"​Azərbaycan Prokurorluğu qanunların keşiyində mətin dayanmışdır" - Bəhruz Əhmədov

"​Azərbaycan Prokurorluğu qanunların keşiyində mətin dayanmışdır" - Bəhruz Əhmədov

"Cənab Prezidentin dediyi bütün dəyərli tövsiyələri və ali tapşırıqları fəaliyyətində rəhbər tutan Azərbaycan Prokurorluğunun əməkdaşları bu gün Konstitusiya və qanunvericiliklə müəyən olunmuş səlahiyyətlərini ləyaqətlə həyata keçirərək ölkəmizdə dövlətçiliyin və qanunçuluğun qorunmasına, eləcə də möhkəmlənməsinə xidmət edir, respublikamızda qanunun aliliyi təmin olunur və qanunlara ciddi riayət edilir."

Femida.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Bəhruz Əhmədov "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd etmişdir. Həmin məqaləni təqdim edirik:
15 iyun 1993-cü il tarixdə xalqımızın təkidli tələbi ilə Azərbaycanda növbəti dəfə siyasi hakimiyyətə qayıdan dünya şöhrətli nəhəng siyasətçi, böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental iqtisadi islahatlar, sürətlə qüdrətlənən ölkəmizdə paralel olaraq digər sahələrdə, o cümlədən hüquq sahəsində əsaslı islahatların aparılmasına rəvac verdi. Müstəqilliyin ilk illərində ictimai münasibətlərin əhəmiyyətli dəyişməsi yeni qanunların qəbul edilməsini zəruri etsə də, bu prosesin qısa bir zamanda və ələxsus da əlverişsiz ictimai-siyasi bir şəraitdə baş tutması mümkün olmadığı üçün, müvəqqəti olaraq əvvəlki qanunlardan istifadə edilməsinə zərurət yarandığından, 18 oktyabr 1991-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının 4-cü maddəsində müvafiq qanunlar qəbul edilənədək keçmiş SSRİ qanunlarının respublikanın suverenliyinə və ərazi bütövlüyünə zidd gəlməyən həddə Azərbaycan Respublikasında qüvvəsini saxlamasına dair müddəalar təsbit edilmişdir. Müstəqil Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, o cümlədən ölkəmizin ali qanunu olan Konstitusiyanın qəbul edilməsi, orada hakimiyyətlərin bölünməsi prinsipinin təsbit olunması, qanunvericilik bazasının müasir tələblərə və beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, yeni idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət orqanlarının, o cümlədən prokurorluğun dövrün tələbatına uyğun formalaşdırılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı nəhəng işlərin sayəsində mümkün olmuşdur. Bu sahədə reallaşdırılan islahatlarda aqil rəhbərin 9 avqust 1994-cü il tarixli «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» Fərmanı müstəsna əhəmiyyət kəsb etmişdir. Bu istiqamətdə səmərəli fəaliyyət, o cümlədən qeyd olunan fərmanın uğurlu icrası hüquq-mühafizə orqanlarının cinayətkar təzahürlərə, xüsusən də mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər olunması və “cəzanın labüdlüyü” prinsipinin reallaşması ilə nəticələndi.

Vurğulanmalıdır ki, məhz dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə iti addımlarla irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar və ümumbəşəri prinsiplər əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinə təşəbbüsü və rəhbərliyi olmuşdur. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoymuşdur. Ardınca ulu öndər Heydər Əliyevin təşəbbüsü və şəxsi nəzarəti ilə aparılan islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edildi, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşuldu, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə silsilə tədbirlər həyata keçirildi. Bu tədbirlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli Sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən bəhrələnərək, xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla xeyli mühüm işlər gördü. Yeni ictimai münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, İnzibati Xətalar, Cəzaların İcrası və digər məcəllələrin qəbulu isə respublikamızda bu sahədə atılan addımların qətiyyətini daha da artırdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən qurulmuş, onun dövlətçiliyə və xalqa sədaqəti ilə seçilən peşəkar kadr korpusu formalaşdırılmış və prokurorluq dövlətin mühüm sütunlarından birinə çevrilmişdir. Bununla da, Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları da müasir məzmunda yeniləşdirilməklə, cəmiyyətdə statusuna uyğun layiqli yerini tapmışdır. Ulu öndərin prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirərkən dediyi dəyərli kəlamları xatırlamaq yerinə düşərdi: “...Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının yetişdirilməsidir. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşıda qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir...”.

Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların əsasını və onun hüquqi bazasının təməlini ulu öndərimizin təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmiş və ali qanunda ilk dəfə olaraq cinayət mühakimə icraatında mühüm funksiyaları yerinə yetirməsi nəzərə alınmaqla ölkəmizin məhkəmə hakimiyyəti sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilmişdir. Müstəqil Azərbaycan Respublikasının ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilmiş ilk Konstitusiyasına prokurorluqla bağlı 133-cü maddə daxil edilmiş, prokurorluğun cəmiyyətdəki yeri və funksiyaları konkret müəyyən olunmuşdur. Yerigəlmişkən qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyanın 133-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir. Bir müddət sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü əsasında qəbul edilmiş “Prokurorluq haqqında” Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli Qanunu qarşıda duran bu və ya digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla, prokurorluq orqanlarının daha da demokratikləşdirilməsini, onun qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir. Ardınca beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər hüquqi aktların qəbul edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə və beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəlmişdir. Ölkədə aparılan hüquqi islahatların nəticəsi kimi 19 sentyabr 2002-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” referendum aktı ilə prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi isə dövlətdə və cəmiyyətdə prokurorluğun rolunu daha da artırmışdır. Ümummilli liderimizin dövlətçiliyimizin sütunlarından biri adlandırdığı prokurorluğa diqqət və qayğısı, çox mühüm əhəmiyyəti olan dəstəyi, eyni zamanda ona qarşı tələbkarlığı nəticəsində prokurorluq orqanları inamla prinsipial mövqelərini qorumuş, öz potensialını tam həcmdə reallaşdıra bilmişdir. Ulu öndərin müəyyən etdiyi starateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və yeni müstəvidə inkişaf etdirən dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın daha da qüdrətlənməsinə, xalqın rifahının hərtərəfli yaxşılaşdırılmasına, eləcə də insan hüquqlarının və azadlıqlarının qorunmasına yönələn müdrik siyasəti öz bəhrəsini verməkdə davam edir. Ölkəmizdə aparılan mükəmməl siyasət, ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan daha da güclənmiş, beynəlxalq birliyin tamhüquqlu üzvü kimi layiqli yerini tutmuşdur.

Sevindirici və qürurvericidir ki, bu gün həyatında ictimai-siyasi sabitlik hökm sürən dövlətimiz hərtərəfli inkişaf yolundadır. Azərbaycan Cənubi Qafqazda öz liderlik mövqeyini ləyaqətlə qoruyub saxlayır. Dövlətimizin qüdrətlənməsində və əldə edilən nailiyyətlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın zəngin fəaliyyətinin mühüm rolu və xüsusi əhəmiyyəti olmuşdur. Ölkə başçısı cənab İlham Əliyevin mütəmadi olaraq verdiyi səmərəli tövsiyələri və dəyərli göstərişləri əsasında Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında müasir tələblərə uyğun və yüksək intensivliklə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi və bunun üçün zəruri normativ-hüquqi bazanın yaradılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin, milli maraqların, insan hüquq və azdlıqlarının etibarlı qorunması, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizə yüksək səviyyədə təşkil olunmuşdur. Həyata keçirilən möhtəşəm islahatlar çərçivəsində görülən nəhəng işlər sayəsində və təməl prinsiplərin mövcud tələblərlə uzlaşdırılması ilə hazırlanmış hüquqi baza əsasında Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tamamilə yenidən qurularaq, yüksək nəzəri bilikli və peşəkar kadrlarla komplektləşdirilməklə, səlahiyyətləri, vəzifələri və fəaliyyəti beynəlxalq standartlara uyğun formalaşdırılmış müasir dövlət təsisatına çevirilmişdir. Qeyd olunmalıdır ki, prokurorluq əməkdaşları öz xidməti vəzifələrini tam məsuliyyətlə, vicdanla və peşəkarlıqla yerinə yetirməklə yanaşı, cəmiyyətdə yüksək insanlıq və əsl vətəndaşlıq nümunəsi göstərirlər. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan Prokurorluğu əməkdaşlarının müstəqil dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinə, Azərbaycan Respublikasında dövlətçiliyin qorunmasındakı, sabitliyin təmin edilməsindəki, mürəkkəb və çoxepizodlu cinayət işlərinin, eləcə də xüsusi təhlükəli dövləti cinayətlərin istintaqının yüksək peşəkarlıqla aparılmasındakı fəaliyyətlərinə cənab Prezident İlham Əliyev tərəfindən dəfələrlə yüksək qiymət verilmiş, prokurorluğun əməkdaşları orden və medallarla təltif edilmişdir.

