“Ya rus olsun, ya yəhudi olsun,  nəsə azərbaycanlı olmasın...”- Keçmiş nazir müavini

“Ya rus olsun, ya yəhudi olsun,  nəsə azərbaycanlı olmasın...”- Keçmiş nazir müavini

“Rusdilli məktəblər bağlanmalı, ancaq ingilisdilli məktəblər də göbələk kimi çoxalmamalıdır...”

Azərbaycanda rus dilinin tədrisinin miqyası, rusdilli məktəblərin qalıb-qalmaması polemikası da son aylar və günlərin gündəmdə olan məsələlərindəndir. Qarabağın azadlığı üçün gözlənilən savaş müzakirəsi də bu mövzunu daha da aktuallaşdırır. Çünki xalqımızın əksəriyyəti belə hesab edir ki, övladlarımız əsrlərlə torpaqlarımızı özü işğal etməsi bir yana, ermənilərə və digərlərinə peşkəş etmiş bir dövlətin dilini bu dərinlikdə mənimsəməməli, onların düşüncəsini, ruhunu da ruslaşdırmamalıyıq. Odur ki, rusdilli məktəblərin sayı ilə də qürurlanmamalıyıq…

"Başladım bir-bir idarələrdən rusdilli, xalqımıza üstdən aşağı baxan yad millət nümayəndələrinin ad-soyadlarını öyrənib toplamağa..."

 

Moderator.az əməkdaşının mövzu ilə bağlı suallarını sovet dövründə ermənilərin və digər millət nümayəndələrinin də çoxluq təşkil etdiyi hüquq-mühafizə orqanlarında, yəni rusdilli bir mühitdə çalışmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polkovnik, eyni zamanda peşəkar jurnalist Mehman Mehmanov cavablandırıb.

-Mehman müəllim, siz sovet dövründə, müstəqillik illərində də uzun müddət Azərbaycanın hüquq-mühafizə orqanlarında çalışmısınız. Həm də DİN-in orqanı olan “Mübariz keşikdə” qəzetində jurnalist kimi işləmisiniz. Moskvanın Azərbaycanın bütün həyati sahələri üzərində hakimlik etdiyi 1970-1980-ci illərdə bir sıra Azərbaycan türklərini, həmçinin bu xalqın tərkib hissəsi olan kürdləri, talışları, tatları, ləzgiləri, avarları və s. belə, milli köklərindən uzaqlaşdırmış rusdilli bir mühit hökm sürürdü. Lakin Azərbaycandan fərqli olaraq Gürcüstanda, Ermənistanda, eləcə də Baltikyanı respublikalarda ruslaşma prosesi bizdəki kimi dərinə işləməmişdi. Sizcə, buna əsas səbəb nə idi?

-Sovet dövründə bir jurnalist, həm də DİN əməkdaşı olaraq şahidi oldum ki, Azərbaycanda rusdillilərin sayının artmasında ən böyük rol oynayan amillərdən biri bəzi yüksək vəzifədə olanların ruslara, Moskvaya yarınması və öz xalqımıza üstdən aşağı baxması idi... Təxminən 1989-cu ildə qulağımla eşitdim ki, adını çəkmək istəmədiyim, sonradan nazir müavini olmuş bir vəzifəli şəxs rəhbəri olduğu şöbəyə kadr axtararkən başqa birinə deyir ki, ya rus olsun, ya yəhudi olsun, nəsə azərbaycanlı olmasın... Məhz belələrinin sayəsində, belə anti-milli kadr siyasətinin nəticəsində DİN-də də yad millət nümayəndələrinin sayı artmağa başlayırdı...

Bu cür olayları müşahidə etdikcə Vətənini, xalqını sevən bir cavan zabit, həm də jurnalist kimi qərara gəldim ki, bu məsələyə bir əncam çəkmək lazımdır...

-Yəqin ki, jurnalist olaraq nəsə etdiniz?

-Bəli. Dediyim kimi, həmin illər müşahidə edirdim ki, bir sıra hökumət strukturlarında, o cümlədən DİN-də günəbaxan günəşə baxan kimi daim Şimala, Moskvaya baxan əməkdaşlar xeylidir. Və bunların hamısının rütbəsi, vaxtlı-vaxtında artırılır, pillə-pillə vəzifələrə irəli çəkilirlər... Özü də elə bir vaxtda ki, bizim milislər könüllü olaraq cəbhəyə, qanlı döyüşlərə yollanır, bunlar isə burada kef çəkə-çəkə kürsülərə yiyələnirlər… Başladım bir-bir idarələrdən rusdilli, xalqımıza üstdən aşağı baxan yad millət nümayəndələrinin ad-soyadlarını öyrənib toplamağa...

