“Artıq Rusiyaya göstərmək lazımdır ki, regionun ağası deyil” - ekspert

“Artıq Rusiyaya göstərmək lazımdır ki, regionun ağası deyil” - ekspert

Ermənistan ordusunun davamlı təxribatları sərhəddə gərginliyi daha da artırıb və genişmiqyaslı hərbi əməliyyatla barədə ehtimalları gücləndirib. Bundan əlavə, PKK terrorçularının Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində yerləşdirilməsi narahatlıqları ciddi şəkildə artırıb. Bütün bunların fonunda, Türkiyə-Rusiya qarşıdurmasının meydana çıxacağını da düşünənlər var.

AYNA-nın mövzuya dair suallarını politoloq Şahin Cəfərli cavablandırıb:

- Rusiyanın Ermənistana, Türkiyənin isə Azərbaycana dəstək nümayiş etdirməsi Türkiyə-Rusiya qarşıdurmasını Yaxın Şərqlə yanaşı, Cənubi Qafqaza da daşıya bilərmi?

- Buna hələlik qarşıdurma demək olmaz. Buna baxmayaraq, Rusiya-Türkiyə rəqabətinin Cənubi Qafqaza da proyeksiya olunduğunu söyləmək olar. Ən azından, bunun əlamətlərini hiss edirik. Xüsusən də Tovuz hadisələrindən sonra Türkiyənin bu məsələyə bir az aktiv müdaxiləsi müşahidə olunmağa başlayıb. Əlbəttə ki, Türkiyə Qarabağ problemində Azərbayacana hər zaman ciddi siyasi dəstək nümayiş etdirib. Amma Tovuz insidentindən sonra Türkiyə rəhbərliyinin mövqeyində əvvəlkindən daha fərqli bir ton hiss olunmağa başladı. Yəni, Türkiyə rəhbərliyi bu dəfə ənənəvi dəstək bəyanatlarından daha da irəli gedərək, açıq şəkildə Azərbaycana hərbi yardım etməyə hazır olduğunu bəyan etdi. Əvvəllər isə bu qədər açıq bəyanatlar olmurdu.
Eyni zamanda, bu bəyanatlar sözdən əmələ də keçdi və nəticə olaraq Azərbaycanda Türkiyə ilə birgə hərbi təlimlər baş tutdu. Düzdür, bundan əvvəlki illərdə də hərbi təlimlər keçirilirdi. Amma budəfəki təlimlərin əsas fərqi ondan ibarət oldu ki, təlimlər bitdikdən sonra da Tükiyə hərbi kontingenti Azərbaycanı tərk etmədi. Bu yeni reallıq Azərbaycan rəhbərliyinə öz mövqeyini həm Rusiyanın, həm də işğalçı ölkənin qarşısında daha cəsarətlə nümayiş etdirməyə və sərtlik dozasını artırmağa şərait yaradır. Yəni, əvvəllki dövrlərlə müqayisə, Türkiyə hərbi kontingentinin Azərbaycanda qalması və bundan doğan siyasi nəticələr yeni bir reallıq yaradır.

- Türkiyə-Rusiya rəqabətinin Azərbaycan üçün hansı təsirləri ola bilər?

- Türkiyə ilə Rusiya arasında hiss olunan rəqabət elementləri, əslində, bizim üçün faydalıdır. Çünki biz regionda Rusiyanın neqativ təsirlərini balanslaşdırmaq üçün kənar müttəfiqə və gücə ehtiyac duyurduq. Əgər Türkiyə bu rola razıdırsa və Rusiyanın burada təsirlərini ən azı müəyyən dərəcədə məhdudlaşdıra biləcəksə, əlbəttə ki, Azərbaycan ictimaiyyəti bunu dəstəkləyəcək. Amma bununla yanaşı, Türkiyənin Rusiya ilə açıq qarşıdurmaya gedəcəyinə də inanmıram. Çünki Liviyada da belə olmuşdu. Liviyada Türkiyə Rusiyanın leqal hərbi qüvvələri ilə deyil, “Vaqner” qruplaşması ilə toqquşmuşdu. Hansı ki, Rusiya rəhbərliyi “vaqnerçiləri” ora göndərdiyini boynuna almır və “Vaqner” qruplaşması ilə bağlılığını inkar edirdi. Məhz buna görə Liviyada Türkiyə ilə Rusiya arasında açıq qarşdurma olmadı.

Elə Suriyada da buna bənzər vəziyyət yaranmış və 30-dan çox Türkiyə hərbçisi bombardıman nəticəsində həlak olmuşdu. Həmin bombardıman Rusiya aviasiyası tərəfindən təşkil olunsa da, Türkiyə bunu bildirmədi və bu hadisədə Əsəd ordusunu ittiham etməklə Rusiya ilə münasibətlərdə açıq qarşıdurma müstəvisinə keçmək istmədəyini nümayiş etdirdi. Rusiya da öz növbəsində Türkiyənin bu addımını qəbul etdi və bombardımanın Əsəd qüvvələri tərəfindən təşkil edildiyini bildirdi. Yəni, həm Ankara, həm də Moskva açıq müstəvidə toqquşmaya getmək istəmir. Düşünürəm ki, Azərbaycanda da belə olacaq və hər iki ölkə açıq qarşıdurmaya getməyəcək. Buna baxmayaraq, hər iki ölkə özünün regional maraqlarını yürütməyə çalışacaq.

