"Böyük Qələbəni xalqımıza bəxş edəcəyimiz gün uzaqda deyil"

"Böyük Qələbəni xalqımıza bəxş edəcəyimiz gün uzaqda deyil"

"N" hərbi hissəsinin artilleriya bölməsindəyik. "Şəxsi heyət gündəlik döyüş növbəsi də aparır, dərs proseslərində öz hərbi biliklərini də, ixtisas bacarıqlarını da artırırlar," - deyə zabit Elman Cəfərov söhbətə başladı. Gənc zabit xidmətdə olduğu qısa müddət ərzində komandir heyətinin rəğbətini qazanıb. "Komandir olaraq şəxsi heyətlə iş böyük məsuliyyət tələb edir. Övladını Vətənə layiq yetişdirmək bir valideynin borcudursa, onu əsgər kimi formalaşdırmaq komandirin borcudur. Əsgərin döyüş qabiliyyətini artırmaq yuxarı komandanlığın qarşımıza qoyduğu əsas tapşırıqlardandır. Bu prosesə hərbi hissənin idarə heyəti birbaşa nəzarət edir. İşin təşkilinə müntəzəm yanaşmaq çox vacibdir. Əsgəri döyüşə həm fiziki, həm də mənəvi cəhətdən hazırlamaq gərəkdir. İxtisas dərslərindən əlavə, şəxsi heyətə ictimai-siyasi hazırlıq dərsləri də keçirilir ki, bu dərslərdə əsgərlərə qəhrəmanların həyat yolu, Vətən sevgisi haqqında geniş informasiyalar verilir. Bölməmizin zabitləri əsgərlərin qayğıları ilə yaxından maraqlanır və problemlərinin həllində əllərindən gələni əsirgəmirlər. Şəxsi heyətin döyüş hazırlığı mənəvi-psixoloji hazırlığı tamamlayır. Sosial şərait əhval-ruhiyyənin yüksək olmasını təmin edir. Bölməmizdə əsgərlərimizin gündəlik fəaliyyətinin düzgün təşkili üçün gözəl şərait yaradılıb". Əsgər Pərviz Əsədov bildirdi ki, keçirilən dərslər, təşkil olunan təlimlər sayəsində artilleriya qurğusundan istifadə etməkdə heç bir çətinlik çəkmir. "Hərbi xidmətə çağırılanadək bu qurğunu yalnız döyüş filmlərində görmüşdüm. Bu silah hava məkanımızın təhlükəsizliyi ilə bağlı mühüm tapşırıqların icrası üçündür. Keçirilən sinif dərslərində, çöl məşğələlərində bu qurğudan istifadə qaydasını təcrübəli komandirlərimdən qısa müddətdə öyrəndim. Təhkim olunmuş silah və texnikanı təhkim edilmiş hər kəs kimi, mən də istismarını məsuliyyətlə öyrəndim. Komandirimiz hər dəfə deyirdi: "Sizə təhkim olunmuş silahı sevin. Çünki döyüşlərdə o silah sənin ən yaxın dostun olacaq." Yəni, hər bir əsgər ona təhkim olunmuş silahdan istifadə qaydasını və onun taktiki-texniki xüsusiyyətlərini mükəmməl bilməlidir. Silahla bağlı həm nəzəri biliklərə malik olmalıdır, həm də praktiki bacarıqlara yiyələnməlidir. Hər birimiz döyüşə hər an hazırıq".


Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Vüsal Nağıyev döyüş növbətçiliyinin təşkili ilə bağlı dedi: "Bölməmizin cavabdeh olduğu ərazidə döyüş növbətçiliyi düzgün təşkil edilir. Hər birimiz döyüş növbətçiliyini məsuliyyətlə aparırıq. Təlimat zamanı düşmənin hava təxribatının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər komandirlərimiz tərəfindən diqqətimizə çatdırılır. Qarşı tərəfin hər hansı uçan obyektinin aşkarlanması və ya hava məkanımızı pozmaq cəhdi aşkar edilərsə, bölməmiz tərəfindən dərhal izlənilir və zərərsizləşdirilir. Veriləcək tapşırığa əsasən düşmənin hava və yerüstü hədəflərini məhv etməyə daim hazırıq. Əsgər yoldaşlarım kimi, mən də ön xətdə xidmət etməkdən qürur duyuram. Hərbi hissə rəhbərliyi bölməmizə gəlir, xidmətin təşkili ilə maraqlanır. Onların diqqəti, etibarı bizlərə böyük ovqat verir, hər birimizi xidmətə daha da ruhlandırır. Biz də nümunəvi xidmət edirik. Onu da demək istərdim ki, Böyük Qələbəni xalqımıza bəxş edəcəyimiz gün uzaqda deyil".

Əsgərlər Fərid Həşimovla, Orxan Pənahovla, Ramil Məhərrəmovla söhbət etdikdən sonra bir fikir beynimdə şaxələndi. Torpağı qoruyuruq ki, Vətəndi, Vətəni qoruyuruq ki, layiqli vətəndaşıq. Həqiqətən də, ön xətdə xidmət edən əsgərlərimiz müqəddəs amala xidmət edirlər. Onlar bu şərəfli yolun yolçusu olmaqdan qürur duyurlar. Bu qürur torpaqlarımız işğaldan azad olunandan sonra dalğalanacaq üçrəngli bayrağımızın qürurudur...

Fuad Cəfərov, "Azərbaycan Ordusu"
Ordu.az

 

Mənbə: ordu.az