“Demokratiya beşiyi”ndə Belarus ssenarisi - Tramp seçki saxtakarlığına hazırlaşır?

ABŞ prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində saxtakarlıq olacağı halda hakimiyyəti dinc yolla təhvil verməyəcəyini açıqlayıb. Bu, Amerikanın seçki tarixində ilk və misli görünməmiş anonsdur. Dünyada “demokratiyanın beşiyi” kimi təqdim olunan ABŞ-da indidən seçki saxtakarlığından ucadan danışılması qorxunc perspektivdən xəbər verir.

Trampın sözlərini bir eyham kimi qiymətləndirsək, ölkəni seçkinin nəticələri açıqlandıqdan sonra etirazlar bürüyə bilər. O, saxtakarlıq iddiaları bəhanə gətirərək hakimiyyətdən əl çəkməyə bilər. Tramp eyni zamanda, pandemiya səbəbindən daha çox amerikalının bu il istifadə etmək istədiyi poçt səsverməsinin saxtakarlığa qarşı həssas olduğunu təkrarlayıb. “Səs bülletenləri ilə bağlı çox ciddi şikayətlərim var və bu bülletenlər fəlakətdir”, - deyə Tramp “Amerikanın Səsi”nə söyləyib.

Maraqlıdır ki, Demokratların namizədi Co Bayden tərəfdarlarının Trampın seçicilərinə nisbətən poçtla səsvermə ehtimalı daha yüksək göstərilir.

Trampın sözləri bəzi respublikaçılar tərəfindən birmənalı qarşılanmayıb. Partiya üzvlərindən biri olan Mit Romni hesab edir ki, hakimiyyətin sülh yolu ilə ötürülməsi demokratiyanın təməlidir. Sitat: “Prezidentin bu konstitusiya zəmanətinə əməl etməyəcəyi barədə hər hansı işarə ağlasığmaz və qəbuledilməzdir”.

Trampın seçkiyə ay yarım qalmış belə danışması suallar doğurur. ABŞ prezidenti nəyə hazırlaşır? Bəlkə Baydenin saxtakarlıqla qalib gəldiyini elan etmək kimi bir “B” planı var? Ümumiyyətlə, Amerikada pandemiya dövründə seçkilərin keçirilməsi hansı siyasi qüvvə üçün daha əlverişlidir? Prezidentliyi boyu qalmaqallarla yadda qalan Tramp yenidən seçilə bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Amerikanın uzaq tarixində müəyyən seçki saxtakarlıqlarına rast gəlinib. Onun sözlərinə görə, əgər yaxın tarixə baxsaq, 2000-ci il seçkisində Albert Qor Corc Buş üzərində qələbə qazanmışdı: “Sonra təkrar səs sayımında Buş qalib elan olundu. O seçkidə müəyyən qaranlıqlar var idi. Uzaq tarixdən Abraham Linkolnu qeyd etmək olar. O, vətəndaş müharibəsinin qalibi sayılır. Amma prezidentliyə namizədliyini irəli sürəndə partiya qurultayında saxtakarlıq edilmişdi. Qurultayda iştirak etməyəcək adamları salona yığdılar, onun xeyrinə səs verildi, vahid namizəd oldu. Amma ümumilikdə ABŞ seçki tarixində ciddi saxtakarlıq qeydə alınmayıb”.

Elxan Şahinoğlu

E.Şahinoğlu hesab edir ki, Tramp Baydeni saxtakarlıqla oyundankənar vəziyyətə gətirsə, Amerika çalxalana bilər: “İnanmıram ki, Tramp bunu edə bilsin. Amerikada hər şeyi prezident həll etmir. Müxtəlif dövlət institutları demokratiyanı qorumağa çalışırlar. Əgər dediyiniz neqativlər olsa, həm də ciddi narazılıqla qarşılanacaq, hətta Trampı istefaya məcbur edərlər. Hətta vaxtilə ABŞ-da impiçment olub. Ona görə bu saxtakarlıqları edə bilməz. O, sadəcə, Baydenin mövqeyini zəiflətməyə çalışır. Son günlər reytinqdə Tramp Baydenə özünü yaxınlaşdıırb, amma yenə geri qalır”.

Siyasi şərhçi Ramiyə Məmmədovanın qəzetimizə dediyinə görə, Trampın reytinqi getdikcə əleyhinə işləyir: “Bu həftə ABŞ-da işsizlik təzminatı üçün daha 870 min insan müraciət edib. Pandemiya ölkəni iqtisadi cəhətdən ağır günə salıb. Bu da Trampın prezidentliyi dövrünə təsadüf edir. ABŞ-da milyonlarla insan işsiz qalıb və sentyabr ayının ortalarında işsizlik nisbəti 8.6 faiz təşkil edib. İqtisadçılar bu rəqəmin aylarla yüksək qala biləcəyini deyir. ABŞ-da koronavirus pandemiyası səbəbindən itirilən 22 milyon iş yerindən yalnız yarısı bərpa edilib. Ona görə Trampın seçkilərdə qələbə şansları risk altına düşməkdədir”.

Ramiyə Məmmədova

R.Məmmədova hesab edir ki, ABŞ-ın müxtəlif şəhərlərində Brayan Teylorun ölümünə görə qəzəblənmiş etirazçılar küçələrə axışıblar: “Bu işdə günahlandırılan polis zabitlərinə ittiham irəli sürülməməsi insanları hiddətləndirib. Fəallar, məşhurlar və adi amerikalılar ağ dərili polis zabitlərinin təcili tibbi yardım işçisi Teylorun evinə daxil olaraq, onu bir neçə dəfə güllə ilə vurmasından bəri həmin polis zabitlərinin ittiham edilməsini tələb edir. Bundan öncə də qaradərili Floydun polis tərəfindən boğulması ölkəni qarışdırmışdı. Bütün bunlar seçkiqabağı Tramp üçün yaxşı nəsə vəd etmir”.

Ekspertin fikrincə, Baydenin afroamerikalılara xitabən verdiyi vədlər onun seçkidə qələbə çalmaq imkanlarını artırır: “Ona görə də Tramp saxtakarlıq ehtimalını indidən ortalığa atıb. Bu, Amerika seçkisi üçün ləkədir. Dünyaya azad və şəffaf seçki dərsi keçən ölkədə prezidentin bəri başdan saxtakarlıqdan danışması rüsvayçılıqdır. Amma seçkinin nəticələrinin necə olacağını deyə bilmərik. Trampın yəhudi komitəsindən aldığı siyasi dəstəyi unutmamaq lazımdır”.

Ekspertin sözlərinə görə, ABŞ-da siyasi institutlar kifayət qədər güclüdür və onlar saxtakarlıq söhbətlərinin meydana gəlməsinə, Amerikanın demokratik imicinə zərbə vurulmasına imkan verməzlər.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

DTX-nin həbs etdiyi sabiq vəzifəli şəxslərdən XƏBƏR VAR

SONRAKI XƏBƏR

“Lion”dan “Arsenal”a keçməyə razılıq verdi