Bu həssas dönəmdə Pakistanla Ermənistanın dostluğundan danışanlar xarici kəşfiyyata işləyənlərdir

Tovuz sərhədi boyunca Azərbaycan-Ermənistan gərginliyi davam edərkən, Rusiya prezidenti Vladimir Putin 150 minlik ordu ilə "Qafqaz-2020" hərbi təlimlərinin keçirilməsinə əmr verdi. Hərbi təlimlər regionun Cənub və Qərb hissəsində sentyabrın 21-də başladı və ayın 26-dək davam edəcək. 80 mindən çox hərbçinin qatıldığı təlimlər Rusiyanın cənubundakı hərbi poliqonda start götürüb.

İştirakçılar Milli Qvardiya, Fövqəladə Hallar Nazirliyi, Hava Hücumundan Müdafiə Qüvvələri, Hərbi Dəniz Qüvvələri, logistik və texniki dəstək və döyüş qoşunlarının hərbçilərindən ibarətdir.

Təlimi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun idarə edəcəyi bildirilib.

Qoşunların əsas əməliyyatları Cənubi Hərbi Dairədəki “Prudboy”, “Aşuluq”, “Kapustin Yar”, eləcə də “Arzgir” və “Kopanskaya” hava poliqonlarında, həmçinin Qara və Xəzər dənizlərinin sularında keçiriləcək.

“Qafqaz-2020” təlimlərinə Ermənistan, Belarus, Çin, Myanma və Pakistandan 1000-ə qədər hərbçi dəvət edilib. Azərbaycan, İndoneziya, İran, Qazaxıstan, Tacikistan və Şri-Lankadan nümayəndələrin müşahidəçi qismində iştirak edir.

Hərbi təlimlərdə Pakistanın iştirakı Azərbaycan ictimaiyyətinə bir qədər fərqli rakursdan çatdırılmağa çalışıldı. Sosial şəbəkələrdə Pakistanı az qala Ermənistana dost çıxarıb, yeni əlaqələrin qurulmasından bəhs edilir. Bu həqiqətən belədirmi? Bu kimi informasiyalar yaymaq kimlərin marağındadır?

Bizimyol.info-nun suallarını Beynəlxalq məsələlər üzrə ekspert, Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli cavablandırır:

 

Əziz Əlibəyli

Azərbaycan və Pakistan arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən əlaqələr mövcuddur. Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyədən sonra sonra tanıyan ikinci ölkə oldu. Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladım ki, Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk üç dövlətdən birincisidir. Diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulmuşdur. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlamışdır. 2017-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasının gümüş yubileyi də qeyd olunub. Əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.

Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib - Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.

Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyir, beynəlxalq təşkilatlarda namizədlər məsələsində qarşılıqlı razılığa gəlirlər.

İlhamə

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə dəhşət saçan ağcaqanadlar Azərbaycana gələ bilər

SONRAKI XƏBƏR

Azərbaycan banklarına əmanət qoyuluşu artıb