Dünyanın mətbuat başbilənləri çap medianın taleyini necə həll etdi - Müşfiq Ələsgərlidən xəbər aldıq... - MÜSAHİBƏ

Dünyanın mətbuat başbilənləri çap medianın taleyini necə həll etdi - Müşfiq Ələsgərlidən xəbər aldıq... - MÜSAHİBƏ

“Dünya çap mediasından imtina etmək niyyətində deyil”

“Təklif edilir ki, ümumiyyətlə, çap medianın yaşadılması üçün dövlətlər, hökumətlər özlərinin proqramlarını qəbul etsinlər”

Sentyabrın 24-də Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) və Qlobal Həmkarlar İttifaqları Koalisiyasının (UNI Global Union) birgə təşəbbüsü ilə çap medianın problemlərinə həsr edilən “Çap medianı qoru, peşəkar jurnalistlərin iş yerlərini qoru, keyfiyyətli xəbəri qoru, demokratiyanı qoru!” devizi ilə onlayn beynəlxalq konfrans keçirilib.

Dünyanın 95 ölkəsindən 100-ə qədər nümayəndənin qatıldığı konfransa Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) üzvü və Azərbaycan üzrə təmsilçisi olan, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli də qatılıb.

- Müşfiq müəllim, dünyada çap mediası ilə bağlı nə kimi yeni trendlər var?

- Uzun müddət idi ki, çap mediası sahəsində geriləmə prosesi yaşanırdı. Onlayn medianın və sosial şəbəkənin inkişafı, ümumilikdə, ənənəvi medianın (bura daxildir qəzetlər, televiziyalar, radiolar) mövqeyini kifayət qədər daraltmışdı. Ancaq son bir neçə ildə bu sahədə geridönmə prosesi başlayıb.

- Geridönməyə səbəb nə oldu?

- Çünki orta dövrdə məlum oldu ki, sosial şəbəkələrdə yayılan informasiyalar etibarlı informasiya deyil. Burada kifayət qədər yalan xəbər yer tutur. Eyni zamanda, feyk məlumatlarla yanaşı, həm də xəbərin media standartlarının pozulması halları baş verir. Məsələn, burada insana nifrət və digər müxtəlif xəbər standartını məhdudlaşdıran çağırışlar yer tuturdu. Bu baxımdan, hətta beynəlxalq təşkilatların bir statistikası da vardı və orada qeyd edilirdi ki, sosial şəbəkələr üzərindən yayılan xəbərlərin təqribən 60 faizi yalan xəbərlərdir. Bu yöndə təbliğatlar getdi, açıqlamalar verildi. Artıq müasir dünyada çap mediasına, ənənəvi mediaya geridönüm başlayıb. Artıq dünya keyfiyyətli xəbər əldə etmək üçün ənənəvi media üzərinə qayıdır.

- İndiyə qədər belə düşünülürdü ki, dünya çap mediasından imtina etmək fikrindədir. Necə bilirsiniz, dünya çap mediasından imtina etmək istəyir, yoxsa yox?

- Dünya çap mediasından imtina etmək niyyətində deyil, əksinə, ona ehtiyac duyur. Sosial şəbəkələr üzərindən yayılan xəbərlərdəki problemlər uzun müddət insanları xəyal qırıqlığına uğratdığı üçün insanların ənənəvi mediaya geridönümü başlayıb. Ənənəvi medianın auditoriyasında artım olub. Amma ortada bir məsələ də var.

- Hansı məsələni nəzərdə tutursunuz?

- Artıq qəzetlərin, televiziyaların xəbərləri əvvəlki standartda olmamalıdır. Müasir dünyada media qurumları multikommunikasiya tipinə keçib. Bu nədir? Yəni əvvəllər qəzet yalnız kağız variantda yayılırdısa, son vaxtlar onlar öz yayımlarını, eyni zamanda, digər vasitələrdən istifadə edərək həyata keçirirlər. Bu gün dünyanın aparıcı çap mediasına baxsaq, orada maraqlı müşahidə var. Məsələn, böyük transmilli KİV, qəzetlər var ki, onların auditoriyası milyonlarla ölçülür. Bu gün həmin o milyonlarla auditoriyası olan qəzetlərin kağız variantda oxucuları təqribən 27 faizdir, 73 faizi isə onları internet versiyalarından, sosial şəbəkələr üzərindən oxuyur. O ənənəvi KİV ki, yeni dövrün tələblərinə uyğunlaşır, müasir multikommunikasiya tiplərindən istifadə edir, onlar inkişafa başlayıblar və öz fəaliyyətlərini davam etdirirlər.

