Yusif Bağırzadə: "Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ikinci bir müttəfiq dövlət yoxdur" - MÜSAHİBƏ

Yusif Bağırzadə: "Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ikinci bir müttəfiq dövlət yoxdur" - MÜSAHİBƏ

Politoloq Yusif Bağırzadənin Axeber.az-a müsahibəsi:

Yusif müəllim, bildiyiniz kimi, düşmən son zamanlar Tovuz istiqamətində hərəkətə keçib. Hər zaman işğal olunmuş Dağlıq Qarabağdan atəşkəsi pozan düşmən niyə istiqaməti dəyişib Tovuzu hədəfə alır?

Ermənistan tərəfinin Tovuz istiqamətində təxribat törətməsinin arxasında bir sıra məqsədlər dayanır:

Karbohidrogen ehtiyatları xətləri qaz və neft kəmərləri keçən ərazidir və onları sıradan çıxararaq Azərbaycan iqtisadiyyatına ciddi zərər vurmaq;

Paşinyan hökuməti yeni ərazilər işğal etməklə ondan əvvəlki aprel döyüşləri və Günnüt əməliyyatındakı məğlubiyyət nəticəsində ölkə ərazisində itirilmiş nüfuzunu bərpa etmək;

Əhalinin diqqətini sosial-iqtisadi problemlərdən yayındırmaq.

Münaqişəni Azərbaycan-Ermənistan sərhəddində qızışdırmaqla Rusiyanı və KTMT-ni münaqişəyə cəlb etmək;

Lakin Paşinyan hökumətinin bu arzusu ürəyində qaldı və bu provakasiyaya heç bir dövlət getmədi. Həmin dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəfələrlə təsdiqləyiblər və bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın sərhədi çərçivəsində olmalıdır.

Sizcə, Ermənistan-Azərbaycan sərhəddində baş verən son hadisələrlə bağlı beynəlxalq ictimaiyyətin mövqeyini qənaətbəxş hesab etmək olarmı?

- Bu suala birmənalı şəkildə hə və ya yox demək olmaz. Çünki bilirsiniz ki, erməni təxribatı nəticəsində baş vermiş münaqişədən dərhal sonra Türk Şurasına üzv dövlətlər tərəfindən, Qoşulmama Hərərkatına üzv dövlətlər tərəfindən, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlər tərəfindən, eləcə də Ukrayna, Gürcüstan və bir sıra digər dövlətlər tərəfindən Ermənistan təxribatı pislənildi və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı bəyanatlar səsləndirildi. Daha sonra dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması üçün prezident başda olmaqla hökumət tərəfindən səsləndrilən bəyanatlar, eləcə də xaricdə yaşayan soydaşlarımızın təşkil etdiyi çoxsaylı aksiyaların nəticəsi olaraq dünya ictimaiyyəti hadisələrin əsl mahiyyəti haqqında geniş informasiya əldə etmiş oldular. Digər tərəfdən isə ATƏT həmsədr ölkələri başda olmaqla bir qism ölkələrin Ermənistanı qınamaması, ikili standartlardan çıxış etməsi hələ də beynəlxalq güclərin münaqişənin həllində maraqlı olmamasını ortaya qoyur.

Necə düşünürsünüz, xarici işlər naziri Elmar Məmmədyarovun vəzifədən azad edilməsi, yeni nazir təyinatı Azərbaycanın xarici siyasətində və münaqişənin həllində əsaslı dönüş yaradacaqmı?

- Təbii ki, yaradacaq və artıq bunun müəyyən təzahürlərinin şahidiyik. Prezidentin də qeyd etdiyi kimi torpaqları işğal olunan bir dövlətin xarici siyasəti hücum diplomatiyası üzərində qurulmalıdır ki, Elmar Məmmədyarov və onun fəaliyyəti heç bir halda bu siyasətə cavab vermirdi. Onun loyallığı isə eyni qaydada xarici ölkələrdəki səfirliklərimiz və diplomatik nümayəndəliklərimizdə də hiss olunurdu. Hazırda isə istər Ceyhun Bayramovun, istər Hikmət Hacıyevin, istərsə də səfir və konsullarımızın fəaliyyətində xarici siyasətimizdə dönüşün şahidiyik.

