Müharibədən böyük Vətən (VİDEO)

Müharibədən böyük Vətən (VİDEO)

Heç vaxt Azərbaycanı bölgələrə səmt və cəhətlərə ayırmamışam. Amma bugün ölkənin bir bölgəsi digərlərindən bir şəhid köynəyi qədər daha yaxındır.

Cəbhə bölgəsini nəzərdə tuturam. Zamanı gələndə zəfər üçün səfərbər olmaq, bu səfərə bərabər yollanmaq hamımız üçün şərəf olmalıdır. Müharibə zamanı ən doğru sözü silahlar deyir. Danışıqlar masasındakı söhbətə nöqtə qoyulubsa, kompüter arxasında əyləşib masa bəyi olmaq, qanımızı içməyə hazır olan düşmənin şərəfinə içməkdir.

Tovuz döyüşləri ərəfəsində əsgərimizin hər addımı haqqında paylaşım edən ürəyiyananlar əslində bu qədəmlərin altına mina düzməklə məşğul idi. Azərbaycan bu müharibəni, qalx bir cərgə düzül əmrini yerinə yetirəcəyi zaman qazanacaq.

Yəni qalxmaqla iş bitmir, bir cərgə düzlüməyi də bacarmalıyıq. Biz hər şey cəbhə üçün, düşmən qulaq asır şüarları ilə yaşayan babaların nəvələriyik axı.

Böyük vətən müharibəsi ilə, müharibədən böyük vətəni qarışdırmaq olmaz. Şəhid övladının üzündəki ifadə də onu deyir. Mən müharibədən böyüyəm. Çünki heç kim atasını itirən övladdan tez böyümür. Söhbətimin əvvəlində cəhətlərdən danışdım.

Qərbdəki azərbaycanlılar, Azərbaycanın Qərbini düşündükləri zaman cəhətlər arasındakı fərq itəcək. Hər addıma marş deyəcəyimiz günü görmək ümidilə.

Mənbə: www.realtv.az