- Pandemiya çap mediasına dönüş prosesini ləngitmədi ki?

- Pandemiya nəticəsində geridönüm prosesi az qala darmadağın edildi. Ümumilikdə, ənənəvi media pandemiyadan əziyyət çəkdi, xüsusi olaraq da ziyan ən çox çap mediasına dəydi. Bu da səbəbsiz deyil. Çünki çap mediasının əsas gəlir mənbəyi reklamlardadır. Statistikaya görə, KİV qurumlarının təxminən 75 faiz maliyyəsi reklamlardan formalaşır, qalan faiz isə yayımdan, abunəçilərdən, eyni zamanda, ianələrdən. Pandemiya dövründə reklamla bağlı ortaya ciddi problemlər çıxdı. Məsələn, reklam verən şirkətlərin böyük hissəsi pandemiya dövründə reklamlarını saxladılar. Pandemiya ilə əlaqədar reklamların və yayımın dayandırılmasından ən çox qəzetlərə ziyan dəydi.

Orta statistikaya görə, pandemiya dövründə qlobal səviyyədə ənənəvi peşəkar medianın təxminən 25 faizi fəaliyyətini dayandırmalı oldu, burada ən çox pay çap mediasının üzərinə düşür.

- Çap mediasının qlobal problemlərinin həlli üçün nə kimi təkliflər mövcuddur?

- Beynəlxalq təşkilatlar məsələ qaldırırlar ki, çap medianın həm pandemiya dövründə, həm də son 20 ildə internetin yaranması ilə bağlı üzləşdiyi problemlərlə bağlı tənzimlənmə olmalıdır. Çünki artıq sübut olunur ki, peşəkar media yaşamasa, bu, bir tərəfdən, milyonlarla jurnalistin işsiz qalması, başqa tərəfdən, keyfiyyətli xəbərin iflasa uğraması və gündəmin sosial şəbəkələrə buraxılması deməkdir. Bu da ictimaiyyətin doğru xəbər almaq hüququnu pozur və sair.

Hazırda bütün diqqət onun üzərində köklənib ki, peşəkar medianın, o cümlədən də qəzetlərin yaşadılması üçün yeni proqramlar işlənib hazırlanmalıdır.

- Təşəbbüslər varmı?