Ulu öndərin hakimiyyətə qayıdışından bu günədək olan dövr ərzində prokurorluğa olan dövlət qayğısı hər zaman hiss edilmiş, bu da prokurorluq işçilərini həvəsləndirməklə bərabər, onların xidməti vəzifələrinin icrası zamanı daha məsuliyyətli olmaları ilə nəticələnmişdir. Qeyd etmək lazımdır ki, 2020-ci ilin keçən dövrü prokurorluq orqanları üçün uğurlu olmuşdur. Möhtərəm cənab Prezident İlham Əliyev II dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevi Azərbaycan Respublikasının Baş prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyevi yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru təyin etmişdir. Möhtərəm cənab Prezident İlham Əliyevin mayın 1-də Azərbaycan Respublikasına yeni Baş prokuror təyin etməsi və II dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevin elə həmin gün videoformatda qəbulu zamanı dövlət başçısının verdiyi dəyərli tapşırıq və tövsiyələrin prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında həyata keçirilməsi ilə prokurorluğun inkişafının yeni tərərqqi dövrü başlamışdır. Belə ki, dövlət orqanlarında idarəetmənin təkmilləşdirilməsi, işin səmərəliliyinin artırılması istiqamətində ölkəmizdə aparılan islahatların davamı olaraq, ölkə Prezidentinin göstəriş və tövsiyələrinin icrası ilə bağlı prokurorluq orqanlarında, o cümlədən hərbi prokurorluqda əsaslı struktur və kadr islahatlarının həyata keçirilməsinə başlanılmış, ədalətli meyarlara və şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin reallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Vurğulamaq lazımdır ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi və onun siyasi iradəsi ilə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun da yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər eyni intensivliklə davam etdirilir. Möhtərəm cənab Prezident İlham Əliyev ədliyyə general-leytenantı cənab Xanlar Vəliyevi yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin etməsi Hərbi Prokurorluğa, onun rəhbərliyinə və kollektivinin fəaliyyətinə verilən yüksək qiymətin təzahürü olmuşdur. Dövlət başçısı demişdir: “...Prokurorluq orqanlarının işçiləri bundan sonra da vətənə ləyaqətlə xidmət etsinlər və bütün hüquq mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları və qanunun aliliyi təmin edilsin...”.

Cənab Prezidentin dediyi bütün dəyərli tövsiyələri və ali tapşırıqları fəaliyyətində rəhbər tutan Azərbaycan Prokurorluğunun əməkdaşları bu gün Konstitusiya və qanunvericiliklə müəyən olunmuş səlahiyyətlərini ləyaqətlə həyata keçirərək ölkəmizdə dövlətçiliyin və qanunçuluğun qorunmasına, eləcə də möhkəmlənməsinə xidmət edir, respublikamızda qanunun aliliyi təmin olunur və qanunlara ciddi riayət edilir. Həmçinin Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları daha etibarlı qorunur. Qeyd etmək lazımdır ki, prokurorluğun uğurlarının davamlılığını təmin etmək üçün son dövrlər bu orqanda daha əlverişli işguzar mühitin yaradılması sayəsində işçilərin yüksək əhval-ruhiyyədə olması və bununla da işin səmərəliliyinin artması dövlət orqanları sırasında prokurorluğun nüfuzunun daha da yüksəlməsi ilə nəticələnmişdir. Prokurorluqda hüquqi islahatların sürətləndirilməsi, qısa zaman kəsiyi ərzində bu sahədə nailiyyətlər əldə olunmasında göstərilən prinsipiallıq hamı tərəfindən bəyənilmiş və yüksək qiymətləndirilmişdir.

Azərbaycan Prokurorluğu orqanları son dövrlər daxili işlər, ədliyyə və digər hüquq-mühafizə orqanları, həmçinin məhkəmə ilə birlikdə ölkədə ictimai-siyasi sabitliyin qorunması və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahələrində zəruri tədbirlərin görülməsi məqsədilə işgüzar əlaqələri daha da intensivləşdirmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluq orqanlarının, o cümlədən Hərbi Prokurorluğun istintaq idarəsinin fəaliyyəti də Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və qanun pozuntularının qarşısının alınması və aradan qaldırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hərbi təsisatlarda hüquqazidd əməllərə qarşı mübarizəyə, eyni zamanda Silahlı Qüvvələrimizin qüdrətinə xələl gətirə biləcək nöqsanların və qanun pozuntularının aradan qaldırılmasına yönəldilmişdir. Hərbi Prokurorluğa və onun əməkdaşlarına dövlət səviyyəsində verilən yüksək dəyərin məntiqi nəticəsi olaraq, 2005-ci ildən başlayaraq, xüsusən də son dövrlərdə bu qurum fəaliyyətində ardıcıl nailiyyətlər əldə etmişdir. Qazanılan uğurlardan bəhs edərkən xüsusi vurğulanmalıdır ki, Hərbi Prokurorluğun İstintaq idarəsində hər bir iş üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilən səmərəli fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, eləcə də istintaqçıların zəhməti və əzmi, ən əsası ciddi və peşəkar prosessual rəhbərlik sayəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə istintaq olunan cinayət işlərinin, xüsusən də ağır və xüsusilə ağır cinayətlərin istintaqı üzrə aparılan mürəkkəb və çoxepizodlu işlərin ibtidai araşdırmasının yekunlaşdırılmasına, cinayət törətmiş şəxslərin ifşa olunmasına, faktlara və şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsinə uğurla nail olunur.

Təsadüfi deyil ki, son zamanlar qəbul edilmiş qərarların yuxarı prokuror və ya məhkəmə tərəfindən ləğv edilməsi, təqsirləndirilən şəxsin bəraət alması halları olmamışdır. Ümidvaram ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğun İstintaq idarəsinin kollektivi dövlət və rəhbərlik tərəfindən göstərilən diqqət və qayğını yüksək dəyərləndirərək Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi, eləcə də insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa və digər qanun pozuntularına qarşı effektiv mübarizə aparılması məqsədilə xidməti vəzifələrini layiqincə icra edəcəkdir.

Femida.az

Mənbə: femida.az