Zərdabdakı Heydər Əliyev Mərkəzinə virtual ekskursiya Şamaxı şagirdlərində zəngin təəssürat yaradıb

Zərdabdakı Heydər Əliyev Mərkəzinə virtual ekskursiya Şamaxı şagirdlərində zəngin təəssürat yaradıb

Zərdab, 25 sentyabr, AZƏRTAC

Şamaxının İkinci Cabanı kənd tam orta məktəbi şagirdlərinin Zərdabdakı Heydər Əliyev Mərkəzinə virtual ekskursiyası təşkil olunub.

Mərkəzin direktoru Könül Rəhimova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Ağdaş Regional Mədəniyyət İdarəsi, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı gənclər birliyi və Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən virtual ekskursiyada şagirdlərə ümummilli lider Heydər Əliyevin zəngin və şərəfli ömür yolu, Azərbaycanın müstəqilliyi və tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib. Mərkəzin muzey bələdçisi Xanım İmanova İkinci Cabanı kənd məktəblərini Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vasitələrlə də tanış edib.

Milli memarlığı özündə birləşdirməklə müasir arxitektura üslubunda inşa edilən, Zərdab şəhərinə xüsusi yaraşıq verən, görkəmi və zənginliyi ilə qonaqları valeh edən Heydər Əliyev Mərkəzinə, Ulu Öndərin həyat və fəaliyyətinin əks olunduğu ekspozisiya zalına virtual ekskursiya şagirdlərdə zəngin təəssürat yaradıb.

Virtual ekskursiyanın sonunda mərkəzin əməkdaşları İkinci Cabanı məktəblilərini maraqlandıran sualları cavablandırıblar.

Mənbə: azertag.az