- Bəli, başlanıb. Artıq çoxsaylı qlobal media təşkilatı bu təşəbbüslə çıxış edib və bununla bağlı təkliflərini səsləndirməyə başlayıb. Bu proses artıq qlobal bir hərəkat şəkli alıb. Çoxsaylı jurnalist qurumu, dövlətlərarası təşkilat artıq buna dəstək verir. Təklif edilir ki, ümumiyyətlə, çap medianın yaşadılması üçün dövlətlər, hökumətlər özlərinin proqramlarını qəbul etsinlər. Hansı formada yeni vasitələr tapmalıdırlar ki, çap medianın inkişafına dəstək verə bilsinlər. Amma, ilkin olaraq, açıqlamalar bundan ibarətdir ki, sosial şəbəkələr və internet üzərindən işləyən texnologiya nəhəngləri - “Amazon”, “Google”, “Facebook”, “Maykrasoft” kimi şirkətlər də məsələyə aydınlıq gətirməlidirlər. Bu qurumların auditoriyası mediadır, onların məhsulları da, dövriyyələri də media ilə bağlıdır. Çünki sosial şəbəkələrin yaydığı xəbərlərin çox böyük hissəsini ənənəvi medianın yaratdığı məhsullar təşkil edir. Bayaq dedim, indi multikommunikasiya dövrüdür. Məsələn, qəzet öz məhsulunu “Facebook” üzərindən yayır, yaxud “Google”də axtarış verilir, qəzetin materialı tapılır. Bu şirkətlər o məhsuldan qazanc götürürsə, demək, o məhsulu istehsal edən KİV qurumlarının da haqqı tanınmalıdır. O da təklif olunub ki, bu texnologiya nəhənglərinin işlədikləri ölkələrdə bu şirkətlərin üzərinə 6 faizlik vergi tətbiq olunsun və həmin vergidən əldə olunan gəlir həmin ölkələrin KİV qurumları arasında paylanılsın. İndi, ilkin olaraq, müəyyən şərtlər də açıqlanıb ki, hansı KİV qurumlarına dəstək göstərmək olar. Tutaq ki, 6 faiz vergi o texnologiya nəhənglərindən alınsa, onda bu yardım necə paylanmalıdır, hansı KİV-ə verilməlidir? Bununla bağlı standartlar işlənib hazırlanıb. Standartlar belədir, ilkin olaraq, bu yardımlar o KİV-ə göstərilməlidir ki, öz işçilərini ixtisar etmir, öz tərkiblərində gender balansını müdafiə edir, xəbərlərini etik kodeksə uyğun istehsal edir, müəyyən dərəcədə auditoriyaya təsir edə bilir. Yəni bu cür institutlaşan və öz işini qanunlar üzərində quran KİV-ə yardımlar göstərilməlidir ki, öz fəaliyyətini davam etdirə bilsin. Mütləq şəkildə ənənəvi medianın, o cümlədən də çap medianın fəaliyyətinə dəstək verilməlidir ki, o öz mövcudluğunu qorusun, fəaliyyətini davam etdirsin, eyni zamanda da KİV qurumları ilə bağlı səsləndirilir ki, onlar öz fəaliyyətlərini modernləşdirsinlər, multikommunikasiya üzərinə keçsinlər, yeni dövrün modern texnologiyalarına uyğunlaşsınlar, bununla da onlar özlərini inkişaf etdirmək üçün çalışsınlar.

- Dünya bu sahənin perspektivini necə görür, bu istiqamətdə verilən proqnozlar nikbin olmağa əsas verir, yoxsa əksinə?

- Məsələ burasındadır ki, bu təşəbbüs yeni başlayıb, yəni onun tarixi çox yenidir. Pandemiyanın orta dövründə, təxminən maydan sonra bu təşəbbüslər ortaya çıxıb. İlkin uğur ondan ibarətdir ki, artıq qlobal təşkilatlar bu təşəbbüsə dəstək verməyə başlayıblar. Qalır bu təşəbbüsləri həm də dövlətlərarası təşkilatlara, BMT, ATƏT, Avropa Şurası kimi qurumlara çıxarmaq. Yəni məsələ beynəlxalq təşkilatlar səviyyəsində işlənib, qəbul edilib, təkliflər hazırlanıb. İndi istəyirlər ki, bunu beynəlxalq dövlətlərarası təşkilatlara da qəbul etdirsinlər. Bunun ardınca da prosesi davam etdirərək ayrı-ayrı ölkələrdə də bunları tətbiq etsinlər. Beynəlxalq təşkilatların bu işə qoşulması ümidvericidir. Görək dövlətlərarası beynəlxalq təşkilatlar buna necə reaksiya verəcəklər. Artıq müəyyən dövlətlər də bu proseslərə qoşulublar. Pandemiya dövründə Norveç, İsveç və digər Avropa ölkələri KİV-ə, xüsusən də qəzetlərə yüksək məbləğdə yardımlar göstərdilər. Artıq bu ənənə getdikcə genişlənir. Azərbaycanda da bu proses var. Sevindirici haldır ki, ölkəmizdə bu proses başqa ölkələrlə müqayisədə daha tez başlayıb. 2009-cu ildən xüsusi Dövlət Fondu fəaliyyət göstərir, çap mediasının yaşadılması üçün dövlət ciddi dəstək verir. Bunlar hamısı müsbət haldır.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com