"Prezident bu çağırışları ona görə etdi ki..." - Rasim Musabəyov

"Prezident bu çağırışları ona görə etdi ki..." - Rasim Musabəyov

Ermənistan təcavüzkar dövlətdir, Azərbaycan ərazilərini işğal edib, bu faktdır. İndi isə gizli səfərbərlik keçirir, ehtiyatda olan hərbi mütəxəssisləri təlimlərə cəlb edirlər. Üstəlik Rusiyadan, elə Suriyadan da 40-dan çox təyyarə ilə silah-sursat və muzdlu döyüşçü daşıyırlar. Eyni zamanda düşmənin iyul ayındakı Tovuz təxribatı, son hadisələr - bütün bunlar Azərbaycan Prezidentinə Ermənistanın müharibəyə hazırlaşdığını deməyə əsas verib.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən işlətdiyi fikirləri şərh edərkən deyib.

Xatırladaq ki, AB-nin diplomatı ilə görüşü zamanı Prezident İlham Əliyev deyib ki, Azərbaycanın əlində ciddi kəşfiyyat məlumatları var və bu məlumatlara əsasən, düşmən qoşunlarını təmas xəttində və Azərbaycan-Ermənistan dövlət sərhədində cəmləşdirir. Ermənistanın müharibəyə hazırlaşdığına diqqət çəkən Prezident bildirib ki, əgər onlar hücum etsələr, peşman olacaqlar.

Prezident İlham Əliyev diplomata bu məlumatları Avropa Birliyinə çatdırmasını istəyib və deyib ki, biz Avropa Komissiyasının təcavüzkarı dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirik.

Deputat Rasim Musabəyov bildirib ki, əgər Ermənistan yuxarıda qeyd edildiyi kimi müharibə və hücuma hazırlaşırsa, bu məlumatın Azərbaycan tərəfindən dünyaya açıqlanması təbii haldır:

“Həm də ona görə açıqlanmalıdır ki, Azərbaycanın əks addımları tam və zəruri formada qəbul edilsin. Azərbaycan Prezidenti də bunu edir”.

Bununla belə politoloq hesab edir ki, Avropa Komissiyasının Ermənistanın təxribatlarını dayandırmaq üçün bəyanat verməkdən başqa təsir imkanları yoxdur:

“Belə bəyanat verilərkən adətən tərəflərə gücdən istifadə etməmək, danışıqlar vasitəsilə məsələləri həll etmək çağırışı olur. Halbuki işğalçı və işğala məruz qalan tərəf var. Və onların arasında seçim etmək çoxdan vacibdir. İşğalçı işğalçılıq əməlindən əl çəkmək istəmir, baxmayaraq ona şirnikləndirici təkliflər və çağırışlar olunur. Məsələn, Avropa Birliyi dəmiryoluna bitişik rayonlarımızdan çıxması müqabilində Ermənistana reablitasiya işlərini həyata keçirmək məqsədilə 1 milyard avro vəsait təklif etmişdi. Təəssüflər olsun ki, ermənilər tutduğundan əl çəkmirlər. Cənab Prezident indi bu çağırışları həm də ona görə edir ki, Azərbaycan əks tədbirlər həyata keçirdiyi halda heç kim tərəfindən qınanmasın və bütün qınaqlarını işğalçıya yönəltsinlər”.

Cəbhə bölgəsində vəziyyətin gərgin olduğunu xatırladan Rasim Musabəyov beynəlxalq təşkilatların yaranan vəziyyətlə bağlı fəaliyyətinə də qiymət verib:

“Beynəlxalq qurumlar da sadəcə çağırışlar edirlər. Amma bir məqama diqqət yetirmək lazımdır. Məhz ABŞ-ın müdaxiləsi nəticəsində Gürcüstan öz ərazisindən Ermənistana silah daşınmasına yol vermədi. Bu o deməkdir ki, ABŞ-ın regionda təxribatların hazırlandığı və bu təxribatların ilk növbədə bizim strateji layihələrimizin keçdiyi əraziyə yönəlməsi haqda məlumatı var. Ehtimal edirəm ki, Türkiyənin gəlib Azərbaycanda təxribatlara qarşı çıxış etməsi addımına da ABŞ tərəfindən dəstək verilib. Sözsüz ki, heç kəs gəlib bizim əvəzimizə ermənilərlə vuruşan deyil. Ancaq erməniləri üzdən qınamaq və altdan silah-sursat göndərmək göstərir ki, bu təkcə ermənilərin təxribatı deyil. Bu təxribatın da qarşısı sözsüz ki, birgə səylər nəticəsində alınmalıdır”.

 

Mənbə: teleqraf.com