Türkdilli “sak” xalqının “ər” ifadəsi ilə sintezi – “Arsak” sözündə erməniləri saxta da olsa cəlb edən nədir...

Türkdilli “sak” xalqının “ər” ifadəsi ilə sintezi – “Arsak” sözündə erməniləri saxta da olsa cəlb edən nədir...

Orta ümumtəhsil məktəbləri üçün yazılan VII sinif “Azərbaycan tarixi” dərsliyində Qarabağ ərazisini göstərən xəritədə Qarabağın adının “Arsak” kimi göstərilməsi ölkə ictimaiyyətində ciddi rezonans yaratdı.

Məlumdur ki, Ermənistan tərəfindən işğal edilən ərazilərimizdə separatçı rejim qondarma “Artsax respublikası” yaradıb. Bu baxımdan, “Azərbaycan tarixi” dərsliyində Qarabağın “Arsak” kimi təqdim edilməsi müəyyən suallar doğurdu.

Ermənilər niyə məhz “Artsax” sözünü götürüblər, burada onları cəlb edən nəsə varmı, onlar bütün toponimləri, yer-yurd adlarını, şəhərlərimizin adlarını dəyişdirdikləri halda, nə üçün “Artsax” sözünü dəyişdirməyiblər? “Artsax” sözü erməni dilində hansı mənanı verir?

Azərbaycan tarixçilərinin əsaslandırmalarına görə, qədim dövrlərdə Qarabağın ərazisinə daxil olan vilayətlərdən biri Arsak (Arsaq, Ərsaq (k) ) olub və ermənilər Qarabağ sözünü erməniləşdirə bilmədikləri üçün, “Arsak” sözünü saxtalaşdıraraq onu “Artsax”a çeviriblər.

Qasım Hacıyev: “...Qarabağ sözünü dəyişdirə bilmədikləri üçün “Arsak” sözünə əl atıblar”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev qeyd etdi ki, “Arsak” sözü ilə ermənilərin yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur və bu söz də erməni dilində heç bir anlayışı ifadə etmir. Professor Q.Hacıyevin fikrincə, “Arsak” sözü qədim olduğu üçün, onlar bu sözün son hərfini “x” ilə əvəzləyərək, onu öz aləmlərində erməniləşdirməyə cəhd ediblər. “Qarabağ geniş əraziləri əhatə edir. Qardman, Sisakan, Uti, Arsak, Balasakan (Paytakaran), Lpina, Kambisena, Sakasena Albaniyanın vilayətləri idi. Mənbələrə görə, bunlardan Sakasena, Uti, Arsak (Ərsak), Paytakaran və Sisakan Qarabağ regionu ərazisinə düşür. Sonradan Qarabağ adlarını qeyd etdiyim bu nahiyələrin əksəriyyətini, eləcə də böyük Uti nahiyəsini, Arsakı, hətta Gəncə bölgəsini və Sakasenanı da əhatə edirdi. Qarabağ daha genişdir. Amma indiki Aran Qarabağ dediyimiz qədim dövrdə Utinin şimalındakı dağlıq ərazi Arsak adlanırdı. Çünki o vilayətlər elə böyük deyildi, təxminən indiki iki rayon boyda idilər...

Hər şeyə diqqətlə baxmaq lazımdır. Paşinyan bizi çaşdırmamalıdır. Erməni hansı yerin adını çəkirsə, onu erməninki hesab etməliyik? “Qarabağ” sözü tarixdə yalnız VII əsrdən sonra çəkilib. O vaxta qədər bu ərazi “Arsak” adlanıb. Arsak Azərbaycanın ilk orta əsrlərdə vilayətlərindən biri olub. Erməni dilində “Arsak “ sözü yoxdur, bu sözün erməni dili ilə heç bir əlaqəsi yoxdur, “Ərsak” (sak ərlər) isə türk dilində olan sözdür”.

