“Azərbaycan Gürcüstana əsas tərəfdaşının kimliyini xatırlatdı” – AKTUAL

“Azərbaycan Gürcüstana əsas tərəfdaşının kimliyini xatırlatdı” – AKTUAL

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünən Gürcüstana səfər edərək bu ölkənin prezidentindən tutmuş gürcü həmkarına qədər müxtəlif görüşlər keçirib. Xarici işlər nazirləri görüşdən sonra ortaq mətbuat konfransı keçiriblər.

Mətbuat konfransında iki ölkə arasında əlaqələrin strateji əhəmiyyəti bir daha vurğulanıb. Ceyhun Bayramov “Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşı və investorlarından biridir” ifadəsini səsləndirməklə Tbilisinin bölgədə əsas tərəfdaşının ünvanını göstərib.

Siyasi analitik Turab Rzayev sözügedən səfərin əhəmiyyətini “Sherg.az”a təhlil edib:

“Əlbəttə, bu, hər iki tərəf üçün əhəmiyyətli idi. Nəzərə almaq lazımdır ki, Gürcüstan bizim üçün Qərbə açılan dəhliz, dünya dənizlərinə əsas çıxışımızdır. Ceyhun Bayramovun Türkiyə və Rusiyadan sonra növbəti səfərini məhz Gürcüstana etməsi də tərəfdaşlığın bariz nümunəsidir.

Əlbəttə, xarici işlər nazirimizin vurğuladığı kimi, Azərbaycan da eyni dərəcədə Gürcüstan üçün əhəmiyyətlidir. Ölkəmiz rəsmi Tbilisinin əsas ticarət tərəfdaşı, əsas investorlarından biridir”.

T.Rzayevin fikrincə, görüşün ən gözlənilməz hissəsi Keşikçidağ ətrafındakı müzakirələr olub:

“Bu, nəzakət səfəri idi. Ona görə düşünürəm ki, Gürcüstanın bu məsələni yenidən gündəmə gətirməsinə ehtiyac yox idi. Həm də, ümumiyyətlə, gündəm mövzuları başqa idi.

Əlbəttə, bu məqam bizim üçün xoş olmadı. Amma bütün hallarda danışıqlar Azərbaycanın öz prioritetlərini müəyyən etmək baxımından əhəmiyyətli idi.

 

Hər halda Azərbaycan qonşu ölkəyə onun əsas tərəfdaşının kim olduğunu bir daha xatırlatdı”.

Mənbə: sherg.az