Bildiyiniz kimi, Türkiyə hər zaman olduğu kimi, son hadisələrdə də öz mövqeyi ilə Azərbaycanın yanında olduğunu bir daha nümayiş etdirdi. Deyə bilərikmi, hər zaman inkişaf edən Türkiyə-Azərbaycan münasibətləri Tovuz hadisələrindən sonra daha da möhkəmləndi?

- Türkiyə Azərbaycan dost və qardaş ölkədir. Hər iki ölkəni bir-birilə eyni qan, eyni din, eyni adət və ənənələr bağladığı kimi həm də ortaq dostlar və ortaq düşmənlər birləşdirir. Türkiyə bizim ən yaxın müttəfiqimiz kimi həmişə Azərbaycanın yanında olub və eyni münasibət də Azərbaycan tərəfindən Türkiyəyə göstərilib. İstər beynəlxalq tribunalarda bir-birlərinə verdikləri dəstək olsun, istərsə də ən xoş və ən çətin zamanlarda bir-birilərinin yanında olmaqla hər iki ölkə bütün dünyaya dostluq və qardaşlıq nümunəsi göstərib. Tam məsuliyyəti ilə demək olar ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ikinci bir müttəfiq dövlət yoxdur. Bu mənada Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün nümunədir. Odur ki, iyul hadisələrindən dərhal sonra Türkiyənin Azərbaycanın yanında olması və o ölkə rəsmilərinin bir-birinin ardınca səsləndirdiyi bəyanatlar və tutduqları mövqe tamamilə gözlənilən idi.

Tovuz hadisələrindən dərhal sonra Türkiyə-Azərbaycan birgə təlimləri keçirildi. Bundan Ermənistan və ona havadarlıq edən qüvvələr ciddi narahat olmağa başladı. Necə düşünürsünüz, bu hərbi təlimlərin məntiqi nəticəsi olaraq, Türkiyə-Azərbaycan hərbi ittifaqı yaradılmalıdırmı?

- Türkiyə ilə Azərbaycan arasında mütəmadi olaraq hər il 10-12 bigə hərbi təlimlər keçirilir. Heç şübhəsiz ki, Türkiyə ordusunun hərbi təcrübəsinin Azərbaycan tərəfindən mənimsənilməsi baxımından bu təlimlərin çox böyük əhəmiyyəti var. Son təlimlər isə indiyə qədər olan təlimlərdən say və zaman etibarilə fərqlənirdi. Naxçıvan, Gəncə, Yevlax, Bakı və digər yerlərdə keçirilən təlimlərdə Türkiyə tərəfdən 10 mindən artıq hərbi kontingent iştirak edirdi və bu heç şübhəsiz ki, həm ermənilərə həm də onların havadarlarına göstərilən güc nümayişi idi. Bu təlimlər ermənilərə “havadarlarınıza o qədər də arxayın olmayın” mesajı idi və mesaj ünvanına çatdı. Həm Ermənistan həm də onu dəstəkləyən ölkələrdə başa düşdü ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç bir zaman barışmayacaq və ümumi düşmən qarşısında da tək deyil, onun Türkiyə kimi dünyada öz ordusunun hazırlığı ilə seçilən NATO üzvü kimi bir müttəfiqi var. Hərbi İttifaq sazişinə gəldikdə isə bu olduqca vacibdir. Təbii ki, Hərbi İttifaq sazişinin imzalanması vacibdir. Və bizlər bu sazişin vacibliyi haqqında danışarkən heç də Türkiyənin bizim əvəzimizə torpaqlarımızı düşməndən azad edəcəyini düşünməməliyik. Azərbaycanın kifayət qədər güclü ordusu və əsgərləri var və torpaqların işğaldan azad olunması da ilk növbədə bizin ordunun vəzifəsidir. Amma haqqında danışdığımız saziş ermənilərə dəstək verə biləcək qüvvələri çəkindirmək baxımından çox əhəmiyyətlidir. Hərbi İttifaq sazişi imzalanacağı halda onlar da başa düşəcəklər ki, ermənilərə hər hansı hərbi dəstək halında bizim müttəfiqimiz də prosesslərə qoşula bilər.