Q.Hacıyev qeyd etdi ki, ermənilər nəinki “Arsak” sözünə uğursuz iddia edir, hətta bir sıra türk mənşəli sözləri də erməniləşdirməyə çalışırlar: “Ermənilər tarixən saxtakarlıqla məşğul olublar. Ermənilər “Arsak” sözünü onları cəlb etdiyi üçün saxtalaşdırmayıblar, sadəcə, Qarabağ sözünü dəyişdirə bilmədikləri üçün “Arsak” sözünə əl atıblar və onlar yalnız sözün hərfini dəyişə biliblər. Onlar heç bu sözün mənasını, tarixini, mənşəyini bilmirlər, sadəcə, son hərfi dəyişməklə onu “erməniləşdirməyə” cəhd ediblər. Ermənilər bu gün adlarımızdan tutmuş, mətbəximizə, milli mədəniyyətimizə, folklorumuza, aşıq sənətimizə, muğamlarımıza belə əsassız şəkildə iddia edirlər. Heç şübhə yoxdur, təkcə “Arsak” sözü deyil, türk dilində olan bütün toponimlərin və sairlərin adları ermənilər tərəfindən saxtalaşdırlıb, təhrif edilib. Amma bu o demək deyil ki, ermənilərin təhrif etdikləri formada işlətdikləri sözlər erməni sözüdür. Belə sözlərən biri də haqqında danışdığımız “Arsak” sözüdür”.

Ənvər Çingizoğlu: “...sak tayfalarının yaşadığı ərazi mənasını bildirir”

Qarabağın tarixinə, etnoqrafiyasına, mədəniyyətinə aid saysız tədqiqat əsərinin müəllifi, tanınmış tarixçi-etnoqraf Ənvər Çingizoğlu da “Arsak” sözünün ermənilər tərəfindən saxtalaşdırılaraq “Artsax” edildiyini deyir. Qarabağın etimologiyası, ərazisi və sərhədləri haqqında danışan Ə.Çingizoğlu qeyd etdi ki, Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. “Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlib. “Qara” və “bağ” söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!) işlənib. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirib, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilib. Yeri gəlmişkən, bu hal Azərbaycan üçün xarakterikdir: Naxçıvan şəhəri – Naxçıvan bölgəsi, Şəki şəhəri - Şəki bölgəsi, Gəncə şəhəri - Gəncə bölgəsi, Lənkəran şəhəri - Lənkəran bölgəsi və s. “Qarabağ”ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin, başqa türk dillərində) “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da var. Bu baxımdan, “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və s. mənası kəsb edir. Beləliklə, Qarabağın özü kimi “Qarabağ” sözü də Azərbaycan xalqına məxsusdur.

Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir? Bu sualın cavabı bu gün daha aktualdır və erməni separatçıları tərəfindən yaradılmış “Dağlıq Qarabağ problemi”nin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin - Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir özünün “Qarabağ tarixi” (1847) əsərində bu məsələdən bəhs edərkən yazırdı: “Qədim tarix kitablarının yazdığına görə, Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə “Krasnı most”, yəni “Qızıl körpü” adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər – Goran çayıdır və Kür çayı çox yerdən keçib Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”.

Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki, 1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət adamının rəsmi sözüdür; 2) digər tərəfdən, bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb, ilk mənbələrlə də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə "Dağlıq Qarabağ" deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini - dağlarını, düzənlərini əhatə edən ümumi bir “Qarabağ” anlayışı olub. Başqa sözlə, “Dağlıq Qarabağ” anlayışı çox sonraların “məhsuludur”, separatçılıq niyyətilə Qarabağın bir hissəsinə verilmiş addır. Adicə məntiq də bunu sübut edir: əgər Dağlıq Qarabağ varsa, deməli, düzən və ya Aran Qarabağ da var! Reallıq da belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var, həm də Aran Qarabağ (yəni düzən Qarabağ)! Özü də həm düzən (aran), həm də dağlıq Qarabağ həmişə, bütün tarixi dövrlərdə bir xalqın - Azərbaycan xalqının vətəni olub, dilində “qara” və “bağ” sözləri olan xalqın! Azərbaycan xalqının yüzlərlə ən qədim, ən nadir folklor nümunəsi, musiqi inciləri məhz Qarabağda yaranıb, Qarabağla bağlıdır.

