Deputatlıq “siyasi fəaliyyət sayıla bilərmi?” - Deputat Jalə Əhmədovanın qəribə mülahizəsi müzakirələrə yol açdı…

Deputatlıq “siyasi fəaliyyət sayıla bilərmi?” - Deputat Jalə Əhmədovanın qəribə mülahizəsi müzakirələrə yol açdı…

Fərəc Quliyev: “Həssas məsələlərə münasibət bildirmək zamanı gələndə deputatların çoxu və əksər məmurlar özlərini orta ağır reanimasiya vəziyyətində hiss edirlər”

Milli Məclisin deputatı Jalə Əhmədova ilə bağlı seçicisinin səsləndirdiyi fikir müzakirələrə səbəb olub. Həmin çıxışın videosu sosial şəbəkədə paylaşılıb. Videodan görünür ki, deputat Jalə Əhmədova bir müddət əvvəl – növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqat zamanı Salyanda seçicilərindən birinin ailəsində qonaq olub.

Seçicisi J.Əhmədova haqqında deyib: “Siz Salyana Allah tərəfindən göndərilmiş elçisiniz, açıq və səmimi deyirəm. Sosial şəbəkələrdə də səmimi fikirlərimi bildirmişəm. Siz Azərbaycan xanımlarına xas bütün milli xüsusiyyətləri özünüzdə cəmləşdirə bilmisiniz, buna görə də çox sevilirsiniz. Bəzən and içirik: “O göydəki Allah haqqı”. Allah göydə deyil, hər kəsin qəlbində, daxili dünyasındadır. Siz bura gəlməmişdən hər kəsdə məhəbbət yaranmışdı ki, Allahın bir elçisi gələcək. Göz insanın radar aparatıdır, qarşıdakı insanın xırda əlamətlərinədək görür və rəy verir. Xalq sizi görən kimi müsbət rəy yarandı”. J.Əhmədova bu ifrat tərifə heç bir etiraz bildirməyib, əksinə, seçicisinə səsləndirdiyi fikirlərə görə təşəkkür edib. Görüşün videosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bundan sonra J.Əhmədovanın verdiyi müsahibə də birmənalı qarşılanmayıb. O deyib: “Deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam. Mən hələ özümü o səviyyədə güclü bir siyasətçi, siyasi fikirlərə malik olan deputatlardan hesab etmirəm. Çünki bu yolda təzəyəm. Biz hələ indi-indi addımlamağa başlayırıq. Ümid edirəm, yəqin ki, bu 5 il ərzində mən də siyasi mövqeyimi tam peşəkar səviyyədə ortaya qoya biləcəyəm”.

Deputat, həmçinin qeyd edib ki, ilk təhsilini Elşad Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Universitetində (ABU) alıb: “Universitetə daxil olana qədər ali təhsilin ciddiyətinə o qədər də önəm vermirdim. Mənim üçün ailə və övladlarımın tərbiyəsi əsas idi. Ona görə də ABU-nu seçdim. Bilirsiniz, o vaxt ora qəbul olunmaq çox rahat idi”.

Millət vəkilinin maraqlı fikirləri belə bir suala yol açır: deputatlıq siyasi fəaliyyət sayıla bilərmi?

Uzunmüddətli deputat təcrübəsi olan Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu fikirlərin kim tərəfindən səsləndirilməsinə deyil, ümumi məzmuna münasibət bildirmək istəyir: “Siyasətlə elə birbaşa deputat məşğul olmalıdır. Bununla nazir, məmur, hüquq-mühafizə, məhkəmə sistemi məşğul olmalı deyil. Bunlara depolitizə edilmiş orqanlar deyirlər. Görünür, bizim bəzi deputatlarımız hesab edir ki, siyasətlə deputatlar deyil, məmurlar məşğul olmalıdır. Deputat seçilən adam mütləq öz statusunu bilməlidir. Mən mətbuatda son çıxışlarımda demişəm ki, həssas məsələlərə münasibət bildirmək zamanı gələndə deputatların çoxu və əksər məmurlar özlərini orta ağır reanimasiya vəziyyətində hiss edirlər. Sanki vəzifə kreslolarında suni nəfəs aparatına qoşulublar. Yenə həmin fikirdə qalıram, çoxu susmağa üstünlük verir. İctimai-siyasi həyatda heç bir fəlaiyyətləri yoxdursa, onda həmin kreslolar onların yeri deyil. Prezident də belə dedi. Bildirdi ki, daha çox vətənpərvər, millətinə bağlı olan insanlar iş başında olmalıdırlar. Bu məsələlərə yenidən baxmaq lazımdır. Seçkinin özü də proporsional sistemlə olmalıdır ki, partiyaların rolu artsın və bunun da nəticəsində parlamentə siyasətlə məşğul olan adamlar düşsün. Milli Məclis xalqla Prezident arasında çox ciddi körpüdür. Hər bir deputat yerlərdə iş görməlidir. Mən son 6 ayla bağlı hesabat verdim. Bu müddətdə 665 müsahibə, açıqlama, çağırış və təklif vermişəm. 75-ə qədər televizya çıxışım olub. Mən deputatlığımın 6 aylıq dönəmində 24 məhəllə görüşü keçirmişdim, Milli Məclisdə 22 çıxış etmişdim, 17 təklif vermişdim. Baxın görün, indiki deputalarda bu məhsuldarlığı görürsünüzmü? Adam öz məsuliyyətini dərk etməlidir. Bilməlidir ki, bu millətin qulluğunda dura biləcəkmi? Edə bilməyəcəksə, həmin mandata sahiblənməməlidir. Yoxsa adam deputat seçilib və bilmir ki, siyasətlə məşğul olmaq lazımdır, ya yox. Tam absurd bir yanaşmadır. Deputatlıq yalnız mandatı əldə etməkdən ibarət deyil. Ortaya ciddi fəaliyyət qoyulmalıdır”.

Təəssüflə qeyd etməliyik ki, bəzən hələ də öz səlahiyyətləri və vəzifələrini lazımınca anlamayan adamlara rast gəlirik...

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com