Azərbaycan Prezidenti yeni İsveç səfirinə zamanı çatmış mesajı verdi – ikitərəfli əlaqələrimizin...

Azərbaycan Prezidenti yeni İsveç səfirinə zamanı çatmış mesajı verdi – ikitərəfli əlaqələrimizin...

Elşən Manafov: “Avroittifaq öz imkanları çərçivəsində Qarabağ probleminin həllinə böyük töhfələr verə bilər”

“İkitərəfli əlaqələrimizə gəlincə, əlbəttə ki, biz onların daha fəal olmasını görmək istəyirik”. Bunu Prezident İlham Əliyev etimadnaməsini təqdim edən İsveç səfiri Kristian Kamillə söhbət zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur: “İsveç Avropa İttifaqı ilə regionumuz arasında daha geniş əməkdaşlıqla bağlı həmişə fəal olub. Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur və bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Ümidvaram ki, yeni sazişlə bağlı danışıqlar uğurla davam edəcək”.

Prezident onu da qeyd edib ki, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlıq üzrə sənədlər imzalayıb: “Bu da əməkdaşlığın səviyyəsini nümayiş etdirir. İki il öncə biz tərəfdaşlığın prioritetləri üzrə sənədi də imzaladıq. Bu da bizim əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Biz çox məmnunuq ki, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı Avropa İttifaqı tərəfindən dəstəklənib. Bu, Ermənistanla Azərbaycan arasında münaqişənin həllinə çox haqlı və ədalətli yanaşmanın olduqca mühüm əlamətidir. İkitərəfli əlaqələrimizə gəlincə, əlbəttə ki, biz onların daha fəal olmasını görmək istəyirik. Mən əminəm ki, səfirlərin fəaliyyəti sayəsində bu imkan yaranacaq”.

Azərbaycanın bölgədəki mövqeyini, Avropanın enerji təhlükəsizliyində oynadığı rolu nəzərə alsaq, Aİ ölkəmizlə olan ikitərəfli əlaqələrin inkişafında daha da fəal olmalıdır. Çünki Azərbaycan çox önəmli ölkədir.

O baxımdan sözügedən məsələyə ekspertlər necə yanaşırlar?

“Azərbaycan istəyir ki, Aİ ölkəmizin qeyri-neft sektorunun inkişafında fəal iştirak etsin”

Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, ikitərəfli əlaqələrin daha fəal inkişafından söhbət gedərkən burada bir sıra məsələlər nəzərdə tutulur: “Prezident İlham Əliyev Aİ-nin Azərbaycanla münasibətlərində daha fəal siyasət sərgiləməsinin zəruriliyi ilə bağlı məsələlərə toxunarkən, ilk növbədə, Qarabağ məsələsini nəzərdə tutur. Yəni Aİ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə münasibətdə məhz beynəlxalq hüquq normalarına istinad edən və problemin ədalətli həllini özündə sərgiləyən bir mövqeni ortaya qoymalıdır. Çünki indiyə qədər Aİ-nin Qarabağ münaqişəsi ilə bağlı məsələlərə münasibətdə sərgilədiyi mövqe heç də bütün hallarda ədalətli olmayıb. Bəzi hallarda, Aİ-nin Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr ikili təsir bağışlayıb. Nəticə etibarilə, Aİ Ermənistanın regionda apardığı işğalçılıq siyasətini görməzdən gəlib. Bu zaman xristian təəssübkeşliyi özünü göstərib. Halbuki, Azərbaycan bir müsəlman ölkəsi olaraq multikultural ənənələrə hörmətlə yanaşan dövlətdir. Ermənistan isə bundan fərqli olaraq, monoetnik ölkədir. Digər tərəfdən, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol müstəsna əhəmiyyətə malikdir. “Cənub Qaz Dəhlizi” tam işə düşəndən sonra Azərbaycanın rolu daha da artacaq. Enerji kəmərlərinin tam təhlükəsizliyi və rentabelliyi ilə bağlı məsələlər məhz Qarabağ münaqişəsinin həllindən keçir. Aİ öz imkanları çərçivəsində problemin həllinə böyük töhfələr verə bilər. Sadəcə, bu yöndə səylərini artırmalıdır. Ancaq hələ ki, bununla bağlı Aİ-nin xüsusi fəallığını biz görmürük. Başqa bir tərəfdən, Azərbaycan istəyir ki, Aİ ölkədə qeyri-neft sektorunun inkişafında fəal iştirak etsin. Aİ ölkələrindən olan şirkətlər bu sahəyə sərmayə qoysunlar. Çünki Azərbaycan iqtisadi dayanıqlı və etibarlı dövlət imicini qazanıb. Ən azından, ölkə Qərb və Şərq arasında körpü rolunu oynayır”.

Bütün bunlardan çıxış edərək, politoloq hesab edir ki, Aİ Azərbaycanla ikitərəfli əlaqələrin qurulmasında fəallıq göstərməlidir.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com