Ankara və Kremllə razılaşdırılmış plan: “7 rayonun qaytarılması...” – Müsahibə

“Lavrov danışıqların mərhələli həllindən danışır və bildirir ki, Ermənistan tərəfi də bu variantın mümkün və danışıqlar masası arxasında oturmağa hazır olduğunu bəyan etməlidir. Bu plan da Dağlıq Qarabağ ətrafındakı beş rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutur. Halbuki işğal edilmiş Dağlıq Qarabağ ətrafında yeddi rayon var”.

Politoloq Elşən Manafovun Teleqeraf.com-a müsahibəsini təqdim edirik.

- Beş rayon məsələsi yenidən gündəmə gəlib. Sizcə, Rusiya beş rayonu qaytarmaqla münaqişəni “birdəfəlik həll” etmək istəyir, yəni Dağlıq Qarabağı Azərbaycandan qoparmağı nəzərdə tutur, yoxsa bu, mərhələli həll istiqamətində atılmış addım olacaq?

- Əslində Rusiyanın münaqişənin həlli ilə bağlı irəli sürdüyü təkliflər yeni deyil. Zamanında bu məsələ “Madrid prinsipləri”ndə öz əksini tapmışdı. Bundan başqa, “Kazan sənədləri” əsasında bu yöndə müəyyən razılıqlar əldə olunmuşdu. Amma Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Minsk Qrupu həmsədrləri tərəfindən hazırlanmış bu təklifləri öz adına çıxdı. Nəticədə bu, “Lavrov planı” kimi danşıqlarda müzakirə mövzusuna çevrildi. Bu da Rusiyanın münaqişənin həllində həlledici faktor kimi göstərmək baxımından edilib, yəni düşünülmüş bir plandır. Şübhəsiz ki, bu planın əsl mahiyyəti digər dövlətlərin maraqlarına cavab verməməlidir.

Lavrov danışıqların mərhələli həllindən danışır və bildirir ki, Ermənistan tərəfi də bu variantın mümkün və danışıqlar masası arxasında oturmağa hazır olduğunu bəyan etməlidir. Bu plan da Dağlıq Qarabağ ətrafındakı beş rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutur. Halbuki işğal edilmiş Dağlıq Qarabağ ətrafında yeddi rayon var. Yəni beş rayonun qaytarılmasının gündəmə gətirilməsi o deməkdir ki, qalan iki rayonun (Kəlbəcər və Laçın) azad edilməsi müzakirə predmeti olmur. Bu baxımdan, həmin planı erməni tərəfinin maraqlarına cavab verən təkliflər kimi dəyərləndirmək olar.

- Bəs Dağlıq Qarabağın statusu?

- “Lavrov planı”nda Dağlıq Qarabağın statusu ilə bağlı danışıqların hansı format və müstəvidə aparılacağına aydınlıq gətirilmir. Nəhayət Rusiya tərəfi perspektivdə bu münaqişənin yenidən alovlanmasının qarşısını almaq, tərəflərin öz üzərinə götürə biləcəkləri öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə nəzarət etmək və bu proseslərin monitorinqini həyata keçirmək üçün işğal bölgəsində sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur.

- Bu “sülhməramlı qüvvələr” hansı ölkələrdən ibarət olacaq – ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlərdən, yoxsa təkcə Rusiyanın özündən?

- İstisna deyil ki, Rusiya “sülhməramlı qüvvələr” dedikdə, rus hərbçilərindən ibarət kontingentin münaqişə bölgəsinə yeridilməsini nəzərdə tutur. Amma biz Rusiyanın sülhməramlı qüvvələr adı altında Gürcüstanda atdığı addımların hansı nəticələr doğurduğunu görmüşük. 2008-ci ildə Gürcüstanda baş verən olaylar uzaq tarix deyil.

- Görünən budur ki, Rusiya bir yolunu tapıb öz qoşunlarını işğal bölgələrində yerləşdirmək istəyir. Bəs Azərbaycan hansı halda buna razı olardı?

- Əgər bölgəyə sülhməramlılar göndərilirsə, bu, Minsk Qrupunda təmsil olunan digər həmsədr dövlətlərlə də razılaşdırılmalıdır. İkincisi, düşünürəm ki, Azərbaycan Türkiyənin bölgə ilə bağlı maraqlarından, “Bir millət, iki dövlət” ampulasından çıxış edərək sülhməramlı qüvvələrin təkcə rus hərbçilərindən deyil, eyni zamanda Türkiyə hərbi qüvvələrindən ibarət olması ilə bağlı təkliflər verə bilər. Hesab edirəm ki, sülhməramlı qüvvələrin regionda daha böyük dövlət maraqları olan Rusiya və Türkiyə hərbçiləri tərəfindən təşkil olunması, özündə bu münaqişənin ədalətli həllini ehtiva edər, məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə müsbət təsir göstərərdi. Prinsipcə, Minsk Qrupunda təmsil olunan Türkiyənin öz qüvvələrini sülhməramlı missiyanın tərkibində işğal ərazilərinə göndərməsinə, Rusiyanın özü də etiraz etməməlidir.

