"Münaqişənin genişmiqyaslı eskalasiyası Rusiya qüvvələrinin yerləşdirilməsinə səbəb ola bilər" - Konfliktoloq

"Münaqişənin genişmiqyaslı eskalasiyası Rusiya qüvvələrinin yerləşdirilməsinə səbəb ola bilər" - Konfliktoloq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı bir sıra məqamlara toxunub.

Beləki, ölkə başçısı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın qətiyyətli mövqeyini irəli sürərək yalnız ərazi bütövlüyü çərçivəsində münaqişənin həll oluna biləcəyini bildirib. Bundan əlavə, İlham Əliyev ATƏT-i daha da fəal hərəkət etməyə və konkret nəticələrin əldə olunmasına çağırıb.

Eurasia Diary prezidentin çıxışı zamanı səsləndirdiyi fikirlərlə bağlı Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənovdan müsahibə alıb.

Ekspert hesab edir ki, Azərbaycan danışıqlar prosesində artıq təkliflərin müzakirəsini deyil mövcud təkliflərlə bağlı danışıqların intensivləşməsini tələb edir.

“Azərbaycan hökuməti yenilənmiş Madrid prinsipləri təqdim olunandan sonra ATƏT-in Minsk qrupunun digər 11 üzvünün də danışıqlar prosesində iştirak etməli olduğunu qeyd edirdi. Hökumət effektiv nəticə görmək istəyirdi. Çünki Azərbaycan ATƏT-in bir neçə təklifinə razılıq vermişdisə də Ermənistan tərəfi bunu rədd etmişdi. Azərbaycan hökuməti artıq hesab edir ki, ATƏT-in münaqişə ilə bağlı verə biləcəyi bütün təkliflər stolun üzərindədir. İndi isə danışıqları bu variantlar üzərində yox, tərəflərə təklif edib danışıqları intensivləşdirmək lazımdır. Yəni artıq təklif vermək yox danışıqları intensivləşdirmək zamanıdır”.

Əvəz Həsənov qeyd edir ki, bu məqamda Ermənistan müxtəlif üsullarla prosesi təkliflərin müzakirəsinə çəkib.

“Ermənistan isə iddia edirdi ki, hələ ortada heç bir real təklif yoxdur, danışıqlar masasında ancaq təklifləri müzakirə etmək lazımdır. Belə çıxır ki, onlar predmetli danışıqlara maraqlı deyillər, ancaq danışıqların predmetini hazırlamağa maraq göstərirlər”.

Azərbaycanın ATƏT-in təkliflərinə razı olaraq sadəcə predmetli danışıq görmək istəyini qeyd edən ekspert prezidentin mövqeyini haqlı səbəb hesab edir.

“Azərbaycan isə ATƏT-in bütün təkliflərinə razı olmuşdu. Misal üçün Madrid prinsiplərinə də razılıq vermişdik. İndi isə biz predmetli danışıq istəyirik. Ona görə də prezidentin qətiyyətli olaraq ATƏT-dən bunu tələb etməsi haqlı bir səbəbdir. Yəni danışıqlar sırf danışıq xətrinə deyil, nəticə əldə etmək üçün aparılmalıdır”.

Ekspert ölkə başçısının irəli sürdüyü şərtə də nəzər yetirib.

“Azərbaycan tərəfi deyir ki, bütün danışıqların başlanğıcı üçün Ermənistan bütün işğal olunmuş ərazilərdən ordusunu geri çəkməlidir. Bu inamı bərpa etmək üçündür və bir jestdir. ATƏT-in Minsk Qrupunun həmsədrləri isə müxtəlif şərtlər irəli sürürdü, misal üçün, humanitar məsələlərdən başlanılsın, əsir və girovların qaytarılması, jurnalistlər və vətəndaş cəmiyyətinin təması, sanki işğaldan azad olunmuş ərazilərdən diqqəti yayındırmaq üçün irəli sürülmüş təkliflər idi. Lakin hökumət isə israrlı idi ki, əgər real inamdan danışılırsa o zaman işğal olunmuş ərazilərdən ordu geri çəkilməlidir”.

