Deputat da TƏSDİQLƏDİ: “Təhsil ödəmələri ilə bağlı problemlər var” - Kreditlər verilsin!

Deputat da TƏSDİQLƏDİ: “Təhsil ödəmələri ilə bağlı problemlər var” - Kreditlər verilsin!

“Pandemiya dövründə təhsil alan şəxslər çox əziyyət çəkirlər”

“Məlumdur ki, ödəmələrdə də müəyyən artımlar oldu. Ona görə də bu sahədə yardımların edilməsi çox vacibdir”

Millət vəkili, təhsil üzrə ekspert Etibar Əliyev təhsil haqları ilə bağlı rektorlara müraciət edib. Deputat qeyd edib ki, pandemiyanın yaratdığı problemlərdən biri də ödənişli əsaslarla təhsil alan tələbələrin çətinliklə üzləşməsidir.

Parlament üzvü vurğulayıb ki, universitetə ödənişli əsaslarla daxil olan tələbələrə təhsil haqlarının hissə-hissə ödənilməsində sərbəstlik verilməlidir:

“Ölkəmizdə qarşıya qoyulan əsas məsələ insan kapitalının inkişafıdır. Bu baxımdan tələbələr üçün əlverişli şəraitlərin yaradılması lazımdır. Ödəniş etməkdə çətinlik çəkən tələbələrə güzəştlər edilməlidir”.

Bəs, pandemiya şəraitində olan ölkəmizdə təhsil haqlarının hissə-hissə ödənilməsi üçün əlverişli şərait varmı?

 

Həmkarının təklifini dəstəklədiyini deyən millət vəkili Vahid Əhmədov “Sherg.az”a bildirib ki, pandemiya dövründə tələbələrə müəyyən güzəştlərin edilməsi vacibdir:

“Etibar Əliyev təhsil sistemini kifayət qədər bilən təcrübəli ekspertdir. Onun dedikləri ilə razıyam. Həqiqətən də ödəmələrlə əlaqədar ciddi problemlər var. Ümumiyyətlə, təhsil ödəmələrində, həmçinin rayondan gələn tələbələrin oxuması və yaşaması üçün bəzi problemlər var”.

 

Parlamentari vurğulayıb ki, tələbələr bəzən təhsil haqlarını ödəyə bilmədikləri üçün universiteti bitirə bilmirlər:

“Bu problemlə əlaqədar “Təhsil kreditləri” haqqında qanun layihəsi hazırlayıb Milli Məclisə vermişik. Yəqin ki, Parlamentin sədri bununla əlaqədar öz rəyini bildirəcək. İstəyirik ki, qanun layihəsi qəbul edilsin.

Bütün dünya ölkələrində təhsil kreditləri var. Tələbələrin oxuması və normal yaşaması problem olmamalıdır. Onlar təhsilini bitirdikdən 2 il sonra, krediti qaytarmaq imkanı olanda geri ödəyə bilərlər.

Pandemiya dövründə təhsil alan şəxslər çox əziyyət çəkirlər. Məlumdur ki, ödəmələrdə də müəyyən artımlar oldu.

 

Ona görə də bu sahədə yardımların edilməsi çox vacibdir”.

Mənbə: sherg.az