Biz Rusiya və Türkiyənin Suriya böhranının həlli istiqamətində uzlaşdırıcı addımlar atdığını, bölgədə bir-birinin maraqlarını gözlədiyini izləmişik. Düşünürəm ki, bu məsələ də Azərbaycanın Türkiyə ilə müttəfiqlik, Rusiya ilə də strateji tərəfdaşlıq kontekstində öz həllini tapmalıdır.

- Bəs Rusiyanın Cənubi Qafqazda öz iddialarını ortaya qoyan Türkiyə ilə bu istiqamətdə danışıqlara getməsi ehtimalı nə qədər mümkündür?

- Düşünmürəm ki, Türkiyə Cənubi Qafqazla bağlı öz iddialarını ortaya qoyub. Qənaətimə görə, bu, beynəlxalq hüquq normaları çərçivəsində anlaşılan olmazdı. Türkiyənin regional dövlət olaraq Cənubi Qafqazda stabillik və təhlükəsizliyin təmin olunmasında maraqları var. Türkiyə Ermənistan istisna olmaqla, bölgənin bütün dövlətlərinə investisiya yatırmış ölkədir. Bu mənada Cənubi Qafqazda sabitlik Türkiyənin maraqlarına cavab verir.

Eyni zamanda, Azərbaycan Mərkəzi Asiyaya çıxış yolu kimi ciddi əhəmiyyət kəsb edir. Söhbət Böyük İpək Yolundan gedir. Böyük İpək Yolunun təhlükəsizliyi Türkiyənin maraqlarını əks etdirir. Türkiyə Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə münasibətlərini inkişaf etdirmək üçün bölgədən keçən nəqliyyat və kommunikasiya xətlərindən istifadə etməkdə maraqlıdır. Habelə Azərbaycan və bölgədəki sabitlik Türkiyənin enerji təhlükəsizliyi üçün də əhəmiyyətlidir. Həmin amilləri Rusiyaya da aid etmək olar.

Düşünürəm ki, münaqişənin bu kontekstdə həlli daha ədalətli və anlaşılan olardı. Söhbət Türkiyə və Rusiyanın regionla bağlı iddialarından gedəcəksə, bu, dövlətlərarası münasibətlərin inkişafına yox, qarşıdurmaya rəvac verəcək. Amma Türkiyənin regiona daha aktiv müdaxiləsi Rusiya tərəfindən “NATO və ya Qərbin Cənubi Qafqaza müdaxiləsi” kimi qəbul edilir. Bu baxımdan, münaqişənin həlli ilə bağlı Türkiyə ilə yanaşı, Rusiya ilə də razılaşdırılmış addımların atılması regionda sülhün təmin edilməsinə imkan yarada bilər.

- Mətbuatda Ermənistan baş nazirinin Rusiyadan xəbərsiz Azərbaycanla gizli danışıqlar apardığı haqda məlumat yayılıb. Ermənistan rəhbərliyi Rusiya amilini nəzərə almadan belə bir riskə gedərdimi?

- Hesab edirəm ki, Ermənistan Xarici İşlər naziri Mnatsakanyanın Azərbaycanla danışıqlara hazır olması ilə bağlı açıqlaması blefdən başqa heç nə deyil. Çünki Ermənistanın mövcud rəhbərliyi danışıqların dalana dirənməsinin əsas səbəblərindən biridir. Paşinyan Köçəryan və Sərkisyandan fərqli olaraq, Ermənistanın Dağlıq Qarabağa olan iddiasını açıq şəkildə ortaya qoydu. Onun “Qarabağ Ermənistandır” bəyanatına Azərbaycan Prezidenti tərəfindən sərt cavab verildi. Paşinyan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Dağlıq Qarabağda Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirir, separatçı rejimin yeni başçısının “andiçmə” mərasimində iştirak edir, öz oğlunu Dağlıq Qarabağa “hərbi xidmət”ə göndərir, onun həyat yoldaşı separatçı rejimə dəstək məqsədilə addımlar atır. Ən əsası, Paşinyan münaqişənin həlli ilə bağlı “7 şərt” irəli sürüb. Prezident İlham Əliyev Paşinyana cavabında bildirdi ki, Azərbaycanın yalnız bir şərti var – işğal edilmiş ərazilər azad olunmalıdır.

 

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Bakının küçələri yenidən dezinfeksiya edildi

SONRAKI XƏBƏR

Şavkat Mirziyoyev və Nursultan Nazarbayev Sarıağaşda görüş keçirdilər