Əvəz Həsənov Dağlıq Qarabağ qondarma rejiminin rəhəbri Arayik Arutunyanın irəli sürdüyü prinsiplərin isə heç danışıqlar üçün predmet təşkil edə bilməyəcəyindən bəhs edib.

“Misal üçün “Qarabağın” təklif etdiyi 7 prinsip danışıqlar üçün əsas ola bilməz, çünki danışıqlar Azərbaycan və Ermənistan arasında gedir, Qarabağın təklifi bizə irəli sürülə bilməz. Həmin təkliflər yalnız öz cəmiyyətinə irəli sürülə bilər. Mən inanmıram ki, ATƏT-in Minsk Qrupu Arayik Arutunyanın təkliflərini danışıqların predmetinə çevirsin. Yeni təklifi yalnız Azərbaycan Prezidenti və Ermənistanın baş naziri verə bilər. Üçüncü tərəfdən gələn təklif qəbul oluna bilməz. Azərbaycan bu cür təkliflərə heç reaksiya da verməli deyil. Buna Dağlıq Qarabağın icması reaksiya verə bilər”.

Son zamanlar mətbuatda İlham Əliyevlə Paşinyanın nümayəndəsi arasında gizli danışıqlar getdiyi xəbəri yayılıb. Ekspert bu məsələyə münasibət bildirərək, hadisəni inandırıcı hesab etmədiyini bildirdi.

“İlham Əliyev ilə Paşinyanın nümayəndəsi arasında gizli danışıq məsələsi ortaya çıxması çox gülünc idi. Kim ilə kim danışıqlar aparır. Necə ola bilər ki, Paşinyanın öz köməkçisi, vəzifəsindən uzaqlaşdırdığı adam onu təmsil edə bilər. Biz onu çox yaxşı tanıyırıq və müəyyən tədbirlərdə olmuşuq. Ona, elə də bir əlahiddə səlahiyyəti olmayan adama belə bir funksiyanın verilməsi kimi məlumatlar uydurmadır”.

Münaqişə ətrafında tərəflərin addımı və bəyənatları olduqca ciddi və gərgin hesab edilir. Bəzi ekspertlər isə bunun müharibəyə yol açacağını düşünür. Əvəz Həsənov Azərbaycan Ermənistan arasında genişmiqyaslı qarşıdurmanı istisna hesab edir.

“Münaqişənin genişmiqyaslı eskalasiyasını gözləmirəm. Çünki Azərbaycan ehtiyatlı davranır, həmçinin Ermənistan. Çünki Rusiyanın genişmiqyaslı eskalasiya ilə aktivləşməsi öz “sülhməramlılarını” yerləşdirməsinə gətirib çıxara bilər. Rusiya Dağlıq Qarabağ münaqişəsi vasitəsi ilə həm Paşinyan hakimiyyətinə dərs vermək istəyir, həm də öz mövqeyini silahlı qüvvələri ilə möhkəmləndirmək istəyir”.

Ekspert təxribatların baş verdiyi məqamlarda Azərbaycan hökumətinin addımlarının düzgün olduğunu qeyd edib.

“Bizim hökumətimiz Ermənistanın Tovuzdakı təxribatlarına çox səbrli davranış sərgilədi. Bu da faktiki olaraq onların təxribatlarının baş verməməsinə səbəb oldu. Ermənistan bununla KTMT-ni qoşmaq istədi və digər üsullara əl atdı. Ancaq reaksiya olmadı”.

Əvəz Həsənov Ermənistanın digər tərəfləri münaqişəyə cəlb etməsi cəhdlərinin uğursuluğa düçar olduğunu bildirib.

“ABŞ dövlət katibi Mayk Pompeonun Ermənistanın müstəqillik günündə baş nazir Nikol Paşinyana məktubunda substantiv danışıqlara tərəfdar olduğunu qeyd etməsi müəyyən bir mesajı özündə ehtiva edir. Beləki, bu o deməkdir ki, siz (Ermənistan) öz münaqişənizi özünüz həll edin başqa tərəfləri qoşmayın”.

Son olaraq, konfliktoloq Əvəz Həsənov lokal qarşıdurmaların ehtimal olunduğunu qeyd edərək genişmiqyaslı toqquşmalara inamının olmadığını vurğulayıb.

Ülvi Əhmədli

Mənbə: ednews.net