Tovuz döyüşlərində Azərbaycan, belə desək, dostunu və düşmənini bir daha tanıdı. Məlum oldu ki, bu müddət ərzində Serbiya və Rusiya Ermənistana müxəlif yollarla külli miqdarda silah-sursat veriblər. Dövlətimizin başçısı və Azərbaycan hökuməti bu addımları kəskin pislədi. Xüsusilə burada Rusiyanın üzərində dayanmaq istərdik, çünki Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindəndir. Münaqişəni həll etmək üçün yaradılan bir qurumun həmsədri kimi Rusiyanın müharibə zamanı Ermənistana silah satması və münaqişəni daha da alovlandırması hansı məntiqə uyğundur? Və bunun səbəbləri sizcə nədən ibarətdir?

- Çox təəssüf ki, bu günki müasir dünyamızın başa düşdüyü tək dil güc dilidir. Əgər gücünü göstərib haqqını tələb edəcəksənsə, o zaman səninlə hesablaşacaqlar, yox əgər sənə arxadan zərbə vurana qarşı qəti addımlar atmayacaqsansa, o zaman başqalarına da səni əzib keçməsi üçün imkan yaratmış olacaqsan. Odur ki, cənab prezident tərəfindən istər Serbiyaya, istər Rusiyaya, daha sonra Yunanıstana tutulan iradlar tamamilə yerində olan iradlar idi.

Bu həmin Serbiyadır ki, Kosovanın ondan ayrılmasından və 2008-ci ildə müstəqillik elan etməsindən sonra ABŞ və Qərb ölkələri başda olmaqla əksər dövlətlər Kosovanın müstəqilliyini tanıdığı halda Azərbaycan “Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur” şəklində bəyanat verdi və Serbiyanın ərazi bütövlüyünü dəstəkləyən tək-tük ölkədən biri oldu. Bu həmin Serbiyadır ki, bir çox ölkələrlə viza rejimini saxladığımız halda, bu ölkəylə 2018-ci ildən etibarən viza rejiminin aradan qaldırmışıq. Serbiyanın ən iri layihələrdən olan Liq-Prelin avtomagistralının inşası da məhz Azərbaycanın illik cəmi 4 faizlə verdiyi 308 mln. avroluq kredit hesabına tikilir. Mən hələ Azərbaycan Dillər Universitetində Serb Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərməsindən, eləcə də bir müddət öncə koronavirusdan əziyyət çəkən ölkə olaraq bu dövlətə humanitar yardım kimi verdiyimiz maliyyə və tibbi ləvazimat dəstəyindən danışmıram. Cənab prezident tərəfindən bildirilən iradlardan sonra Serbiyanın Ermənistana silah satışı tamamilə dayandırıldı və bunu diplomatik uğur kimi qiymətləndirmək olar. İlk öncə Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti haqqında danışmaq yerinə düşər. Ölkəmizin Rusiyaya qoyduğu investisiya 1,2 milyard dollar, Rusiyanın isə Azərbaycana qoyduğu investisiya 4,9 milyard dollar həcmindədir. İllik ticarət dövriyyəsinin həcmi 3 milyard dollara yaxındır. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın müəssisə qeydə alınıb, Rusiyanın ölkəmizin iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 1,5 milyard dollardır. Hazırda iki ölkə arasında 200-dən çox dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Başqa sözlə, fakt ondan ibarətdir ki, bu gün Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas ticarət tərəfdaşıdır. Digər tərəfdən isə erməniləri Cənubi Qafqaza gətirən və onların burada möhkəmlənməsini təmin edən, illər ərzində Ermənistan ərazisini genişləndirən, nəhayət, Dağlıq Qarabağ problemini yaradan da məhz Rusiyadır. Bu, Rusiyanın strateji marağına uyğun olaraq apardığı siyasətdir və görünən odur ki, Rusiya əsrlər boyu həyata keçirdiyi siyasətdən imtina etmək fikrində deyil. Rusiyanın nə zamansa Cənubi Qafqazdakı strateji maraqlarından və erməniləri dəstəkləməsindən əl çəkəcəyini gözləmək sadəlövlük olardı. Rusiyanın hazırki münasibətinə gəldikdə isə qeyd etmək lazımdır ki, movcud münasibətlərdəki gərginlik bizdən asılı olmayan səbəblərdən qaynaqlanır. Düşmən ölkəni davamlı olaraq silahlandırması, Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya çıxışının yaratdığı qıcıq, Azərbaycan-Türkiyə müttəfiqliyi fonunda regionda söz sahibliyini itirmə qorxusu və bundan çıxış edərək Azərbaycana yönəlik təzyiqləri nəhayət ki, hakimiyyəti sərt təpki göstərməyə məcbur etdi. Prezident İlham Əliyevin rəsmi Moskvaya olan reaksiyası, Ceyhun Bayramovun Moskvadakı mətbuat konfransında ortaya qoyduğu mövqe və ən nəhayət, prezidentin köməkçisi Hikmət Hacıyevin açıqlaması bu təpkinin ən bariz göstəricisidir.

Qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycana dəstək mesajları, Qarabağın işğaldan azad olunması üçün sonacan Azərbaycanın yanında olduğunu bəyan etməsindən sonra rəsmi Moskvanın işğalçı Ermənistana silah-sursat göndərməsi təkzib olunmaz faktlarla sübut olunub. Belə ki, Ermənistan-Azərbaycan sərhədində baş vemiş hərbi toqquşmalardan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə etməklə Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 500 tondan artıq olduğu rəsmi mənbələrdə öz təsdiqini tapıb. Rusiyanın ATƏT Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq işğalçı Ermənistanı dəstəkləməsi təbii olaraq Rusiyanın ATƏT Minsk Qrupunun üzvü kimi mandatını şübhə altına almağa imkan verir.

Bildiyiniz kimi, bütün dünyanı cənginə almış COVID-19 pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir. Siz Azərbaycanda bu istiqamətdə atılan addımları necə qiymətləndirirsiniz?

- Azərbaycan hökumətinin koronavirusla mübarizə sahəsində atdığı addımların effektliyinin nəticəsi idi ki, bütün dünya bu virusun acı nəticələri ilə üzləşdiyi vaxt ölkəmiz yoluxanların sayını minimuma endirməklə həm yeni xəstəxanaların tikintisi, həm qoruyucu vasitələrlə bağlı fabriklərin işə salınması, həm də sosial problemlərin həllinə nail oldu. Bununla da dövlət hər zaman öz vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirdi.

Hələ martın 19-da ölkə başçısının sərəncamına müvafiq olaraq məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün çoxistiqamətli proqramlar müəyyən edilmişdi. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait ilk vaxtlar 2,5 milyard manat nəzərdə tutulsa da, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələyib. Nəticədə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilib, sahibkarlar, aztəminatlı ailələr, müvəqqəti olaraq işini itirmiş şəxslərlə yanaşı 600 min vətəndaşımız bir neçə ay ərzində 190 manat məbləğində yardım paketindən istifadə edib. Ümumilikdə isə qeyd etmək lazımdır ki, koronavirus pandemiyası dünyanı bürüyən bir bəladır. Bu xəstəlikdən çox sayda ölüm halları da var. Hökumət və müvafiq qurumlar əllərindən gələni etdilər ki, Azərbaycan xalqı bundan mümkün qədər az zərərlə çıxsın. Bununla bağlı kifayət qədər uğurlu nəticələr də əldə edildi.


Məlumdur ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə xüsusi karantin rejimi tətbiq olundu və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi qaydalar hazırlandı. Ötən müddət ərzində xeyli sayda vətəndaşın bu qaydaları pozmasının şahidi olduq. Lakin cəmiyyətdə geniş müzakirələrə səbəb olan isə vəzifəli şəxslərin karantin qaydalarını pozması oldu. Cənab Prezident İlham Əliyevin də hər zaman sadə vətəndaşlara nümunə olmağa çağırdığı məmurların bu cür qayda pozuntularına yol verməsinə sizin münasibətiniz necədir?