Diqqət edin: Amaliya Kasparova, Mandulyan, Artyom Xaçaturoviç Poqosyan, Reytabel İziya, Sukerman Laza, Yelena Kodak, Şevtsov, Vısoçenko, İqonin və s. Həmin siyahını makinada yazdırıb təqdim etdim o vaxt çox populyar olan “Azadlıq” qəzetinə...

İmzasız gedən məqalədə vurğulanırdı ki, təəssüf ki, DİN-də xalqımıza təkəbbürlə baxan, dinimizə, dilimizə tamamilə yabançı adamlara xüsusi qayğı göstərilir. Əsas işləri görən, cinayətkarlıqla real mübarizə aparan, səngərlərdə düşmənlə savaşan əsl azərbaycanlılar isə ən arxa cərgələrə atılır...

Həmin yazı o dövrdə bomba kimi partlayıb sensasiya yaratdı. Hətta o vaxt milli hissləri coşmuş xalq o məqalədə adları çəkilənlərin evlərinə hücum etmək istəyirdi. Odur ki, onların evlərinin yanında milis postları da qoyuldu...

 

"DİN-in Baş Cinayət Axtarış İdarəsində bölmə rəisi erməni Mandulyan idi…"

O yad kadrların arasında ermənilər də çox idi. Təsəvvür edirsizmi, 1991-ci ilədək Azərbaycan SSR DIN-in Kadrlar İdarəsində komplektləşdirmə şöbəsinin, yəni bütün əməkdaşların təyinatında əsas rol oynayan şöbənin rəisi erməni qadın Amaliya Kasparova Qaykovna, DİN-in Baş Cinayət Axtarış İdarəsində bölmə rəisi Mandulyan idi… 1985-1986-cı illərdə DİN-in nəzdində Mühafizə idarəsinin rəis müavini Artyom Xaçaturoviç Poqosyan olmuşdu... DİN-də aşağı vəzifələrdə də, vaxtyor işində belə, ermənilər çalışırdı… Həmin Amaliya Kasparovanın əslində soyadı Kasparyan idi - bizim bəzi tamahkar, şəhvətpərəst məmurların qayğısı sayəsində Qarabağ münaqişəsi başlanandan sonra onun soyadındakı “yan” “ov”la əvəzləndi. Ona əlavə ev də verildi. Sonra da evlərini satıb sakitcə köçdü Bakıdan...

O vaxt çoxları məndən şübhələnməyə, adları çəkilənlər mənə çəpəki, düşmən kimi baxmağa başladı. Bunu özümün etməyim haqda təkcə müstəqillik illərində nazir müavini olmuş rəhmətlik Zahid Dünyamalıyevə danışdım. O zaman o, əməliyyat-statistika idarəsinin rəisi işləyirdi. Kabinetinə daxil olub dedim ki, Zahid müəllim belə bir iş etmişəm. O da mat-məəttəl baxdı mənə, ancaq başı ilə işarə etdi ki, yaxşı etmisən...

Artıq elə vəziyyət yarandı ki, DİN-dəki milli ruhlu azərbaycanlılar arasında da bu yadların meydan sulamasına qarşı bir etiraz baş qaldırdı. Və nəticədə DİN-dən savayı digər qurumlarımız da əsasən rusdillilərdən, ermənilərdən təmizləndi...

Bilirsiz, ermənilərdən savayı, digər millətlərin Azərbaycanda yaşamasının, işləməsinin əleyhinə deyiləm. Ancaq məsələ ondadır ki, “aşına-aşına ocaq başına çıxmaq” kimi olmamalı, belələri ölkədə xüsusi bir təbəqə kimi bəslənməməlidir... Halbuki, o illərdə kadrlar üzrə nazir müavini, partiya komitəsinin rəhbəri və s. mütləq qaydada rus olmalı idi. Məsələn, Şevtsov, İqonin, ardınca Barannikov kimilər. Nazirin birinci müavini Vısoçenko idi... Məhz rəhbər orqanlardakı belə hallar rusdilli mühitin bu gün də güclü qalmasına gətirib çıxarıb... Hazırda şükür Allaha ki, digər strukturlarda olduğu kimi, DİN-də də əməkdaşların milli ruhda çalışıb-işləməsi məsələsi rəhbərliyin diqqət mərkəzindədir...

-Bəs rusdilli orta məktəblərin bağlanıb-bağlanmamasına necə baxırsız?

-Hesab edirəm ki, rusdilli məktəblər konkret olaraq bağlanmalıdır... Çünki həmin məktəbləri bitirən Azərbaycan övladları da yalnız rusca danışmır, həm də rusca düşünürlər. Bizim üçün ən qorxulusu, Rusiyanın imperiyapərəst dairələrinə isə çox sərf edən məhz bu haldır... Eyni zamanda rusdilli məktəblərin bağlanması ingilisdilli məktəblərin də göbələk kimi çoxalmasına gətirib çıxarmamalıdır. Məgər Rusiyada, yaxud Britaniyada Azərbaycan dilində çoxsaylı məktəblər açılırmı?..