- Türkiyə-Rusiya rəqabətinin Azərbaycan üçün faydalı ola biləcəyini vurğuladınız. Digər tərəfdən, Suriya və Liviyada hər iki ölkənin maraq toqquşması nəticəsində ağır nəticələr, çoxlu itkilər baş verib. Bu rəqabətin Cənubi Qafqaza proyeksiyası, gedişatda bizim regionunun da eyni aqibətlə üzləşməsinə gətirib çıxara bilər?

- Bizə lazım olan odur ki, Rusiya bilsin ki, regionun ağası deyil və onun qarşısına çıxa biləcək başqa regional güclər də var. Rusiya bunu real olaraq hiss edərsə, ola bilsin, Qarabağ mövqeyində də daha müsbət meyillər yaransın. Ən azı, Rusiya bu konfliktin Azərbaycanın da maraqları nəzərə alınmaqla həlli variantında maraqlı olsun. Çünki nə vaxta qədər regionda Rusiyanın qarşısına maraqlarını məhdudlaşdıra biləcək rəqib çıxmayacaq, o zamana qədər də Rusiya bu münaqişənin həllində maraqlı olmayacaq. Amma Türkiyə bu rola razıdırsa, regionda Rusiya ilə rəqabətə girmək gücündə və iradəsindədirsə, Rusiya Türkiyənin buradakı varlığını hiss edərsə, Azərbaycanın maraqlarına da daha diqqətlə və həssaslıqla yanaşa bilər. Bu da öz növbəsində Qarabağ probeleminin həlli prosesində bizim xeyrimizə müəyyən bir dönüşün yaranmasına gətirib çıxara bilər.
- Rusiyanın Cənubi Qafqazdakı təsiri və təzyiqi məlum məsələdir. Münaqişənin həllində maraqlı olmadığı üçün də bu təsir və təzyiqi saxlamaq niyyətindədir. Azərbaycanın bu təsir dairəsindən birbaşa uzaqlaşması Rusiyanın açıq qıcığına səbəb olmayacaq?

- Azərbaycan üçün təbii ki, risklər var. Bu risklər də ondan ibarətdir ki, əgər Azərbaycan birmənalı şəkildə, yəni qərbyönümlü strateji seçim edərsə, o zaman Rusiya tərəfdən əks addımların atılmasını gözləmək olar. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasəti bu günə qədər müxətlif geopoltik mərkəzlər arasında balans yaratmaq əsasında qurulmuşdu. Düzdür, Azərbaycan Prezidenti hər zaman balans siyasəti yox, milli maraqlara uyğun siyasət yürüdüldüyünü deyir. Amma hər halda, siyasətin mahiyyəti bu günə qədər bu balansı qorumaqdan ibarət olub. Yəni Azərbaycan birmənalı şəkildə seçim etməyib. Əgər, Azərbaycan bu mərhələdə seçim edəcək, Türkiyə ilə açıq hərbi müttəfiqliyə imza atacaq və Türkiyənin Azərbaycanda daimi hərbi bazalarının yaradılmasına şərait yaradacaqsa, o zaman Rusiya tərəfdən müəyyən provokativ addımlar gözləməyə dəyər. Ümumiyyətlə, Cənubi Qafqaz o qədər mürəkkəb bir regiondur ki, burada hər zaman risklər mövcuddur. Ona görə də bu xarici siyasətdə və Qarabağ məsələsi ilə bağlı qərarlarda diqqətlə siyasi addımlara keçmək lazımdır. Hər şeyi ən incəliklərinə qədər götür-qoy edib qərar qəbul etmək lazımdır ki, Azərbaycan bundan minimum itkilərlə çıxsın. Azərbaycan rəhbərliyinin isə üzərinə düşən əsas məsuliyyət bundan ibarətdir ki, addımlarını çox diqqətlə və dəqiq hesablayaraq atsın ki, ölkə bu prosesdən qazanclı çıxsın.

- Bunun üçün daxili siyasətdə də hansısa addımlar atılmalıdır?

- Təbii ki, bu istiqamətdə daxili siyasətdə də real və ciddi addımların atılmasına ehtiyac var. İlk növbədə Azərbaycan daxilində qarşıdurmalardan, müxalifətlə toqquşmalardan, gərginliklərdən qaçmaq lazımdır və Azərbaycan vətəndaşlarının Konstitusiyada nəzərdə tutulan hüquq və azadlıqlarını tədricən vermək lazımdır. Bundan da qorxmaq lazım deyil. Məncə, Azərbaycan daxilində milli birliyin əsas şərti də məhz budur. Azərbaycan dövləti o vaxt güclü olacaq ki, onun güclü vətəndaşları olacaq. Güclü vətəndaş formalaşdırmağın yolu da insanların bütün hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir.

- İndiki şəraitdə bu milli birlik mümkündür?

- Əlbəttə ki, mümkündür! Sadəcə olaraq burada Azərbaycan iqtidarının üzərinə böyük məsuliyyət düşür. Çünki qərarverici məqamda olan iqtidardır. Mən şəxsən Azərbaycanda elə radikal müxalifət görmürəm ki, onlar heç bir vəchlə hakimiyyətlə danışıqlara getmək istəməsin və barışmaz mövqedə qalsınlar. Hətta, radikal müaxlifət kimi tanınan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da hakimiyyətlə dialoqa getməyə hazır olduğunu bildirib. Mən bunu AXCP-nin mövqeyini dəstəkləmək üçün demirəm. Yəni, onların da mövqeyinə hakimiyyət anlayışlı yanaşmalıdır, onlar da milli maraqlar uğrunda bir masaya oturmağa hazırdırlar.

Mənbə: www.dia.az