III-IV yüzillərdən etibarən Qarabağın dağlıq hissəsi “Arsaq” adlanırdı. Bir sıra orta çağ tarixçiləri “Arsaq” adı altında ayrıca ölkə və ya xüsusi hökmdarlıq olduğunu qeyd edirlər. “Arsaq” sözünün etimologiyasına gəlincə, bir çox tədqiqatçı onun Çində Tanrı dağın ətəyində yaşamış türk Ağhun tayfalarından bir qolunun adı olduğunu qeyd edirlər və həmin tədqiqatçılara görə, “Arsaq” sözü sak tayfalarının yaşadığı ərazi mənasını bildirir. Tədqiqatçı-alimlər, xüsusilə tanınmış türkoloq Mirəli Seyidov “Arsağ”ın türk xalqlarına mənsub olmasını bildirib. Türk xalqlarının fəxri sayılan Arsağın tarixi şəxsiyyət, həm də dövlət başçısı, sərkərdə olması barədə çox az məlumat gəlib dövrümüzə çatıb. Roma tarixçisi Pompey Troq Makedoniyalı İsgəndərin ölümündən sonrakı hadisələri şərh edərkən “Arsaq” barədə də bəzi mülahizələr söyləyib. O, 44 kitabdan ibarət olan “Filippin tarixi” əsərində yazıb: “O zaman naməlum mənşəli, lakin böyük şöhrətə malik Arsaq yaşamışdır”.

Arsaq Makedoniyalı İsgəndərin ölümündən sonra, yəni er. əvvəl 323-cü ildən sonra siyasət aləminə çıxmış və tarixi mənbələrin verdiyi məlumata görə, böyük imperiya yaradıb. Bu gün Arsağın yer, şəxs adı kimi işlənməsi ətrafında müxtəlif mülahizələr irəli sürülür”.

Ə.Çingizoğlu vurğuladı ki, araşdırmalar zamanı məlum olur ki, türkdilli xalqlarda Arsaq ən əvvəl şəxs adı kimi işlənmiş, müəyyən vaxtdan sonra isə onun mənsub olduğu sülalə və yaşadığı ərazi bu şəxsin, hökmdarın adını daşıyıb: “Ermənilər Qarabağ sözünü dəyişə bilmədiklərinə görə “Arsaq” sözünün son hərfini dəyişərək onu erməni sözü kimi təqdim etməyə cəhdlər edirlər, amma bu sözün erməni adı, dili, mənşəyi ilə heç bir bağlılığı yoxdur. “Arsaq” sözünün araşdırılması aydın göstərir ki, ar və saq tərkib hissələri türk sözüdür. “Arsaq” sözünün birinci hissəsi olan Ar - ər komponenti bütün türk dillərində igid, kişi mənasını daşıyır. “Türkdilli xalqların söz ehtiyatında şəxs, yer, qəbilə, çay adı bildirən Ar - ər tərkibli sözlər çoxdur. Bütün araşdırmalar bu sözün yalnız türkdilli xalqların doğma sözü olduğunu göstərir. “Arsaq” sözünün ikinci tərkib hissəsi “saq” komponenti isə tarixin bir sıra ictimai-siyasi hadisələrində böyük rol oynayan, nəhəng imperiyası olan saq qəbilə birləşməsinin adıdır. Bu söz “ar-ər”lə birləşərək “saq igidi”, “saq insanı”, “saq kişisi” mənasını bildirir. “Arsaq” sözünü araşdıran türkoloq-alim Mirəli Seyidov belə bir məntiqi nəticəyə gəlir ki, Arsaq-Arçaq nə vaxtsa türkdilli saq qəbilə birləşməsinin üzvü olmuş, sonra öz adını sülaləsinə verib” - deyə Ə.Çingizoğlu bildirdi.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com