- Təəssüflər olsun ki, sadə vətəndaşlara örnək olmaqdansa, hökumətin qəbul etdiyi qərarlara saymazyana mövqe nümayiş etdirən məmurlarımız da oldu. Uzun illər Prezident Administrasiyasının rəhbəri işləmiş Ramiz Mehdiyevin nəvəsinin toyu da bu baxımdan cəmiyyət tərəfindən haqlı olaraq qınaq obyektinə çevrildi. Nazirlər Kabineti kütləvi tədbirlərin, toy və yas mərasimlərinin təşkilini qadağan etdiyi dövrdə belə bir tədbirin keçirilməsi Azərbaycan hökumətinin qərarlarına zidd hərəkət idi və haqlı olaraq mübafiq qurumlar tərəfindən də həmin toy mərasimini təşkil edənlər cəzalandırıldı. Bununla da növbəti dəfə kimliyindən asılı olmayaraq qanunların hamı üçün eyni olduğu nümayiş etdirildi. Bu hadisə bir daha onu göstərir ki, Azərbaycanda hamı qanun qarşısında bərabərdir, heç kim qanundan üstün ola bilməz, vəzifəsindən və statusundan asılı olmayaraq qanunu pozan hər bir şəxs məsuliyyətə cəlb olunur və olunacaq. Bu, qanunun tələbi və Azərbaycan Prezidentinin ali iradəsidir.

Cənab Prezident İlham Əliyev çıxışlarında bildirib ki, biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Siz postpandemiya dövrünü necə görürsünüz?

- Koronavirus pandemiyası bir çox gerçəkləri, mövcud münasibətlərdəki qüsurları ortaya çıxardı. Və post pandemiya dövründə yeni münasibətlər sisteminin yaranması üçün düşünməyə əsas verdi. Məsələn, Avropa ölkələrində tibbi sığorta sistemi qurulub. Lakin pandemiyanın yaratdığı mənzərədə çox sadəcə xəstəxanalarda yer olmadı və sığortalılar da xəstəxanaya qəbul edilə bilmədi. Nəticədə sığorta hüququndan istifadədən məhrum oldular. Yəqin ki, geniş yayılmış tibbi sığorta sisteminin xüsusilə Qərbi Avropa ölkələrində ortaya çıxardığı problemlər post pandemiya dövründə müzakirə mövzularından biri olacaq. Post pandemiya dövründə online bazar münasibətlərinin indiyə qədər müşahidə edilməmiş revanşını görəcəyik. Bütün dünyanın həyata keçirdiyi “evdə qal” kampaniyası distant təhsili, online ticarəti, online idarəetməni aktullaşdırdı və mümkünlüyünü ortaya qoydu. Artıq yeni bazar və əmək münasibətləri yaranır ki, bunun da hüquqi bazasının formalaşması mütləqdir.

Postpandemiya dövrünün bir sıra çağırışları, sifarişləri indidən görünməkdədir. Qarşıdakı yeni dövrdə dünyada ölkələrin daxili tələbatının ödənilməsinə xidmət edəcək iqtisadi sahələrin inkişaf etdirilməsi üstünlük qazanacaqdır. Bu cəhətdən hər bir dövlət üçün ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsinin ön mövqeyə çıxacağı tam gözləniləndir. Əhalinin çoxişlənən mallara gündəlik tələbatlarının daxili istehsal əsasında ödənilməsinə də yəqin ki, daha çox fikir veriləcəkdir. Eyni zamanda informasiya texnologiyası sahəsində xidmətlərin daha da təkmilləşdirilməsi yeni dövrün əsas çağırışlarından sayıla bilər. Zəruri səhiyyə avadanlıqlarının istehsal edilməsi sahəsində də yerli istehsalın şəbəkəsinin genişlənəcəyini görməmək olmaz. Əlbəttə, bütün bunlar mübafiq qurumlar tərəfindən təhlil edilib əsaslandırılmalı və yalnız bundan sonra yekun qərar verilməlidir.

Məlum olduğu kimi, COVID-19 bütün dünyada bir çox sahələrə mənfi təsir etdi. Bununla belə, sizcə, bu dövr bütün dünyaya hansı mesajı verdi?

