Beynəlxalq təşkilatlar agah oldu:“Ermənistanı dayandırmağın bircə yolu qalır: müharibə!”

“Prezident İlham Əliyevin BMT-nin 75 illiyinə həsr olunmuş iclasdakı çıxışı Ermənistanda səssizliklə qarşılandı”

“Və bu susqunluq matəm sükutu idi”

“Onlar Azərbaycan rəhbərinin dünya ictimaiyyətini sabahkı günə hazırladığını artıq başa düşürlər. Bu da işğalçı dövləti təlaşlandırmaya bilmir”

Bu gün Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarını qəbul edib. Görüş zamanı bir sıra vacib məsələlərə toxunulub. Həmçinin Dövlətimizin başçısı bildirib ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir çox beynəlxalq təşkilatlarda artıq qaldırılıb:

“Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir. Bu, Cenevrə Konvensiyasının pozulmasıdır və bu, cinayətdir. Onlar erməniləri Livandan Şuşaya, digər işğal olunmuş ərazilərə köçürürlər. Onlar bunu nümayiş etdirirlər, televiziya vasitəsilə göstərirlər, internetdə göstərirlər”.

“Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması, - mən bunu Minsk qrupunun həmsədrləri ilə görüşlərdə dəfələrlə qaldırmışam, - çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər”.- deyə, prezident əlavə edib.

Dövlət başçısının mesajlarını “Sherg.az”a təhlil edən BDU-nun professoru, politoloq Əlimusa İbrahimov dövlət başçısının son çıxışlarının əhəmiyyətindən danışıb: “Son həftə Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe sərgiləməsi ilə bağlı iki dəfə dünya ictimaiyyətinin diqqətini cəlb edəcək bəyanatlar səsləndirib.

Bunlardan birincisi cənab Prezidentin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr olunmuş Yüksək Səviyyəli İclasında videoformatda Qoşulmama Hərəkatının sədri və Azərbaycan Respublikasının Prezidenti kimi çıxışları idi. İkincisi isə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar səsləndirdiyi bəyanat idi.

Öncə Cənab İlham Əliyevin BMT-nin yüksək tribunasından dünya dövlətlərinə ünvanladığı çağırışa diqqəti cəlb etmək istəyirəm. Məlum olduğu kimi, bu tədbirdə Prezident iki dəfə çıxış etdi. Birinci dəfə Qoşulmama Hərəkatının sədri funksiyasında, ikinci dəfə isə Azərbaycan Respublikasının Prezidenti kimi. Təbii, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən son hadisələri İlham Əliyevi Prezident kimi etdiyi çıxışda səsləndirdi.

O, 200-dən artıq dövlət və hökumət başçıları qarşısında Ermənistanın Azərbaycana qarşı təxribatlarını çox sərt şəkildə tənqid etdi və BMT-nin 4 qətnaməsinə hələ də məhəl qoymamasını bir daha iştirakçıların nəzərinə çatdırdı. Bu çıxış dünyanın aparıcı KİV-də çox geniş şəkildə işıqlandırıldı və Ermənistanın işğalçılıq siyasətinə qarşı reaksiyalar gücləndi. İham Əliyev müdrik dövlət rəhbərinə xas olan formada Ermənistanın 4 qətnaməni yerinə yetirməməsini xatırlatsa da, bu barədə BMT-nin ünvanına narazılıq bildirmədi.

Əksinə, BMT-nin işindən bir dövlət kimi razı qaldığını və bu təşkilatın müxtəlif tədbirlərində həmişə dövlətimizin öndə getdiyini qeyd etdi. Qeyd etməliyəm ki, Ermənistanda da İlham Əliyevin bu çıxışı səssizliklə qarşılandı və bu susqunluq matəm sükutu idi. Onlar Azərbaycan rəhbərinin dünya ictimaiyyətini sabahkı günə hazırladığını artıq başa düşürlər. Bu da işğalçı dövləti təlaşlandırmaya bilmir”.

Ə.İbrahimov sözügedən görüşə də toxundu:

“Azərbaycan Respublikasının Prezidenti Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən də Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dövlətimizin ciddi narahatlığını bildirdi.

Təbii ki, Prezident üzünü xüsusi nümayəndəyə tutaraq bəyanatını Avropa İttifaqında rəhbərlik edən şəxslərə və dövlətlərə çatdırırdı. Eyni zamanda erməni qaniçənlərinə bir daha xəbərdarlıq edirdi ki, bu gün onlar öz əməllərinə görə cəzasız qaldıqlarını düşünürlərsə, böyük səhv edirlər.

Cənab Prezident bu bəyanatı verərək erməni işğalçıların cilovlanmaqlarının vaxtının çatdığını hörmətli qonağa bir daha bildirdi. İlham Əliyev eyni zamanda Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsi ilə görüşdə bu qurumun nəzarəti altında fəaliyyət göstərən Minsk Qrupunun fəaliyyətindən narazı qaldığımızı qonağın diqqətinə çatdırdı.

Bu bəyanatı da Avropa İttifaqına istiqamətlənmiş xəbərdarlıq kimi qiymətləndirmək məntiqli olardı. Prezident İlham Əliyev həm BMT-nin yüksək kürsüsündə etdiyi müraciət, həm də Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsi ilə görüş zamanı səsləndiyi fikirlərlə Ermənistanın dayandırmağın bir yolu qaldığını nəzərə çatdırırdı”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Keçmiş erməni deputat: “Paşinyan hamını inandırıb ki, küçə mübarizəsi var, dövlət sistemi isə mövcud deyil”

SONRAKI XƏBƏR

Elçin Sadıqovun fərdi vəkil kimi fəaliyyəti ləğv edildi