dövlət arasında əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır.

Qarşılıqlı səfərlər zamanı Özbəkistan və Türkiyə arasındakı siyasi, ticari, investisiya, nəqliyyat, kənd təsərrüfatı, təhsil, elm və digər əməkdaşlıq sahələrindəki inkişaf məsələləri ətraflı müzakirə edilir.

Cari ilin avqust 18-də qəbul edilən “Özbəkistan Respublikası ilə Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq əlaqələrini gücləndirmək və çoxşaxəli əməkdaşlığı genişləndirmək imkanlarına dair” hökumət qərarı iki ölkə arasındakı əlaqələrin daha da sıx olduğunu göstərir.

Bu gün Termiz Dövlət Universi­teti Türkiyənin Ankara Hacı Bayram Vəli Universiteti, İstanbul Universiteti, İstanbul Şeyx Edebali Universiteti və Mersin universitetləri ilə əməkdaşlıq müqavilələri imzalamışdır. Hər iki tərəfin imzaladığı əməkdaşlıq müqaviləsi ilə professor – müəllim heyəti mübadilə proqramını dəstəkləyir, beynəlxalq sim­pozium və konfranslarda iştirakı təmin edir. Məsələn, Termiz Universitetinin müəllimi, dosent Şofiyev 20-21 fevral 2020-ci il tarixlərində İstanbul Univer­sitetinin Ədəbiyyat fakültəsində seminar keçirdi. Bu gün Türkiyənin Ankara Hacı Bayram Vəli Universiteti Çağdaş Türk Ləhcələri və Ədəbiyyatı şöbəsinin müəllimi, dosent Vəli Savaş Yelok universitetin Ədəbiyyat Araşdırmaları bölməsində “Ədəbi əlaqələr” dərsini onlayn şəkildə tədris edir. Eyni zaman­da, cari ilin 22-24 oktyabr tarixlərində Türkiyənin Mersin şəhərində 4-cü beynəlxalq simpozium keçiriləcəkdir. Bu simpoziumun təşkilində Termiz Dövlət Universiteti ortaq bir universitet olaraq təyin olunub, universitet rektoru təşkilat heyətinin üzvü seçilib.

Universitetin nümayəndələri 12-15 noyabr 2020-ci ildə Antalya­da keçirilməsi nəzərdə tutulan 3-cü Beynəlxalq Türk Dünyası Təhsili və So­sial Elmlər Konqresinə də dəvət edilib.

Bu gün Termiz Dövlət Universiteti və Türkiyənin bir sıra universitetləri, araşdırma mərkəzləri ilə əməkdaşlığın gücləndirilməsi iki ölkə arasındakı əlaqələrin yeni bir mərhələyə qədəm qoyması kimi qiymətləndirilə bilər. Amalımız türkdilli dövlətlərin birliyinə nail olmaq, dünyanın siyasi arenasında onların nüfuz və söz sahibi kimi birgə çıxış etməsinə kömək göstərməkdir.

“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com