“Qış mövsümünə hazırlıq işləri yüksək səviyyədə davam etdirilir”

“Qış mövsümünə hazırlıq işləri yüksək səviyyədə davam etdirilir”

Müasir Azərbaycanda nizami ordu quruculuğu istiqamətində ardıcıl və sistemli islahatlar ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu dövrdən başlayaraq Ümummilli Liderin rəhbərliyi altında orduda komplektləşdirilmə, nizam-intizamın və döyüş ruhunun yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində inamlı addımlar atıldı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin mütəmadi olaraq ordu sıralarında xidmət edən gənclərlə görüşməsi, onların problemləri ilə yaxından maraqlanması, hərbi təhsil sisteminin yenidən qurulmasına böyük diqqət yetirməsi ordumuzun formalaşmasında mühüm rol oynadı.


Dahi rəhbərimizin ordu quruculuğu istiqamətində yürütdüyü siyasət Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı son illər ərzində ordumuzun güclənməsi istiqamətində bütün lazımi tədbirlərin həyata keçirilməsini təmin edib. Bu gün Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və sosial-məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silah və texnikalarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı və cari ilin Tovuz hadisələri zamanı ordumuz gücünü və işğalda olan torpaqlarımızı qısa müddət ərzində azad etməyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi.

Peşəkarlığı, döyüş ruhu, mənəvi-psixoloji hazırlığı ilə düşmənin istənilən hücumunun qarşısını almağa və istənilən an torpaqlarımızı azad etmək gücünə malik olan şəxsi heyətin məişət şəraiti öndə duran məsələlərdəndir. Azərbaycan əsgəri düşmənlə üzbəüz mövqelərdə döyüş növbəsi çəkir, torpaqlarımızın keşiyində inamla dayanır. Mərd və cəsur oğullarımız istənilən hava şəraitində öz əsgəri vəzifələrini məsuliyyətlə yerinə yetirir, verilən əmr və tapşırıqlara sözsüz tabe olur, keçirilən məşğələlər sayəsində hərbin sirlərinə dərindən yiyələnirlər.

Bu yaxınlarda ordumuzda qış mövsümünə keçidlə bağlı bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilib. Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində bunun canlı şahidi olduq. Hərbi hissənin zabiti Fariz Hüseynov bildirdi ki, qış mövsümünə hazırlıq işləri yüksək səviyyədə davam etdirilir. "Yüksək dağ massivlərində döyüş növbətçiliyi yerinə yetirən hərbi qulluqçuların ərzaq təminatı, isti geyim və istilik üçün yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun şəkildə döyüş mövqelərinə çatdırılıb. Bütün işlər Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun aparılır. Həmin plana əsasən, silah və texnikalar müəyyən vaxt ərzində mövsümə hazırlanmalıdır. Qarşıya qoyulan tapşırıq isə hərbi hissədə planlı şəkildə həyata keçirilir".

- Silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bölmələrimiz mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib, - deyə zabit sözünə davam etdi.

- Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin yanacaq-sürtgü materialları dəyişdirilərək ən çətin və soyuq iqlim şəraitində istismar olunması üçün döyüşə hazır vəziyyətə gətirilib. Əvvəlki günlərdə artıq texnikalarımızın soyutma sistemləri təmizlənib, radiatorlar yoxlanılaraq saz vəziyyətə gətirilib və yanacaq sistemlərinin çöküntüsü süzülüb. Bundan əlavə, əyləc və ilişmə muftası sistemində maye dəyişdirilib. Nəzərdə tutulan vaxt ərzində silah və texnikalarımız yeni şəraitdə işləməyə hazır olacaq.

F.Hüseynov ön xətdə döyüş növbətçiliyi aparan bölmələrimizin qış mövsümünə tam hazır olduğunu bildirdi. Əlavə etdi ki, hündürlükdə yerləşən mövqelərdə xidmət edən şəxsi heyətin təchizat və təminatı qış ayları ərzində heç bir problem və çətinlik çəkmədən xidmət aparmağa imkan verir. Qış istismar rejiminə keçidlə əlaqədar soyuq iqlim şəraitində, dağlıq-düzənlik ərazidə fasiləsiz xidmət aparmaq üçün hərbi hissələrin döyüş qabiliyyəti artırılır, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Beləliklə, qış mövsümündə şəxsi heyətin düzgün və ayıq-sayıq xidmət aparmaları üçün bütün profilaktik tədbirlər görülür. Bu da əsgərlərimizin döyüş ruhunu və hazırlıqlarını artıran amillərdən biridir.

Orxan Hüseynli, "Azərbaycan Ordusu"
Ordu.az

 

Mənbə: ordu.az