Paşinyanın yeni xarici siyasət prioritetləri – Gəzdim Aran-Turanı, cənnət gördüm Rusiyanı...

Paşinyanın yeni xarici siyasət prioritetləri  – Gəzdim Aran-Turanı, cənnət gördüm Rusiyanı...

Afsəddin Nəbiyev: “Bu cür açıqlamalarla Ermənistan hakimiyyətinin xilası mümkün deyil”

Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirib. Sözügedən iclasda çıxış edən Paşinyan rəsmi İrəvanın xarici siyasətdəki prioritetlərini açıqlayıb. O, Rusiyanın roluna xüsusi önəm verib: “Rusiya bizim əsas müttəfiqimizdir. ABŞ və Avropa Birliyi ilə isə biz ancaq partnyorluq haqqında dialoq aparırıq”.

Ermənistan Baş naziri rəsmi İrəvanın bundan sonra da əsas hərbi-siyasi müttəfiqinin Rusiya olacağını bir daha təkrar edib.

Belə məlum olur ki, Paşinyana Qərbin bəslədiyi ümidlər puça çıxdı. Ermənistan yenə Rusiyanın ətəyindən yapışır. Hansı ki, Paşinyan hakimiyyətə gətiriləndə ondan olan gözləntilər fərqli idi. Qərb ümid edirdi ki, o, aparacağı siyasətlə Rusiyanın Ermənistandakı təsirini azaldacaq. İlk vaxtlar Paşinyan bununla bağlı cəhdlər etsə də, çox keçmədi ki, siyasi kursu dəyişdi.

Bütövlükdə, bütün bunlar Ermənistana, Paşinyana nə vəd edir?

“Paşinyan son altı ayda bir neçə dəfə fərqli fikirlər söyləyərək...”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədrinin müavini Afsəddin Nəbiyev buna bir neçə aspektdən yanaşdı: “Ermənistanın Baş naziri Nikol Paşinyanın məlum iclasda ölkənin müttəfiqinin Rusiya olduğu fikirlərini səsləndirəcəyi gözlənilən idi. Məsələ ondadır ki, Paşinyan son altı ayda bir neçə dəfə fərqli fikirlər söyləyərək ölkədə ona qarşı olan davamlı təzyiqləri özündən kənarlaşdırmağa cəhdlər edir. Bir neçə ay bundan öncə Ermənistanın həqiqi müttəfiqinin ABŞ və Avropa olduğunu söyləyən Paşinyan, bu günlərdə tamamilə fərqli mövqe ortaya qoyaraq, Ermənistanın həqiqi müttəfiqinin Rusiya olduğunu dilə gətirərək, cəmiyyətdə artan etiraz dalğasını nizamlamağa "çalışır". Ancaq bu cür açıqlamalarla Ermənistan hakimiyyətinin xilası mümkün deyil. Paşinyan, ümumiyyətlə, siyasi dayanıqlığı olmayan qeyri-sabit mövqeyə malik olan bir fiqurdur. O, 8 may 2018-ci ildə Ermənistanın parlamentinə müraciətdə Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qanunsuz rejimin danışıqlarda iştirak etməsi məsələsini qaldırdı. Beləliklə, o, danışıqların formatını şübhə altına almağa başladı və müxtəlif tədbirlərdə bunu dəfələrlə təkrarlamağa başladı. Ardınca Nikol Paşinyan həyat yoldaşı ilə birlikdə işğal edilmiş Dağlıq Qarabağa dəfələrlə səfər etdi. Bununla, demək olar ki, danışıqların formatını tamamilə şübhə altına saldı. Hazırda isə Azərbaycan dövlətinin təzyiqləri önündə özünə həqiqi müttəfiq axtarışlarını davam etdirməkdədir. Ermənistanın müttəfiqinin hansı ölkə olmasından asılı olmayaraq, Azərbaycan dövləti işğal altında olan torpaqlarımızı hərbi-siyasi yolla geri almaq üçün bütün gücünü ortaya qoyub. Ermənistan tərəfi münaqişənin dinc yolla həll olunması şansını hər gün əldən verməkdə davam etməkdədir”.

Partiya funksionerinin fikrincə, Paşinyanın bu açıqlaması Qərbdə ona olan etimadsızlığı daha da gücləndirəcək.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com