Ermənistanın özbaşınalığı buradan qaynaqlanır

Ermənistanın özbaşınalığı buradan qaynaqlanır

BMT Baş Assambleyasının 75-ci sessiyası zamanı etdiyi çıxışında Prezident İlham Əliyev Qarabağ böhranı ətrafında və Ermənistan-Azərbaycan qarşıdurması kontekstində real vəziyyətin nədən ibarət olduğunu, rəsmi İrəvanın işğalçı siyasətinə köklənməsini bir daha dünya birliyinin diqqətinə gətirdi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinə toxunması haqda danışarkən deyib.

Tofiq Abbasov dünya birliyinin və qlobal nizama məsul qüvvələrin bu proseslərə səthi yanaşdığını bildirib:

“Minsk Qrupu bilavasitə BMT-nin baş katibinin mandatı ilə fəaliyyət göstərir. Həmin mandat ATƏT-ə həvalə olunub. Hesab edirəm ki, Prezidentin BMT-də məhz Minsk Qrupunu tənqid etməsi son dərəcə vacib məqamdır. Bölgədə vəziyyət qeyri-stabildir, gərginliyin dərəcəsi gündən-günə artır, Ermənistanın təxribatları şaxələnərək bir-birini əvəz edir. Belə olduqda fəaliyyət göstərən qurumlar, qüvvədə olan böyük enerji, nəqliyyat infrastrukturuna yeni-yeni təhdidlər yaranır. Dövlət başçısının vurğuladığı kimi, Minsk Qrupunun fəaliyyətsizliyinin ucbatından Ermənistanın özbaşınalığı və təhlükəli siyasət yeritməsi gündən-günə güclənir. Bu tip məsələlərə sakit yanaşma olmamalıdır. Bir halda ki, risklər artır, onlara qarşı lazımi mexanizm və modelləri tədbiq etmək lazımdır”.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev fikirlərini tam açıq və aydın şəkildə ifadə etdi və dünya birliyinin aparıcı, fəal qüvvələrinə, o cümlədən BMT Baş katibi Quterreşə və onun tabeçiliyində olan institut rəhbərlərinə bu həqiqətləri çatdırdı. Bu həqiqətlər bütün Qafqaz bölgəsinin reallığını əks etdirir.

Mənbə: axar.az