 

Bir sözlə, xalq olaraq ilk növbədə özümüz öz dilimizə, mədəniyyətimizə və s. hörmətlə yanaşmalıyıq ki, başqalarından da hörmət umaq...

-Son dövrlərdə sanki bilavasitə Rusiyanın şovinist siyasi dairələrinin gizli təzyiqi və təbliği, ölkəmizdəki ruspərəst dairələrin, eləcə də “5-ci kalon” deyilən daxili düşmənlərin fəaliyyəti sayəsində ölkəmizdə rusdilli mühit yenidən gücləndirilmək üzrədir...

- Bəli, nə yazıqlar olsun ki, bu gün də ölkəmizi, xüsusən Bakımızı milli ruhdan uzaqlaşdırmaq, yenidən bizə “böyük qardaşlıq” təlimatı keçmək istəyənlər xeylidir. Sovet dövründə Azərbaycanda, xüsusən Bakıda həddən artıq ruslaşmış, kosmopolitləşmiş bir mühit fəaliyyət göstərirdi. O zaman şəhərdə ruslardan əlavə, ermənilər də çox idi ki, onlar da rusdilli auranın formalaşmasında böyük rol oynayırdı... Amma təəssüf ki, bu gün müstəqil dövlət olduğumuz, rusların bir hissəsinin, ermənilərin də çoxunun paytaxtımızdan köçüb getməsinə rəğmən yenə də azərbaycanlılar arasında rusca ünsiyyət qurmağa meyillilik çox güclənib və o dövrdə olduğu kimi, indi də rusdilli kütlənin müəyyən hissəsi doğma Azərbaycan dilində danışan əksəriyyətə üstdən aşağı, təkəbbürlə, hətta bəzən ikrah hissi ilə baxır, onları “geridəqalmış” adlandırırlar. Sanki onlar özlərini ölkənin elitası kimi görürlər...

Qətiyyən rus dilinin öyrənilməsinin əleyhinə deyiləm. Rus dili zəngin dildir. Amma Azərbaycanlı olub, Azərbaycanda yaşayan türk, kürd, ləzgi, talış, avar və s. olub bu dili bilməni bir üstünlük, alilik kimi təqdim etmək, özün öz doğma dilini unudaraq rus dilini bilməyənləri aşağılamağa çalışmaq çox yaramaz bir haldır və xalqın öz soykökündən uzaqlaşmasına xidmət edən bir amildir...

 

"Kendimizden koptu kendi bağrımız

Zulüm girdabında yandı bağrımız..."

...1920-ci illərdə bolşevik inqilabçı Qəzənfər Musabəyovun bir anormal şüarı qəzetlərin manşetinə çıxarılmışdı: “Mı Rossii neft kaçay, Rossiya nam kultura kaçay!..” Yəni “biz Rusiyaya neft verək, Rusiya da bizə mədəniyyət versin...” Rusiya qədim bir mədəniyyətə malik, “Avesta”ya, “Dədə Qorqud”a, Nizamiyə, Füzuliyə və s. sahib bir xalqa hansı mədəniyyəti öyrətməli idi ki? Biz öz mədəni nailiyyətlərimizi, öz gözəl dilimizdə yazılan şeirləri, dastanları nədən kənara atıb yalnız özgə ədəbiyyat və mədəniyyətləri üstün sayaraq onları əxz etməliyik?.. Təəssüf ki, bir əsr keçsə də, kosmos, yüksək texnologiya, süni intellekt əsrində yaşasaq da, bəzi soydaşlarımızın öz xalqına, dilinə, mədəniyyətinə baxışı dəyişməyib....

Bu gün də rusdillilərin özünü Azərbaycanın elitası sayması təhlükəli haldır. Bu, Qarabağın azadlığı məsələsində də bizə əngəl ola bilər. Torpaqlarımızın azadlığı uğrunda savaşa hazırlaşdığımız bir vaxtda işğalçı Ermənistanın yanında olmağına şəkk-şübhə olmayan Rusiya dövlətinin Azərbaycandakı təsirini gücləndirmək, yenidən rusdillilərə meydan vermək, övladlarımızı rusca təhsil almağa şirnikləndirmək bizi haraya aparır?..

Biz bu saat bir xalq olaraq, dövlət olaraq taleyimizin ən kövrək, həssas vaxtlarında mütləq birdəfəlik qardaş Türkiyəyə sığınmalıyıq. Axı biz türkük, biz bir millət iki dövlətik...

Çıxışımı tanınmış Türk şairi Abdurrahim Karakoçun məşhur şeirindən bir bəndlə bitirmək istəyirəm:

Kendimizden koptu kendi bağrımız

Zulüm girdabında yandı bağrımız

Hedef tahtasına döndü bağrımız

Alevler sizdeyse közü bizdedir

Sizdeki yaranın özü bizdedir...

Sultan Laçın

 

 

Mənbə: moderator.az