- Bütün dünya, yer planeti ümumilikdə koronavirus imtahanı verdi və bu imtahan hələ də davam edir. Bütün dünya başa düşdü ki, topsuz-tüfəngsiz davam edən bu müharibədə Yer kürəsinin bütün qitələri "gözəgörünməz düşmən”lə vuruşmağa məhkumdur. Koronavirus XXI əsrin biomüharibəsidir. Başqa xalqların ərazilərini, sərvətlərini ələ keçirməyi əsas hədəf kimi seçən digər müharibələrdən fərqli olaraq, biomüharibənin əsas strategiyasını insanı məhv etmək təşkil edir. Koronavirus insanı hədəfə aldığı üçün bütün insanlıq bu bəşəri bəla ilə mübarizədə birləşməyə məcbur oldu. Covid 19-un dünya birliyinı verdiyi ən mühüm mesaj da elə birlik mesajı idi.

Sizcə, pandemiya dövrü beynəlxalq münasibətlərə necə təsir etdi?

- Pandemiya müxtəlif beynəlxalq təşkilatlara müxtəlif cür təsir göstərdi desək yəqin ki, yanılmarıq. Misal üçün ortada bir Azərbaycan təcrübəsi var. İstər Türk Şurası üzvləri ilə onlayn icls, istərsə də Qoşulmama hərəkatı üzvlərinin pandemiyanın törətdiyi fəsadların aradan qaldırılmasına həsr olunmuş toplantısında bizlər yardımlaşmanın, bir-birinə dəstək olmanın və virusa qarşı birgə mübarizənin şahidi olduq.

Digər tərəfdən isə həmçinin “vahid sərhəd” platforması ilə qurulmuş Avropa İttifaqının virusla mübarizədə İtalyanı faktiki tək qoyduğunun da şahidi olduq. Bu ittifaqda hər ölkə ayrı-ayrılıqda mübarizə taktikası qurdu, yardımlaşma meyllərini müşahidə etmədik. Halbuki Avropa İttifaqının əsasnaməsinə görə, vahid bazarda iqtisadiyyatın daha çox inkişafı, vahid müdafiə platforması olmalı idi. Pandemiya bunların kağız üstündə olduğunu göstərdi. Avropa İttifaqı nümunəsi digər beynəlxalq təsisatlara da aiddir. Dünya illərdir ki, BMT-nin mexanizminin işləmədiyini, Avrozona Avropa Şurası, Avropa İttifaqı kimi beynəlxalq təşkilat və birliklərin təsir imkanlarının çox zəiflədiyini müzakirə edir. II Dünya Müharibəsindən sonra yaranmış beynəlxalq təsisatlar vasitəsilə idarəetmənin effektsizliyi illərdir ki, ayrı-ayrı dövlət başçıları və ekspertlər tərəfindən səsləndirilir. Bu prosesin bariz nümunələrindən biri “Brexit”dir. Yeri gəlmişkən, hələ pandemiya başa çatmamış Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bağlı proses başladı. ABŞ artıq ÜST-ə maliyyə yardımı ayrılması prosesini dayandırdı və Tramp bu qurumla bağlı sərt tənqidi fikirlər söylədi.

Yusif müəllim, bilirsiniz ki, dünyada neftin ucuzlaşmaqda davam edir. Belə olan halda, neft ölkəsi olan Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımları necə dəyərləndirirsiniz. Yəni, neftdən asılılığı azaltmaq üçün dövlət daha hansı tədbirlər görməlidir?

- İqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün təbii ki, qeyri neft sektorunun inkişaf etdirilməsi ilə bağlı atılan adıımlar sürətləndirilməlidir. Bilirsiniz ki, artıq bir neçə ildir ki, cənab prezident tərəfindən qeyri neft sektorunun inkişaf etdirilməsi məqsədilə bir neçə sahələr üzrə strateji yol xəritələri təsdiq edilib. Bunlara misal olaraq “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsini”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsini”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsini”, “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsini”, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsini”, “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsini”, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsini” və digərlərini göstərmək olar. Bütün sadaladığım bu sənədlər Azərbaycan iqtisadiyyatının neftin asılılığını azaltmaq və qeyri neft sektorunun inkişafını hədəfləyən sənədlərdir. Məhz bu istiqamətdə də fəaliyyətin davam etdirilməsi və sürətləndirilməsi lazımdır.

Mənbə: axeber.az